Hacı Şahinin yerinə nə vaxt təyinat olacaq?

Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra olacaq. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir. "Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək" - deyə komitə sədri qeyd edib. Qeyd edək ki, Hacı Şahin martın 2-si səhər saatlarında ürək tutmasından vəfat edib.

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb. 2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9,9 milyard dollar olacağı planlaşdırılır.

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Moskvada Rusiya Müdafiə Nazirliyinin binalarından birində yanğın baş verib. Məlumata görə, hadisə Znamenka küçəsindəki binada yaşanıb. Yanğın yuxarı mərtəbədəki ofisdən olub. İlkin məlumata görə, yanğının sahəsi 30 kvadratmetr olub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xankəndinə gedən azərbaycanlı: "Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb"

"İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb". Bunu "Report"a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib. Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib: "İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb". E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb: "Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndinə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdü. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdi".

Bakıda yeni metrostansiyanın açılış tarixi bilindi

"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır". Sozcu.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Qurum rəsmisi deyib ki, şərti adı "B-4" olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb: "Əgər inşaat işləri öz planı lə getsə və qeyri-adi heç nə baş verməzsə, təhvil verilmə prosesində problem olmayacaq".

"Biz işğal edilmiş ərazilərimizin azad edilməsinə hazırlaşırıq..."

"Rusiyanın təcavüzü göstərir ki, yalnız kollektiv preventiv zəmanətlər etibarlı ola bilər" "Rusiyanın təcavüzü dünyada xaos yaradır..." Zelenski deyib ki, NATO üzvü olmaq "təhlükəsizliyin etibarlı zəmanətidir". Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski aprelin 4-də növbəti videomüraciətində bəyan edib. O, Finlandiyanın NATO-ya qoşulmasını tarixi hadisə adlandırıb. "Bu gün regionumuz üçün, bütün Avropa üçün, Avroatlantika Birliyi üçün tarixi hadisə baş verib. Finlandiya NATO-nun 31-ci üzvü olub. Alyansın şərq cinahı möhkəmlənir",  - o, deyib  Ukrayna prezidenti Finlandiyanı "etibarlı kollektiv təhlükəsizlik zəmanəti ilə əlaqədar" təbrik edib. "Rusiyanın təcavüzü birmənalı olaraq sübut edir: yalnız kollektiv zəmanətlər, yalnız preventiv zəmanətlər etibarlı ola bilər. Biz həmişə məhz bu barədə demişik. Həm də sürət barədə demişik, təhlükəsizlik sahəsində qərarların qəbul edilməsi sürətinin əhəmiyyəti var. Biz indi prosedurların sürətinin nə olduğunu görürük", - Zelenski bəyan edib. O, hesab edir ki, iyul ayında Vilnüsdə (Litva) baş tutacaq sammit "kifayət qədər iddialı olmağa layiqdir". "Azadlığı qoruyan nə qədər iddialı olarsa, pislik istəyənlərin təcavüzü üçün daha az imkanları olacaq. Gün gələcək, bizim ölkəmizin də təhlükəsizliyinə zəmanət veriləcək", - Zelenski vurğulayıb. "Müharibəyə tez son qoymaq üçün biz dünyanı daha çox səfərbər etməliyik" Rusiyanın təcavüzü dünyada xaos yaradır. Zelenski deyib ki, Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsində qələbəsi  dünyanın bu məqsədlə nə dərəcədə səfərbər olunmasından asılıdır. "Düşməni torpaqlarımızdan tezliklə vurub çıxarmaq və bununla da bu müharibəyə son qoymaq üçün biz dünyanı, tərəfdaşlarımızı, Rusiyanın təcavüzünün yaratdığı xaosla razı olmayan bütün xalqları daha çox səfərbər etməliyik", - dövlət başçısı deyib. O, qeyd edib ki, aprelin 4-də bir sıra xarici siyasətçilərlə-Kanadanın baş naziri Castin Trüdo, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenlə ünsiyyətdə olub, habelə Birləşmiş Ştatların qubernatorları və Çili parlamenti qarşısında çıxış edib. "Mən indicə Ukraynanın səsini eşidən, bizim nəyə can atdığımızı anlayan daha bir ölkənin parlamentinə müraciət etmişəm. Xalqlarımız arasında məsafənin nə qədər olması önəmli deyil. Biz həyatı və beynəlxalq nizamı eyni dərəcədə qoruyuruq. Biz raşizmi Latın Amerikasının dəstəyinə hətta ümid etməsindən məhrum etməliyik", - Zelenski izah edib. "Biz işğal edilmiş ərazilərimizin azad edilməsinə hazırlaşırıq" Zelenski Ukraynaya yeni yardım paketinə görə ABŞ-a munnətdarlıq edib. "ABŞ-a Ukraynaya göstərilən 2, 6 milyard dollarlıq yeni miqyaslı müdafiə yardımı paketinə görə minnətdarıq. HIMARS üçün döyüş sursatları, HHM sistemləri üçün raketlər, artilleriya mərmiləri, digər vacib avadanlıq gözləyirik. İşğal edilmiş ərazilərimizin azad edilməsinə hazırlaşırıq. ABŞ prezidenti və bütün Amerika xalqının sarsılmaz dəstəyini yüksək qiymətləndiririk", - Zelenski deyib. "Qərarlar artıq icra edilir" Zelenski deyib ki, o, daima komandanlar ilə əlaqədədir. Aprelin 4-də cəbhədəki vəziyyətlə bağlı xüsusi müşavirə keçirilib. "Şər dövlətinə qarşı döyüş  meydanında dayanan komandanlar ilə daima əlaqədəyəm. Bu gün hərbi müşavirə xüsusi formatda keçib. General Sırski Baxmut barəsində, USQ Baş Komandanı, Baş Kəşfiyyat İdarəsinin rəhbəri ümumi hərbi vəziyyət haqqında, Müdafiə Nazirliyi döyüş sursatları və döyüşçülərimizin tələbatları üzrə tədarüklə bağlı məlumat veriblər", - o, izah edib. Prezident vurğulayıb ki, "qərarlar artıq icra edilməkdədir". "Mən Ukrayna naminə, Avdeyevka və Baxmut, Marinka və Krasnoqorovka uğrunda, hər bir qaynar istiqamətdə döyüşdə olan hamıya minnətdaram...Mən sizlərə minnətdaram, döyüşçülərimiz", - Zelenski deyib.

