Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib. Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır – Starmer

Böyük Britaniya istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib. “Bunu düşünməmiş demirəm. Britaniya hərbi personalı üçün potensial təhlükə ilə bağlı çox dərin məsuliyyət hiss edirəm. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib. Starmer qeyd edib ki, London Ukraynadakı hərbi münaqişənin həlli prosesində unikal rol oynaya və Avropa ilə ABŞ arasında körpü ola bilər: “Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyən edəcək. Sülh güc üzərindən gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır”.

Kurskda rusların texnika kolonu darmadağın edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiyanın 155-ci briqadasının zirehli texnika kolonunu darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Kursk vilayətinin Nikolski qəsəbəsində keçmiş SSRİ bayraqları ilə bəzədilmiş zirehli texnikalara dronlarla zərbələr endirilib. Rusiya hərbi müxbirləri həmin istiqamətə 10-dan çox tankın göndərildiyini bildiriblər.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1089-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 858 390 hərbçi, 10 073 ədəd tank, 21 011 ədəd zirehli döyüş maşını, 23 185 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 456 ədəd avtomobil texnikası, 25 377 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 749 xüsusi avadanlıq itirib.

Şoltsdan Trampa sərt mesaj: Fövqəladə hal elan etməyə hazırıq!

Sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bu prinsip hər zaman və hər yerdə, hamı və hər kəs üçün keçərli olmalıdır. Biz həmçinin Avropa və Amerika təhlükəsizliyinin dağılmasına gətirib çıxaran həll variantını qəbul etmirik. Bundan yalnız bir şəxs faydalanacaq - Prezident Putin. Biz avropalılar qarşıdakı danışıqlarda bu maraqları inamla və yekdilliklə təmsil edəcəyik. Məhz biz, avropalılar Ukraynanı hamıdan çox dəstəkləyirik və bu dəstək lazım olduğu qədər davam edəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib. O, Donald Trampı Avropanın iştirakı olmadan Rusiya ilə danışıqlara hazırlaşmasına görə qınayıb: “Sülh yalnız Ukraynanın suverenliyi təmin olunduğu halda mövcud ola bilər, ona görə də biz heç vaxt Ukraynaya sırınan sülhü dəstəkləməyəcəyik”. Onun sözlərinə görə, sülh bağlanandan sonra da Ukraynanı silahlandırmaq lazımdır və Ukraynanın ixtiyarında silahlı qüvvələr olmalıdır: “Bu məqsədlə hərbi maliyyələşdirmə üçün Almaniyada fövqəladə vəziyyət elan edilə bilər. Almaniya Konstitusiyası belə bir fövqəladə vəziyyət zamanı borc həddinin yumşaldılması imkanını nəzərdə tutur”.

Zelenskiyə ona istənilən vaxt zəng etməyə icazə verib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın ona nömrə verdiyini və “istənilən vaxt” zəng etməyə icazə verdiyini etiraf edib. Zelenski bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı danışıb. Zelenski 2024-cü ilin iyulundan Trampla birbaşa ünsiyyətdə olduğunu bildirib.

Ukraynanın uğursuzluğu ABŞ-ı zəiflədər - Leyen

Ukraynanın uğursuzluğu Avropa ilə bərabər, ABŞ-ı da zəiflədər. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında deyib. Leyen qeyd edib ki, vəzifələri yalnız bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil: "Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".

Tramp: Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var

Ukraynada müharibənin sonlandırılması üçün yaxşı imkan var. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib ”Dünən Rusiya və Ukrayna ilə əla danışıqlar aparıldı. Bu dəhşətli müharibəni bitirmək üçün yaxşı imkanlar var”- deyə Tramp vurğulayıb. Qeyd edək ki, fevralın 12-də Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparıb.

HƏMAS-dan Trampa SƏRT REAKSİYA: "Bu, irqçiliyə və etnik təmizləməyə çağırışıdır"

“ABŞ prezidenti Donald Trampın Qəzza zolağının transformasiyası ilə bağlı bəyanatları irqçiliyin təzahürü və etnik təmizləmə çağırışıdır”. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında bildirilib. Dünən İordaniya Kralı II Abdullah ilə görüşünün açılış hissəsində Tramp qeyd edib ki, ABŞ Qəzza zolağını satın almayacaq və vergi ödəyicilərinin pulunu bu sahəyə xərcləməyəcək. Lakin Tramp Qəzza ilə bağlı “doğru” işlər görəcəyinə söz verib və Misirlə razılaşmaya ümid etdiyini bildirib. “Trampın bəyanatları irqçiliyin təbliğidir. Fələstin məsələsini aradan qaldırmaq və xalqımızın hüquqlarını tapdamaq üçün etnik təmizləməyə çağırışdır”, – HƏMAS-ın bəyanatında deyilir. Daha əvvəl Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və regionun yenidən qurulmasına cavabdeh olacaq. Eyni zamanda onu bütün dünya üçün “Yaxın Şərq Rivierası”na çevirəcək. O, həmçinin ABŞ-ın öz ordusunu Qəzzaya göndərə biləcəyini istisna etməyib.

