Paşinyan separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” əmr etdi...

“Son günlər artsax vətəndaşlarının fəallığı, Ermənistan deputatları ilə artsax deputatlarının gizli iclasları, mitinqlərdəki çıxışları Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edib”. 

Sozcu.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” yazıb.

Erməni nəşri mənbələrinə istinadla bildirir ki, Paşinyan Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” , şoular təşkil etməyi, onları dövlət maşınlarından və cangüdənlərindən məhrum etməyi əmr edib. 

Dünən yalnız separatçı qurumun sonuncu “prezidenti” Samvel Şahramanyanın cangüdəni səs-küylə həbs edilməyib, həm də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun özünə məhkəməyə gəlmək tələbi ilə çağırış vərəqəsi göndərib. Komitənin sözçüsü bildirib ki, separatçıların dəvət olunduqları cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verə bilmirlər. Şahramanyanın vəkili deyib ki, Komitədə onun Ermənistan baş prokuroru Anna Vardapetyana ünvanlanmış ərizəsini araşdırırlar. Bu, “artsax”a verilən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı informasiyaların araşdırılmasına və şübhələrin aradan qaldırılmasına aiddir. 

“Əslində məqsəd artsax xalqını cilovlamaq və qorxutmaqdır ki, mübarizəyə qalxmasınlar. Mənbələrimiz bildirir ki, oktyabr ayından etibarən istintaq orqanları artsaxdan müxtəlif məmurları və fəal şəxsləri dəvət edir və “izahat” işləri aparır, artsax sakinlərinin mümkün fəallığının qarşısını almağa çalışırlar”, -deyə Ermənistan qəzeti bildirir.

Xatırladaq ki, bir sıra analitik və siyasi şərhçilər Moskvadakı Putin rejiminin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Qarabağdan köçmüş erməni kütləsindən fəal istifadə etməyə çalışdığını bildirirlər...

Share on Facebook