Ermənistandakı əsir əsgərimiz geri qaytarılır - Onu nə gözləyir?

Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. 

Ermənistanın bu qərarını hərbi ekspert Ədalət Verdiyev “Yeni Sabah”a şərh edib. Bildirib ki, bu məsələdə aşkar şəkildə saxtakarlıq olub:

“Ruslan Pənahov azaraq Ermənistan ərazisinə keçib. Qarşı tərəf ilk anlarda əsgərimizi diversant kimi təqdim etməyə çalışsa da, bu öz təsdiqini tapmadı. Mövzu barədə 29 fevralda verdiyim müsahibədə bu məsələni ağ saplarla qara parçanın tikilməsi kimi dəyərləndirdim. Ortada açıq-aşkar saxtakarlıq var idi. Artıq əsgərimizin Azərbaycana qaytarılması üçün şərait yaranıb. Ermənistan tərəfi ən qısa müddətdə Ruslan Pənahovu geri qaytarmalıdır”.

Ekspert prosesin həddən artıq uzadıldığını da vurğulayıb:

“Nəzərə alınmalıdır ki, biz daha əvvəl 2 nəfər hərbçimizin qarşılığında 32 nəfər hərbi əsiri Ermənistana eyni anda təhvil verdik. Belə olan halda, Ruslan Pənahovun bizə təhvil verilməsi prosesinin bu qədər ləngiməsi uzun müddət oldu. Hər bir halda əsgərimiz geri qaytarılıb, müəyyən prosedurlar həyata keçirildikdən sonra hərbi xidmətini davam etdirəcək”.

Share on Facebook