İnam Kərimova yüksək vəzifə verilir, onun yerinə isə...

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sozcu.az xəbər verir ki, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib. Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.

"Putin və ətrafı bu müharibəni nə hərbi, nə də diplomatik yolla uda bilməyəcək..."

"Biz hərbi məğlubiyyətə doğru irəliləyirik: rusiyalı terrorçu dövlət çevrilişinə hazırlaşır..." "Ultrafaşistlər qızıl unitazda əyləşən qoca Kabayevə meydan oxuyur..." Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatlarının bir ili ərzində hətta rusiyalllar da anlayır ki, bu müharibəni nə hərbi, nə diplomatik yolla Vladimir Putin və onun ətrafı uda bilməyəcək. Və getdikcə rusiyalı təbliğatçılar və hərbi ekspertlərin dilindən "təslim olmaq" ifadəsi səslənir, bununla da əhali arasında Rusiya qoşunlarının Ukraynadan potensial geri çəkilməsinə hazırlıq gedir. Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb. Lakin buna mütənasib olaraq radikal əhval-ruhiyyəli rusiyalılar, o cümlədən Rusiyanın müdafiə seqmentinə və hərbi sənayesinə aidiyyəti olanlar arasında narazılıq artır. Buna misal olaraq uzaq 2014-cü ildə ilk dəfə Ukraynanı zəbt etməyə gələn və bu işdə uğur qazanan adam artıq təslim olacağı halda Rusiyada dövlət çevrilişi planları hazırlamağa başlayıb. Söhbət 2014-cü ildə Rusiyanın "balaca yaşıl adamlarını" Donbasa gətirən və regionda çevriliş edərək öz hakimiyyətini bərqərar etməyə sövq edən terrorçu Girkin-Strelkovdan gedir. İndi isə Girkin və onun dəstəsi Rusiyanın Ukrayna ilə müharibədə təslim olacağının yolverilməzliyi barədə danışmağa başlayıb.  Videomüraciətdə digər "xadimləri"-Donetsk vilayətinin "xalq qubernatoru" Pavel Qubarev və rusiyalı jurnalist Maksim Kalaşnikov da görünüb. Qruplaşma Rusiyanın Ukraynaya qarşı müharibədə gələcək məğlubiyyəti barədə bəyan edib. Onlar həmçinin Kremlin təslim olacağı və demokratik qüvvələrin dirçələcəyi təqdirdə ölkədə hakimiyyəti zəbt edəcəkləri ilə təhdid edib. "Biz ona qəzəbliyik ki, bir-birinin ardınca məğlubiyyətə uğrayırıq və heç nə dəyişmir. Biz "Qəzəblənmiş Vətənpərvərlər Klubu"nu yaradırıq. Biz hərbi məğlubiyyətə doğru irəliləyirik. Əgər hadisələr pis ssenari ilə gedərsə, biz sonuncu müdafiə sərhəddi olacağıq. Əgər hər hansı Qərbyönümlü çevrilış baş verərsə, biz ordu və güc strukturlarında "sağlam" qüvvələrə söykənərək, onu devirəcəyik", - Strelkov və dostları müraciətində bəyan edib. Vəziyyəti rusiyalı politoloq Andrey Piontkovski şərh edib. O, bu hadisədə Putin rejiminin gələcək iflasının əlamətlərini görüb. "Ultrafaşistlər qızıl unitazda əyləşən qoca Kabayevə (Rusiya diktatoru Putinə) meydan oxuyur. Onların hələ də sağ qalması o deməkdir ki, onları güc strukturlarında dəstəkləyənlər var. Uşaqlar, işləyin! Bir-birinizi məhv edin", - Piontkovski yazıb.

Rusiyanın Ukraynadakı itkiləri 175 minə yaxınlaşır

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 174 550 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 618 tank, 6 986 zirehli maşın, 2 687 artilleriya sistemi, 527 reaktiv yaylım atəşi sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 249 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 537 avtomobil texnikası və avtosistern, 296 xüsusi texnikadan ibarətdir.

