Rostova PUA hücumu edildi: Fövqəladə vəziyyət

Rusiyanın Rostov şəhərinə PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib. Onun sözlərinə görə, PUA Puşkin küçəsində yaşayış binalarının yanına düşüb. PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət elan edilib. Rusiya Teleqram kanallarında isə bildirilib ki, Cənub Hərbi Dairəsinin yerləşdiyi rayona da PUA düşüb.

"Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan qorxmamalıdır" - Mirça Joana

Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan daha az qorxmalıdır. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Joana deyib. Joananın sözlərinə görə, hazırda Moldova üçün hərbi risk yoxdur: "Amma əgər onlar Avropaya qoşulmaq istəyirlərsə, seçim etmək vaxtıdır və onlar Rusiyadan daha az qorxmalıdırlar, çünki Rusiya Ukraynanın öhdəsindən çətinliklə gəlir. Mən indi Moldova üçün hərbi riskin olduğunu düşünmürəm”. "Rumıniya və Moldovanın birləşməsi mümkündürmü" sualına gəlincə, Joana qeyd edib ki, bu barədə şərh verə bilməz: "Mən Moldovanın taleyinin avropalı olduğuna inanıram”.

Ukrayna ordusu 9 “Şahid” PUA-sını məhv etdi

Rusiya qoşunları İran istehsalı olan PUA-larla Kiyevə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus 9 “Şahid” PUA-sını məhv edib.

Zelenski Moskalyevi komandanlıqdan uzaqlaşdırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Eduard Moskalyevi Birləşmiş Qüvvələr Əməliyyatı Komandanlığının rəhbəri vəzifəsindən azad edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Zelenski müvafiq fərman verib. Qeyd edək ki, E.Moskalyev ötən ilin martın 15-də sözügedən vəzifədə Aleksandr Pavlyuku əvəzləmişdi.

Krım Ukraynanındır - ABŞ

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna Krımının qanunsuz ilhaqını heç vaxt tanımayacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. "Doqquz il əvvəl Rusiya Ukraynanı işğal etdi, Krımı ələ keçirdi və beynəlxalq hüququ, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü açıq şəkildə pozdu. ABŞ Ukrayna Krım Platformasının Rusiyanın davam edən işğalına qlobal diqqəti cəlb etmək səylərini alqışlayır. Vaşinqton yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq, Krım Ukraynadır!”, - məlumatda deyilir.

Rusiya ilə ən azı bir əsr barışmayacağıq - Şmıqal

Ukrayna ən azı bir əsr Rusiya ilə barışıq və əməkdaşlığa razı olmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri olan suveren ölkədir, ona görə də işğalçı ölkə ilə güzəştə gedə bilməz. Yeganə kompromis Rusiya qoşunlarının Ukraynadan 1991-ci il sərhədlərinə tam çıxarılmasıdır. Ruslar atəşi və təcavüzü dayandırmalı və ərazimizi tərk etməlidirlər. İnanıram ki, sərhədlərin dəyişdirilməsi Avropa üçün də qəbuledilməz kompromis olardı”, - Şmıqal bildirib.