"Ukrayna ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb" - Tramp

"ABŞ Ukraynaya hərbi yardımı, sadəcə, pulsuz verməyə davam edə bilməz..." ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna, əslində, ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb. Bu, Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın əvəzi kimi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb. "Onlar inanılmaz dərəcədə dəyərli torpaqlara- faydalı qazıntılar, neft və qaz, eləcə də digər resurslarla malikdir. Mən istəyirəm ki, bizim pullarımız qorunsun, çünki biz Ukraynaya yüz milyardlarla dollar xərcləyirik", - Tramp "Fox News" nəşrinə müsahibəsində deyib. Qəzet xatırladır ki, Tramp dəfələrlə ABŞ-ın hətta  Rusiya ilə sülh razılaşması əldə olunsa belə, Ukraynanın təbii sərvətlərinə çıxış əldə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi "300 milyard dollardan çox" vəsait digər ölkələrin bu müharibəyə ayırdığı yardımları xeyli üstələyir. "Onlar razılaşma əldə edə bilər, ya da əldə etməyə bilər. O torpaqlar bir gün rusların ola bilər, bir gün olmaya bilər. Amma bizim Ukraynada bu qədər pulumuz var və mən deyirəm ki, bunu geri qaytarmaq istəyirəm. Mən onlara dedim ki, 500 milyard dollar dəyərində faydalı qazıntıları almaq istəyirəm və onlar, əslində, buna razılaşıb", - ABŞ prezidenti izah edib. Bundan əlavə, Tramp vurğulayıb: "Mən onlara dedim: "Biz mütləq nəsə əldə etməliyik. Biz bu pulları, sadəcə, xərcləməyə davam edə bilmərik". Siyasətçinin sözlərinə görə, Ukraynaya yardım etməyə davam etmək, sadəcə, "ağılsızlıq" olardı. Eyni zamanda, "The New York Post" qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü ABŞ-la resurs tədarükü və təhlükəsizlik zəmanətləri müqabilində qarşılıqlı razılaşmanı dəstəklədiyini bildirib. Bu razılaşma mümkün sülh sazişinin bir hissəsi ola bilər. "Əgər razılaşmadan danışırıqsa, gəlin, bu razılaşmanı imzalayaq- biz yalnız buna tərəfdarıq. Biz Putini dayandırmalı və sahib olduğumuz resursları- Mərkəzi Ukraynanın çox zəngin Dnepr bölgəsini qorumalıyıq", - o, "Reuters" agentıiyinə müsahibəsində deyib. Qəzet qeyd edir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan leytenant-general Kit Kelloq başda olmaqla ABŞ nümayəndə heyəti Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcək. Onlar artıq üç ilə yaxın davam edən müharibənin necə bitiriləcəyini müzakirə edəcək. ABŞ üçün Ukraynanın faydalı qazıntıları - bəlli olanlar Bundan öncə Ukrayna xarici işlər naziri Andrey Sibiga Ukraynanın faydalı qazıntılarının ABŞ üçün necə sülhə gətirib çıxara biləcəyini izah edib. Onun sözlərinə görə, prezident Vladimir Zelenskinin qələbə planında Ukraynanın zəngin olduğu təbii resurslarla bağlı bir bənd var idi. "Xüsusilə, bizim tərəfdaşlarımızın bu sahəyə investisiya yatırmaq və onu birgə işlətmək imkanı var, çünki bu, bizim ümumi strateji marağımızdır. Bu, həmçinin "güc yolu ilə sülh" konsepsiyasının konkret təcəssümlərindən biridir", - o, qeyd edib. "Çünki bu, Ukraynada iri biznesin mövcudluğuna, eləcə də ən yaxın müttəfiqlərimiz olan ABŞ-ın bu yataqlara sərmayə qoyması və onların qorunması ilə maraqlanmasına zəmanət yaradır. Bu imkanlar bizim üçün həqiqətən də mövcuddur", - nazir vurğulayıb.

Bu ölkədə avtobus dərəyə aşdı: 51 nəfər öldü

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb. Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır. Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir. Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Tramp: Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur

Qəzza planım çərçivəsində fələstinlilərin geri qayıtmaq hüququ yoxdur. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalının müxbiri Bret Baierin fələstinlilərin geri qayıtmaq hüququnun olub-olmayacağı sualına cavabında deyib. “Onlar daha yaxşı mənzilə sahib olacaqlar. Başqa sözlə, mən onlar üçün daimi bir yer tikməkdən danışıram”, - Tramp qeyd edib.APA