Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Daha bir Vətən müharibəsi iştirakçısının intihara cəhd etdiyi deyilir. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Vətən müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək canına qəsd edib. Məlumata görə, qazinin dizinə dəmir protez qoyulub: "Onun dizində çürümə gedirmiş. Qazinin 1 ildən çoxdur əlillik dərəcəsini ala bilmədiyi deyilir". Qazinin son vəziyyəti və əlillik ala bilməməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

Rusiyanın itkiləri 243 minə yaxınlaşır

Ukrayna müharibənin 516-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 242 620 hərbçi, 4162 ədəd tank, 8118 ədəd zirehli döyüş maşını, 4675 ədəd artilleriya sistemi, 697 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 452 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7182 ədəd avtomobil texnikası, 3963 ədəd PUA, 1307 qanadlı raket, 18 gəmi/qayıq, 698 xüsusi avadanlıq itirib.

Putin bitib, Rusiya inqilaba hamilədir

Rusiyada Priqojin üsyanından sonra hakimiyyət çevrilişi hansısa silahlı qruplaşmanın əli ilə yox, xaosdan baş verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Podolyakın sözlərinə görə, Priqojinin üsyanının fiaskoyla sonlanmasının səbəbi onun hakimiyyəti ələ keçirmək istəməməsiydi. Eyni zamanda o qeyd edib ki, Priqojin qan üzərində biznes quran iş adamıdır, özü də Rostovdan Moskvaya bu qədər sürətli keçidi gözləmirdi: “Amma o, Moskvanı götürmək və hakimiyyəti ələ keçirmək istəmirdi, çünki onun miqyası kiçikdir, siyasətçi deyil. Hazırda hakimiyyəti ələ keçirmək və Putini əvəzləmək istəyən heç bir siyasi qrup formalaşmayıb”. Onun fikrincə, çevriliş onunla nəticələnəcək ki, Rusiya xaotik vəziyyətə düşəcək - çoxlu kiçik qruplar olacaq, onlar gedib özlərinə nəsə götürəcəklər - bu, Rusiya Federasiyasında inqilabi prosesə çevriləcək. O vurğulayıb ki, bu gün Putin Rusiya Qvardiyasına təkcə ağır silahlar vermir, həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını ora köçürür: “O, daxili istifadə üçün ikinci ordu yaratmağa çalışır ki, bu da onu qorumalıdı. Yanılır. Bu ordu Putinə də hücum edəcək. Çünki Rusiya güclü çarı sevir, onlar II Nikolayı yox, məhz güclü I Aleksandrı sevir. Priqojinin uğursuz üsyanından sonra Putin sübut etdi ki, o çar deyil, zarafatcıldır və qərar qəbul etməyi bacarmayan qorxaqdır. Rusiya artıq onu sevmir. Bitdi, Putin artıq müqəddəs deyil. Rusiya inqilaba hamilədir. Rusiyada 1991-ci ildə baş verənlər təkrarlanacaq və Sovet İttifaqının dağılmasının ikinci mərhələsi tamamlanacaq. Bundan sonra öz aralarında mübarizə aparan kiçik passionar qruplar meydana gələcək. Onlar keçid hökuməti qurmaq imkanı əldə edəcəklər. Rusiya müharibədən sonra yox olmayacaq, ancaq müəyyən xammala, resurslara, pula malik olan, lakin qlobal siyasətə təsiri olmayan ölkə olacaq”.

Krım körpüsü vurulmalıdır - Zelenski

Krım körpüsünü zərərsizləşdirmək lazımdır, işğalçılar buradan müharibə üçün istifadə edirlər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Zelenski qeyd edib.

“Haqlarından danışan Qarabağ haykları öncə Ermənistan pasportundan imtina etməlidir...”

“Haqlarının qorunmasından danışan Qarabağdakı ermənilər öncə Ermənistan pasportundan imtina etməlidirlər...” “Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur...” “Xankəndində ermənilərin mitinq, aksiya şouları 1988-in “Miatsum” hərəkatını xatırladır. O zaman ermənilər "Partiya, Lenin, Qorbaçov" şüarı ilə çıxmışdılar. Moskvadan dəstək ala bilmişdilər. İndi nə Qorbaçov var, nə də onun xanımı Raisa... Odur ki, şuarlar fərqlidir”.  Bu fikri Moderator.az-a açıqlamasında Qarabağ ətrafında baş verən son olaylara münasibət bildirən ermənişünas alim, politoloq Qafar Çaxmaqlı söyləyib. “Əslində ermənilər şouları qapalı olmayan  Laçın “dəhliz”inin açılması provakasiyası ilə təşkil edirlər. Beynəlxalq birliyi aldatmağa yönəlik hərəkətlərlə diqqəti cəlb etməyə çalışırlar. Separatçı qurum da bunlara imkan verir və Azərbaycanın bu iqtisadi rayonda planlarını pozmaq üçün mövcud bütün imkanlardan istifadə edir. "Qarabağ erməniləri heç zaman Azərbaycana tabe olmayacaqlar  " tezisi Qarabağa göndərilmiş Rusiya  və Ermənistan emissarlarının da təlqin etdiyi fikirlərdir”,- deyə davamında həmsöhbətimiz bildirib.  “Xankəndindəki bəzi siyasi qüvvələrin aralarında fərqli düşüncələr olsa da, gizli mövqe savaşı  getsə də, 1988 təfəkkürü dəyişməyib.  Qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmaması və "artsaxın müdafiə komitəsi" adı ilə qurulan yarı-terror qurumu da Azərbaycana qarşı dirəniş üçündür.  Azərbaycanın burada yaşayan ermənilərlə bağlı beynəlxalq normalara uyğun təklifləri cinayətkar separatçı qurumun ortadan qaldırılmasına səbəb olacağından Xankəndində bir təşviş yaşanır. Bu küçələrdə şou şəklində ortaya çıxır.  Qarabağ ermənilərinin "haqlarının və təhlükəsizlinin" təmin edilməsi  mexanizmləri ilə bağlı Ermənistan -Azərbaycan danışıqlar prosesində səsləndirilən fikirlərin də əsası olmadığı üzə çıxır. Kimin haqqından söhbət gedə bilər. Qarabağda yaşayan ermənilər Ermənistan pasportuna sahibdirlər. Öncə onlar bundan imtina etməlidirlər. Başqa ölkənin vətəndaşı bizim torpaqlarda yaşaya bilməz. Azərbaycan gözlənilən addımı atsa, bölgədə antiterror əməliyyatları və yaxud qanunsuz erməni silahlı birləşmələrinin ləğvi tədbirlərini həyata keçirməyə başlasa  bir çox məsələrə aydınlıq gətiriləcək. Ermənilərin guya burada" etnik təmizləmə və soyqırımı " siyasəti aparılacağı da erməni uydurması və qabaqdangəlmişliyidir. Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur”- deyə alim vurğulayıb.

