Kəramət Böyükçöldən Natiq Cəfərliyə sarkazmla cavab: “Soruşdu ki, çantanda nə var? Dedim, maladır”

Yazıçı Kəramət Böyükçöl REAL Partiyasının funksioneri Natiq Cəfərliyə sarkazmla cavab verib. Sozcu.az xəbər verir ki, K.Böyükçöl bildirib: “Hüseyn Cavid parkının böyründən yolu keçirdim. Kürəyimdə içi kitablarımla dolu qırmızı çanta vardı. PA serialı bahalı bir maşın məni görən kimi əvvəlcə sağ tərəfimdən sürtdü. Mən qorxub yolun kənarına çəkildim, ordan da parkın içinə keçdim. Maşın da qaz verib səkinin üstündən parka girdi. Mən qaçırdım, PA serialı maşın da arxamca düşmüşdü. Ağacın arxasına gizlənmək istəyəndə sürücü maşından aşağı düşüb üstümə qışqırdı. Dedim, mən sizə nə etmişəm? Nə deyirsiniz, onu da eləyirəm. Mənlə nə işiniz var? Dedi ki, sən Kəramət deyilsən? Dedim, yox. Soruşdu ki, bəs kimsən? Dedim, Natiq Cəfərli. Birdən maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşdü. Dedi, Natiq müəllim, üzr istəyirəm, sürücünü tənbeh edəcəm. Elə bilib Kəramət Böyükçölsən. Soruşdu ki, bəs çantanda nə var? Dedim, maladır. İşə gedirəm. Qalstuklu müəllim mənə uğur arzuladı, sonra da maşına oturub getdi”. Qeyd: N.Cəfərli Bakıda tıxacda başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O, PA seriyalı avtomobilin sürücüsü ilə yaranan mübahisəni belə nəql edib: ““6-cı paralelnidə” tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı. Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, “Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm”, dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə, hamımızı minər...” Onun statusu müzakirələrə səbəb olub.

İranda güclü partlayış: yaralananlar var

İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib. Partlayışın “Baba Qulam” Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verdiyi bildirilib. Əlavə məlumat verilmir.

Nazirliyin keçmiş şöbə müdirinin həbs müddəti uzadılıb

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin keçmiş müdiri İlkin Nəsibovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, İ.Nəsibovun həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin keçmiş Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

“Azərtac”ın işdən çıxarılan əməkdaşı intihara cəhd etdi

“Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib. Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər. Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb. O, hələ məhkəmədən öncə ədalətsiz qərar çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.