Əvəz Zeynallı: "Elçin Sadıqov niyə azadlıqdadır?" - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Elan olunmuş ittiham üzrə Əvəz Zeynallı özünü təqsirli bilməyib. O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib. Əvəz Zeynallı vəkil Elçin Sadıqovun azadlıqda olmasından narazı olduğunu söyləyib: “Mənə ittiham verilib ki, Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma onun işi ayrıca icraata götürülüb və azadlıqdadır. Nəyə görə Elçin Sadıqov azadlıqdadır? Axı barəmdə ittiham onunla birlikdə verilib. Biz bir ittihamla saxlanılaraq həbs edilmişik”. Əvəz Zeyallı daha sonra məhkəmə prosesinin kiçik zalda keçirildiyindən narazı qaldığını vurğulayıb: “Xahiş edirəm ki, məhkəmə böyük zalda keçirilsin və prosesə daha çox insan buraxılsın”. Hakim qeyd edib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq. Hazırda proses davam edir. *** 10:19 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayır. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək proses saat 11:50-də start götürəcək. İclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi və məhkəmənin baxışa verilməsi gözlənilir. İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır. Qeyd: “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Klaar yenidən Azərbaycana gəlir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, T.Klaar Gənc Avropa Səfirləri və AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək. Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.

Qurban Qurbanov görüşü izləməyə gələn şəhid övladları ilə görüşərək onların əlindən öpüb

Bu gün Türkiyənin “Qalatasaray” klubu ilə “Qarabağ” arasında xeyriyyə matçından öncə maraqlı anlar yaşanıb. Sozcu.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov görüşü izləməyə gələn şəhid övladları ilə görüşərək onların əlindən öpüb. Q. Qurbanovun şəhid mayor Elsevər Paşayevin qızları Nəzrin və Banuya xüsusi diqqəti sosial şəbəkələrdə təqdir olunub. Həmin görüntünü təqdim edirik: Foto: Firi Salim

"Mən müharibəni müharibə adlandırıram və Putinin onu uduzacağını deyirəm..."

"Mən müharibəni müharibə adlandırıram və Putinin onu uduzacağını deyirəm..." Tanınmış politoloq, hazırda İsraildə yaşayan Abbas Qallyamov Rusiya hakimiyyətinin onu nədə ittiham etdiyini hələlik bilmədiyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Xəbər verildiyi kimi, Qallyamov "cinayət maddəsi ilə" (konktret göstərilmir) axtarışda olan qismində məlumatlar bazasına daxil edilib. 2002-2008-ci illərdə Qallyamov Rusiya prezidenti yanında Başqırdıstan nümayəndəsinin müavini vəzifəsində olub.  2008-2010-cu illərdə Rusiya prezidentinin çıxışlarının hazırlanması üzrə Departamentdə işləyib və Rusiyanın o zamankı baş naziri Vladimir Putinin nitqlərini tərtib edib. 2010-2014-cü illərdə Başqırdıstan prezidenti administrasiyasının rəhbəri Rüstəm Xamitovun müavini işləyib. Politoloqun özü jurnalistlərə məlumat verib ki, "cinayət maddəsi" ilə bağlı heç bir bildiriş və ya çağırış vərəqəsi almayıb. O, güman edib ki, cinayət işi Rusiyada dəbdə olan "Rusiysa Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması haqqında" maddəsi ilə açıla bilər. Avqust ayında Abbas Qallyamov ilə KİV-lərdə dərc edilən müsahibəsində o, güman edib ki, Putin elə bir davaya girişib ki, oradan qalib çıxmaq mümkün deyil.

Daha bir ölkə Ukraynaya helikopter verir

Şimali Makedoniya ordusu Ukraynaya 12 ədəd Mi-24 helikopterinin təhvil verilməsi barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, Şimali Makedoniya 2001-ci ildə bu helikopterləri Ukraynadan alıb. Onlardan 4-ü modernləşdirilib, digərləri isə ümumiyyətlə istifadə olunmayıb.

Ermənilərdən Türkiyə ilə oyunda şok pankart - Foto

Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş tutan oyun zamanı erməni azarkeşlər daha bir pankart açmaqla, öz mahiyyətlərini ortaya qoyublar. Sozcu.az xəbər verir ki, erməni azarkeşlər “NEMEZİS” yazılan iri pankartı oyun boyu nümayiş etdiriblər. Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Əməliyyat öz adını yunan intiqam ilahəsi Nemezidanın adından götürüb. Guya ermənilər bununla “soyqırıma” cavab veriblər. Halbuki 1918-ci ildə ermənilərin Bakı da daxil olmaqla, Azərbaycanın bir çox ərazilərində dəhşətli soyqırım və qətliamlar törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişdilər. Qeyd edək ki, oyun 2:1 Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.

Rusiyanın bu briqadası 8 dəfə məhv edilib

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın 155-ci Dəniz Piyada Briqadası 8 dəfə məhv edilib və yenidən qurulub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb. Bildirilir ki, bunun səbəbi müharibənin əvvəlindən əsasən Uqledar uğrunda aparılan döyüşlər zamanı verilən itkilərdir.

"Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq” - Litva

NATO-nun Vilnüs sammitində Litvanın məqsədi Ukraynanı Alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırmaq olacaq. Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis deyib. “Mən Ukraynanın üzv olmadığı Avropanın təhlükəsizlik arxitekturasını görmürəm. Bu o deməkdir ki, Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq”, - nazir bildirib. Qeyd edək ki, NATO-nin Vilnüsdəki sammiti 11-12 iyul tarixlərində keçiriləcək.

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Ukrayna hökumətinin Rusiyanın minlərlə uşağı qaçıraraq ölkəyə gətirməsi ilə bağlı iddialarından sonra Avropa İttifaqı (Aİ) hərəkətə keçib. Sozcu.az-ın xəbərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib ki, Avropa İttifaqı Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirəcək. "Uşaqları ölkədən çıxarmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq vaxtlarının dəhşətli xatirəsidir. Bu, müharibə cinayətidir" - Von der Leyen bildirib. O, uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateuş Moravyeçki ilə birlikdə çalışacaqlarını bildirib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qeyri-qanuni deportasiyasındakı roluna və hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib. Ukrayna hökumətinin açıqladığı məlumatlara əsasən, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qayıdıb.Musavat.com

Lukaşenkonun təyyarəsi "qara siyahı"ya salındı

ABŞ Belarusa və onun lideri Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar bir sıra şirkət rəhbərinə, dövlət rəsmilərinə təsir edib. ABŞ Belarus Mərkəzi Komitəsinə, Belarus Avtomobil Zavoduna və Minsk Avtomobil Zavoduna qarşı sanksiyalar tətbiq edib. Belarus hökumətinə aid olan və Aleksandr Lukaşenkonun prezident təyyarəsi kimi istifadə edilən "Boeing 737" təyyarəsi məhdudiyyətlərə məruz qalıb.

"Rusiya təcavüzə son qoymalı və dərhal qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır"

"Avropa Şurası Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsini qətiyyətlə pisləyir və Ukraynaya tam dəstək verdiyinu bəyan edir..." Avropa İttifaqı Ukraynaya dəstək Bəyannaməsini razılaşdırıb və Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə verilən orderi "nəzərə alıb" Avropa İttifaqı ölkələrinin liderləri martın 23-də Brüsseldə (Belçika) sammit keçirərək, o cümlədən Ukraynaya bundan sonra da dəstək verilməsi məsələsini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə "qordonua.com" internet nəşri məlumat yayıb. Görüşün yekunlarına dair Bəyannamə qəbul edilib. "Avropa Şurası yenidən Rusiyanın Ukraynaya qarşı BMT Nizamnaməsinin açıq-aşkar pozulması olan aqressiv müharibəsini qətiyyətlə pisləyir və Avropa İttifaqının beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə, onun Rusiya təcavüzündən özübümüdafiə hüququna sarsılmaz dəstəyini xatırladır", - bəyanatda deyilir. İclasda Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna üçün döyüş sursatlarının birgə satınalınmalarını təsdiq edib, bəyanatda deyilir. Avropa İttifaqı həmçinin BMT Baş Assambleyasının 23 fevral 2023-cü il tarixli qətnaməsini alqışlayır və prezident Vladimir Zelenskinin sülh düsturunu dəstəkləyir. Avropa ölkələrinin liderləri yenidən bəyan edib ki, Rusiya Federasiyası öz təcavüzünə son qoymalı və öz qoşunlarını Ukraynanın bütün ərazisindən dərhal və tamamilə çıxarmalı, Ukraynada mülki nüvə obyektlərinə təhlükə törədən hərəkətlərə son qoymalı, habelə deportasiya edilən ukraynalıların, o cümlədən uşaqların geri qaytarılmasını təmin etməlidir. "Bu kontekstdə Avropa Şurası bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti və uşaq hüquqları üzrə müvəkkilinin Ukrayna uşaqlarının Ukraynanın işğal edilən rayonlarından Rusiyaya qanunsuz deportasiyası hərbi cinayətinə görə həbsinə verilən orderləri nəzərə alır", - sənəddə deyilir. Avropa Şurası Haaqada Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə Beynəlxalq məhkəmə təqibi mərkəzinin, habelə Rusiya tərəfindən Ukraynaya vurulan ziyanın qeydə alınması mexanizminin yaradılmasını dəstəkləyir. "Avropa İttifaqı əvvəlkitək Rusiyaya kollektiv təzyiqin, o cümlədən bundan sonra da mümkün məhdudlaşdırıcı tədbirlər və tərəfdaşlarla birlikdə neftin qiymətinin məhdudlaşdırılması işinin davam etdirilməsi vasitəsilə saxlanılması və gücləndirilməsinə sadiqdir", - bəyanatda deyilir. Avropa Şurası həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasının vacibliyini vurğulayıb.

Fransada pensiya islahatlarına qarşı etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə 1 milyondan çox insan iştirak edib. Sozcu.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Parisdə 119 min etirazçı küçələrə çıxıb. Bu, Fransa paytaxtı üçün rekord etirazçı sayıdır. Ən böyük etiraz aksiyaları Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib. Qeyd edək ki, baş nazir Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub. Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.