Ermənilər ümidlərini yunanlara dikiblər – haylar üçün XTQ HAZIRLANIR

Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan vaz keçən Ermənistan müdafiə sahəsində özünə yeni tərəfdaşlar axtarışına çıxıb. Hindistanın simasında müasir silahların sabit tədarükçüsü tapmağa nail olan Ermənistan, görünür, başqa bir potensial tərəfdaş tapıb - bu yaxınlarda Yunanıstanla 2023-cü il üçün hərbi əməkdaşlıq proqramı imzalayıb. Milli.az Yunanıstanın Ermənistandakı səfirliyinin mesajına istinadən xəbər verir ki, bu proqrama on beşi Yunanıstanda, altısı isə Ermənistanda olmaqla iyirmi bir tədbir daxildir. Proqrama aşağıdakı maddələr daxildir: - Xüsusi təyinatlıların xüsusi əməliyyatlar üçün birgə hazırlığı; - Elektron müharibənin üsul və üsulları üzrə birgə təlim; - Sülhməramlı əməliyyatlar üzrə çoxmillətli təlim mərkəzində iştirak; - Hava Hücumundan Müdafiə sistemləri üzrə təcrübə mübadiləsi; - Kadr mübadiləsi və seminarlar; - Hərbi kəşfiyyatın müxtəlif sahələrinə xüsusi diqqət yetirilməklə, qarşılıqlı maraq doğuran məsələlər üzrə qərargah iclasları və danışıqlar. Yunanıstan səfirliyinin press-relizində qeyd edildiyi kimi, bu proqramın imzalanması "ölkələr arasında hərbi əlaqələri daha da gücləndirəcək və Yunanıstanın Ermənistandakı rolunu gücləndirəcək". Yunanıstan Ermənistanın Rusiyadan sonra ikinci ən böyük hərbi tərəfdaşı hesab olunur. Amma Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra bu tərəfdaşlıq yeni səviyyəyə qalxdı. Rusiya silahlarının keyfiyyətindən məyus olan və gözləri önündə geosiyasi kursunu dəyişən Ermənistan hakimiyyəti NATO-nun üzvü olan Yunanıstanla hərbi əməkdaşlığı dərinləşdirməyə göz dikib. Maraqlıdır ki, yunan Kipri də bu formata daxildir - 2021-ci ilin avqustunda Ermənistan, Yunanıstan və Yunan Kiprləri arasında üçtərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb. Məlum olduğu kimi, Yunanıstanın ABŞ-la ikitərəfli hərbi əlaqələrini gücləndirməsi həmişə Türkiyəyə qarşı yönəlmiş siyasət kimi qiymətləndirilib. Və son zamanlar Ankara ilə Afina arasında münasibətlər o həddə çatıb ki, tərəflər artıq bir-birini açıq şəkildə müharibə ilə hədələyiblər. Ancaq Türkiyədə baş verən zəlzələdən sonra bu gərginlik azaldı. Ermənistana gəlincə, Afina ilə hərbi əlaqələr qurmaqla paralel olaraq, digər NATO üzvü olan Fransa ilə də hərbi əməkdaşlığı genişləndirməyə çalışır. Lakin Fransadakı erməni lobbisi Yelisey sarayına Ermənistanı silahlandırmaq üçün çağırışlar etsə də, bu çağırışların Beşinci Respublika rəhbərliyi tərəfindən eşidildiyini təsdiqləyən faktlar yoxdur.

“Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

“Nəqşicahan Holdinq”in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb Naxçıvanda aparılan kadr islahatlarından sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir”. Bunu “Gündəlik Naxçıvan“a holdinqdə çalışan işçilər bildiriblər. Şikayətçilər qeyd ediblər ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr, onsuz da, ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər. Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb: “Dörd aya yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də işin olmayacağını deyirlər. Bizə “bu gün-sabah açılacaq” deyib ümid verirlər deyə başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da, başqa yerdə də iş tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizdə bayram da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı biz də insanıq. Bizim də övladlarımız var”. Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb: “Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı borc içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyirlər. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm, nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. Dörd aydır, bizi aldadırlar. Deyirlər, pul ayrılmır. Pul ayrılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?”