Ermənilər Kəlbəcər və Naxçıvanı yenə atəşə tutdu

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Abıyev vəzifədən çıxdı, var-dövlətinin siyahısı yayıldı

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Əhəd Abıyevin vəzifədən çıxması ilə dərhal onun var-dövlətinin siyahısı da sosial şəbəkələrdə yayılıb. Diqqət çəkən məqam isə onun var-dövlətləri siyahısında yaxın qohumlarına aid mülklərin də göstərilməsidir. Belə ki, Əhəd Abıyevə yaxın olduğu bildirilən digər şəxslərin də mülkləri “siyahıya” əlavə edilib. Daha bir maraqlı məqam Ə.Abıyevə aid olduğu bildirilən mülk, villa və digər daşınmaz əmlakların demək olar ki, hamısının 2007-ci ildən əvvələ aid olmasıdır (Yalnız Daşkəsəndə bir mənzil istisna olmaqla). Zəruri olaraq qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsən RİH-nin başçısı təyin edilib. Yayılan siyahıda Ə.Abıyevin özünə aid olduğu iddia edilən mülklər bunlardır: - Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil, - Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil, - Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil, - Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası, - Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası, - Gəncədə, Göygöldə mənzilləri, bağ evləri, - Badamdarda 3 ədəd villası, - Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi, - Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri. Bir daha xatırladaq ki, “obyekt və mülkləri” siyahısında göstərilən 37 əmlakın heç biri Əhəd Abıyevin adına deyil: qardaşları, əmisi oğlanları, bacısı oğlu, kürəkəni, “yaxın adamı” deyə ümumiləşdirilən şəxslərə aiddir.

10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

09:11 Bakıda 10-15 günlük körpə küçəyə atılıb. Sozcu.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib. Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib. Körpənin bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. *** Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub. Oxu.az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib. Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib. Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

Çeçenlər rus əsgərləri gülləbaran etdi

Çeçen döyüşçülər Ukrayna ordusunun tərkibində aktiv şəkildə müharibədə iştirak edir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Ukrayna Onlayn” Teleqram kanalı görüntü paylaşıb. Görüntüdə çeçen döyüşçülərin rus ordusunun şəxsi heyət daşıyan maşınını pusquya salması və gülləbaran etməsi əksini tapıb.

Rusiyanın şok itkiləri: 8026 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 508-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 680 hərbçi, 4107 ədəd tank, 8026 ədəd zirehli döyüş maşını, 4481 ədəd artilleriya sistemi, 681 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7044 ədəd avtomobil texnikası, 3820 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 666 xüsusi avadanlıq itirib.

Rusiyanın itkiləri 237 mini ötdü

Ukrayna müharibənin 507-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 180 hərbçi, 4102 ədəd tank, 8019 ədəd zirehli döyüş maşını, 4463 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7036 ədəd avtomobil texnikası, 3807 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 664 xüsusi avadanlıq itirib.

Polad Həşimovun bacısı: "Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm"

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anım günüdür. Sozcu.az xəbər verir ki, bu barədə şəhidin bacısı Kəmalə Haşımova sosial şəbəkə hesabında yazıb: "Xəyanətə və misilsiz cinayətə açılan 14 iyul sabahı. Tanrının Azərbaycana bəxş etdiyi dəyərin şəhidliklə əbədi doğulduğu tarix. Ölümüylə əfsanəyə dönən, Azərbaycanın 105 illik və əbədi cümhuriyyət tarixində öz torpaqları üçün səngərdə şəhid edilən ilk və tək Paşası. Əsl Generalın, əsl insanın, əsl qəhrəmanın necə olduğunu göstərən adam. Qisasın qiyamətə qalmasın!  Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm. Səninlə bərabər bütün şəhid qardaşlarımızın ruhuna ehtiram və salam olsun".  Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.  2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.  2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib. Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.