Rusiyada orduda xidmət şəraitini tənqid edən general və onun həyat yoldaşının cəsədləri tapılıb

"Yüksək rütbəli hərbçi və onun həyat yoldaşının ölümü şokedici hadisədir və bir çox suallar doğurur..."

Rusiya Federasiyası Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiəsinin 6-cı ordusunun sabiq komandanı 68 yaşlı general-leytenant Vladimir Sviridov Stavropol diyarının Adjiyevsk qəsəbəsindəki evində ölü tapılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşrinin "Telegram-kanal"ı yazıb. Məlumatı "kp.ru" nəşri yayıb.

Onun cəsədinin yanında qadın cəsədi (güman edilir ki, bu, onun 72 yaşlı həyat yoldaşına məxsusdur) aşkar edilib.

Məlumatlardan görünür ki, cütlük, ehtimal ki, təxminən bir həftə öncə həlak olub, lakin onların ölümünün dəqiq şəraiti indiyidək müəyyən edilməyib.

İlkin məlumata görə, evdə hesablamalar aparan qaz xidmətinin əməkdaşları zərərli maddələrin miqdarının normadan çox olduğunu müəyyən etməyib, bu da cütlüyün ölüm səbəblərini qeyri-müəyyən edir.

Rusiya KİV-lərinin yazdığına görə, yüksək vəzifəli hərbçi və onun həyat yoldaşının ölümü şokedici hadisədir və bir çox suallar doğurur.

Hazırda baş vermiş hadisənin bütün təfətrüatlarının araşdırılması həyata keçirilir. Qeyd edilir ki, cəsədlərdə zorakılıq əlamətləri yoxdur.

Vladimir Sviridov 1955-ci ildə Mineralnıye Vodı şəhərində anadan olub. 

1979-cu ildə Stavropol Ali Hərbi Aviasiya Məktəbini bititib. Uzaq Şərq Hərbi Dairəsində və Almaniyada Sovet qoşunları Qrupunda xidmət edib, orada aviasiya bölməsinə komandanlıq edib. 

Sonradan aviasiya eskadrilyasının komandir müavini və komandiri vəzifələrinə təyin edilib. 

1992-ci ildə Yuri Qaqarin adına Hərbi-Hava Qüvvələri Akademiyasını bitirib, bundan sonra Şimali Qafqazda xidmət edib.

2005-ci ildə Rusiya prezidentinin fərmanı ilə HHQ və HHM 6-cı ordusunun komandanı təyin edilib və 2010-cu ilədək bu vəzifədə xidmət edib.

General Vladimir Sviridov "Qızıl Ulduz" və "Hərbi xidmətlərinə görə" ordenləri, habelə 12 medalla təltif edilib.

Share on Facebook