Lukaşenko artıq buna özü qərar vermir - Zelenski

Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı bəyanatlar özünü prezident elan edən Aleksandr Lukaşenkonun istənilən subyektivliyini tamamilə itirdiyini göstərir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Düşünürəm ki, o, artıq öz ərazisində hansı silahların olduğuna qərar vermir”, - Zelenski bildirib.

Prezident baş naziri tənqid etdi: "Moskvanın dili ilə danışır"

"Ölkənin baş naziri İrakli Qaribaşvili Moskva ilə eyni dildə danışır”. Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu prezident Salome Zurabişvili deyib. O, İrakli Qaribaşvilinin parlamentdə Avropa İttifaqının ölkəni Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək üçün Gürcüstana qarşı planı ilə bağlı rusiyapərəst bəyanatlarını tənqid edib. Zurabişvili bu cür bəyanatları konspirasiya nəzəriyyələri adlandıraraq, mövcud hökumətin modelləşdirdiyi ssenarilərin Rusiyanın vədlərinə uyğun olduğunu vurğulayıb. "Gürcüstan xalqı çox yaxşı bilir ki, Avropa İttifaqının yaradılması ideyası müharibəyə deyil, sülhə xidmət edir. Gürcüstandakı Avropa İttifaqı monitorinq missiyası ölkəmizin dinc inkişaf yolu ilə birbaşa sülhə xidmət edir", - Gürcüstan prezidenti bildirib.modern

Ombudsman: Azad olunan ərazilərdə bu gün də kütləvi məzarlıqlar aşkarlanır

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunan torpaqlarda biz bu gün də kütləvi məzarlıqların aşkarlanmasının şahidi oluruq”. Bunu Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksi və soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edən Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün soyqırımları barədə məlumatları bütün dünyaya çatdırmağın zəruri olduğunu vurğulayıb: “Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir. Əfsuslar olsun ki, Ulu Öndər hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməyib. Yalnız Ulu Öndərin sərəncamından sonra 1998-ci ildə soyqırım günü elan olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər zaman bu məsələlər dövlət başçımızın diqqətindədir. Biz də bütün regional və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini çatdırmalıyıq”. S.Əliyeva bildirib ki, işğaldan azad olunan torpaqlarda bu gün də kütləvi məzarlıqlar aşkar olunduğunun şahidi oluruq.

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən nəfər saxlanılıblar. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rusiyadan əsər-əlamət qalmayacaq - Zelenski

Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb. Ölkə ərazisində bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq. Sozcu.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində söyləyib. O qeyd edib ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək: “Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Və heç bir düşmən də cəzasız qalmayacaq”.

FHN Kəlbəcərdə baş verən yanğına niyə müdaxilə etmir?

Kəlbəcər rayonu ərazisində bir neçə saatdır güclü yanğın başlayıb. Turkustan.az-a verilən xəbər və göndərilən videolardan görünür ki, yanğın Kəlbəcər şəhərini əhatə edən dağlıq meşə sahələrini və açıq sahəlıri əhatə edir. Külək yanğın sahəsini daha da genişləndirir. Əraziyə gəlmiş FHN-nin yanğınsöndürən maşını hər hansı tədbir görmək sadəcə mümkün deyil. Yanğın bölgəsinə təcili olaraq FHN-nin havadan yanğınsöndürmə müdaxiləsi lazımdır. Əks halda, yanğın daha çox əraziləri, meşə sahələrini, xüsusilə, yaz fəsli ilə bağlı çiçəkləyən ağacları məhv edəcək. Sozcu.az

İranın ittihamı əsassızdır, gülüncdür - MN

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında deyilir. "İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib. Açıqlamada deyilir ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: "44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".