Rusiya ilə cəbhə xəttinin uzunluğu 1200 km-dan artıqdır

Hazırda Ukraynada aktiv hərbi əməliyyatlar xətti 1200 kilometrdən artıqdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Bu, Vaşinqtondan Çikaqoya kimi bir məsafədir. Milyonlarla insan bizim ya Rusiya bayrağını götürdüyümüz, ya da bayraqdan azad etməyə hazırlaşdığımız şəhər və kəndlərdə yaşayır. Bu rəqəmi düşünün: ölkəmizdə 1900-ə yaxın şəhər və kənd bərpa edilməlidir. Məktəblər və kilsələr, yaşayış binaları və müəssisələr, nəqliyyat və elektrik stansiyaları... Dağıdıcı tornadodan sonra yaşayış şəraitini bərpa etməyin nə demək olduğunu hamınız yaxşı bilirsiniz", - Zelenski qeyd edib.

İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. Sozcu.az-ın məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.  İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.  İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.  Şəhər sakinləri bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb: "İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik". Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib./Demokrat.az

"Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir"

“Demək olar ki, hər gün İrandan ölkəmizə keçirilməyə çalışan narkotiklər tutulur, bu haqda məlumat verilir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, son günlər İranla gərginləşən vəziyyətdən, habelə bu ölkədən Azərbaycana keçirilən narkotiklərlə qarşı mübarizədən söz açıb: Xatırladaq ki, Xalq artistini müsahib seçməyimiz təsadüfi deyil. 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Tərsinə çevrilən dünya" Azərbaycan-İran birgə filmində o, DİN-in yüksək rütbəli zabiti rolunda çəkilib. Həmin filmdə generalı canlandıran R. Balayevin rəhbərlik etdiyi idarə İrandan Azərbaycan ərazisinə narkotik qaçaqmalçılığı, yerli və xarici mafiozlarla mübarizə aparır.  Xalq artisti narkotraffik və narkomaniya əleyhinə mübarizə mövzuda danışarkən qeyd edib: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, bu da gənclərimizi pozmaq, onları narkotikə qurşandırmaq üçün bir siyasətdir. Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir. Xəbərlərdə görürəm ki, hər gün 40-50 kilo narkotik keçirmək istəyirlər. Gənclik bizim gələcəyimizdir axı. Onlar bu üsulla gəncliyimizi məhv etmək istəyirlər". R. Balayev əlavə edib: "Bu gün İranla vəziyyətimiz gərgindir. Ona görə də bu gün narkotiklərə qarşı birgə mübarizədən danışmaq olmaz. Amma müəyyən bir zamandan sonra bunu bərabər həyata keçirmək olar. Bu gün onlar bizə qarşı təbliğat aparır deyə, hazırda birgə işdən danışmaq çox tezdir. Gələcəkdə isə bunu düşünmək olar”. 

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

Ali Məhkəməyə yeni hakim təyin edilib. Sozcu.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Məhkəmə MTN generalı və digərlərinin şikayəti ilə bağlı qərar verib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə ittiham olunan eyni nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlərə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda protest və şikayətlər əsassız hesab olunaraq rədd olunub. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlan Şixəliyev və Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub. Orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklarına müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir. Bundan başqa, Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi ilə bağlı Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

“Dinc insanları öldürən və şikəst edən minaları basdıranlar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır”. Bunu Beynəlxalq Diplomatiya və Dialoq Şurasının direktoru, fransalı politoloq Erik Qozlan deyib. Onun sözlərinə görə, minalar mövcud olan ən “çirkli” silahdır. “Təəssüf ki, getdikcə daha tez-tez münaqişələrdə qurbanları dinc sakinlər olan mina basdırılması kimi hallara şahidlik edirik. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır”, - o bildirib. E.Qozlanın fikrincə, ölkələr münaqişənin mahiyyətini unutmalıdırlar, çünki bir müddət sonra münaqişələrin və müharibələrin əsas qurbanları günahsız insanlar, müharibələrin baş verməsinə görə məsuliyyət daşımayan uşaqlardır. “Düşünürəm ki, mina xəritələrinin mübadiləsi üzrə danışıqlar atəşkəsdən və münaqişə başa çatdıqdan sonra ölkələrin etməli olduğu ilk işdir”, - politoloq fikrini yekunlaşdırıb. Xatırladaq ki, 4 aprel Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bu yana 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həlak olub.