Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmənin sədrliyinə namizədliyinin irəli sürülməsi, ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. İnam Kərimovun ixtisasca hüquqşünas olduğunu nəzərə alsaq, bu vəzifəsinin öhdəsindən uğurla gələcəyinə dair ehtimallar çox böyükdür. Bəs görəsən Kərimov Ali Məhkəmənin sədri kimi təsdiqlənsə, o zaman onu nazir kürsüsündə kim əvəzləyə bilər?. Ümumiyyətlə, hazırda ölkədə Kənd təsərrüfatı sahəsini mükəmməl bilən kadrların kimliyi maraq doğurur. Belə bir kadr varmı?
Mövzunu KONKRET.az-a şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu gün nə Milli Məclisdə, nə Nazirlər Kabinetində, nə də Kənd Təsərrüfatı Nazirliyinin özündə olduqca mürəkkəb sahə sayılan bu qurumu idarə edəcək bir nəfər də kadr yoxdur. Bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm: “Sahə olduqca mürəkkəbdir, lakin indiyədək bu sahədə kadr hazırlığı istiqamətində addımlar atılmayıb. Nazir bu sahənin mütəxəssisi (texnoloq, aqronom) olmalı idi. Nazirliyə şöbə müdiri və yaxud oradakı institutlara rəhbər təyin edəndə peşəkarlıq nəzərə alınmalıydı. Gələcəkdə kimin nazir olacağı da məhz həmin vaxtdan nəzərdə tutulmalı idi. Amma bu işlə məşğul olmayıblar. Təəssüflər olsun ki, Prezident Aparatında əvvəllər fəaliyyət göstərən Kənd Təsərrüfatı şöbəsi də ləğv olunub. Yəni hazırda problemləri bilən və bundan çıxış yolu tapmağı bacaran adam tanımıram. Elə bir kadr təəssüflər olsun ki, yoxdur”.
Ekspert əlavə edib ki, seleksiya işi, kadr hazırlığı, qlobal istiləşmənin təsiri və sair məsələlərlə bağlı dərin bilgilərin olması vacibdir: “Bu işlərdə bacarığı olan şəxs nazir kürsüsündə əyləşməlidir ki, həm sahənin inkişafı, həm də kadr hazırlığı ilə məşğul ola bilsin. Kadr hazırlığı bu gün çox aşağı səviyyədədir. Hazırda Aqrar Universitetdə yaxşı aqronomlar, baytar həkimlər və zootexniklər hazırlanmır. Halbuki bu üç ixtisas kənd təsərrüfatının gələcəyini müəyyən etməyə qadirdir. Onlar yüksək səviyyədə yetişdirilməlidir ki, sonradan tələb edə bilsinlər.
Amma bizdə universiteti bitirənlər kənd təsərrüfatı sektoruna cəlb olunmur. Bunun üçün digər ölkələrin təcrübələrindən yararlanmaq lazımdır. Məsələn, ev, güzəştli kredit, yüksək əməkhaqqı və digər stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, kadr məsələsi öz həllini tapsın. Amma Azərbaycanda son illə kənd təsərrüfatı sahəsi qeyri-peşəkarların əlinə keçdiyindən, bu istiqamətdə heç bir iş görülməyib. Ona görə də sözügedən sahə getdikcə geriləyir. Təəssüflər olsun ki, kənd təsərrüfatı naziri ola biləcək bir nəfərin də adını çəkmək mümkün deyil. Ona görə ki, bu potensialda olan bir kadr yoxdur”.