Polkovnik-leytenant vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib. Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.

Berbok Trampı hədələdi: Təzyiqi artıracağıq ki...

Amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyərkən deyib. Berbok Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə günahlandırıb.

İmişlidə yol qəzası: piyada öldü

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb. Cəlal İmanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən, piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

Zelenski cəsur və mübariz liderdir - Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini mübariz və cəsur lider adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kelloq “X”də paylaşım edib. Kelloq bildirib ki, Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə müzakirələr geniş və müsbət olub. Qeyd edək ki, Donald Tramp Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb.

Kinq Trampı təhqir etdi: Putini sevən əclaf!

Amerikalı məşhur yazıçı Stiven Kinq ABŞ Prezidenti Donald Trampı satqın, Putini sevən əclaf adlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb. "Bu sözlərin iki dəfə artığı İlon Maska aiddir", - o bildirib.

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qaz balonu partladı - İki qardaş yaralandı

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

İmamoğlu prezidentliyə namizədliyini açıqladı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib. Sozcu.az xəbər verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb. “Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.

Şaxtalı hava neçə gün davam edəcək?

Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb: "Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib". Nazim Mahmudovun sözlərinə görə, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub: “Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Bakıda 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta - FAKTİKİ HAVA

Fevralın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

Evdən çıxmasanız, yaxşıdır!- Hava daha da pisləşəcək

Fevralın 20-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraitinin qarşıdan gələn saatlarda daha da güclənəcəyi bildirilir. Sozcu.az xəbər verir ki, metereoloqların məlumatına əsasən, hazırda Bakıda müşahidə olunan -3 dərəcə temperatur yaxın saatlarda daha da aşağı enəcək, axşam və gecə saatlarında isə -7-8 dərəcəyə çatacaq. Bu isə yolların buz bağlayacağını, gediş-gəlişin çətinləşəcəyini, avtomobillər üçün qəza riskinin artacağını, hətta piyadaların hərəkətinə ciddi maneələr olacağını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, metereoloqlar əhalini diqqətli olmağa, zərurət yaranmadan evdən və ya olduqları yerdən bayıra çıxmamağı, uzaq məsafələrə səfər planlaşdırmamağı tövsiyə edirlər. Məlumat üçün bildirək ki, hava haqqında proqnozu təqdim edən əksər mobil proqramlar hazırkı temperaturla yanaşı, hiss edilən real dərəcəni də göstərirlər. Məsələn, hazırda Bakıda temperatur 0 dərəcə göstərsə də, -14 dərəcə soyuq hiss olunur.

Bu ərazilərdə qar 1 metrə çatır: istilik 7,5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Bakıya qar yağan kimi istilik kəsildi

Bakıda ötən gün havaların kəskin soyuqlaşması ilə Xətai rayonu ərazisində istiliyin verilməsi də dayandırılıb. Sozcu.az xəbər verir ki, artıq ötən gün axşam saatlarından binalar istilik almır. “Azəristiliktəchizat” ASC ən sərt soyuqlarda Xətaidə binalara niyə istilik vermədiyinin səbəbi ilə bağlı açıqlama yaymayıb. Qeyd edək ki, bu mövsümdən Bakıda binaların daha keyfiyyətli istiliklə təmin edilməsi məqsədilə istilik təminatına görə qiymətlər tam iki dəfə (!!!) artırılıb və 1 kv.m üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.

“Küçələrə duz səpmişəm…”: Bakıda duz əllə səpilir

Hazırda paytaxt Bakıda qarlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, dünən axşam saatlarından Bakıya yağan qar nəticəsində yollar buz bağlayıb, nəqliyyatın hərəkəti iflic olub. Bakı Şəhər İcra Hakimiyyəti qarlı hava şəraitilə bağlı 100 texnika və 2 min işçi ilə yolların təmizlənməsinə çalışdığı barədə açıqlama yayıb. Sosial şəbəkələrdə isə dünən gecə saatlarında Bakıdakı kommunal xidmət işçilərinin bəzi yollara duz səpməsinin görüntüləri yayılıb. Duzun xususi maşınlarla deyil, işçilər tərəfindən səpilməsi sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyalarına səbəb olub.

Xətaidə istilik yoxdur, adamlar donur - İH-dən gülünc açıqlama

Xətai rayonunun bir hissəsində ötən gündən – havaların kəskin soyumasından sonra istilik kəsilsə də, Xətai Rayon İcra Hakimiyyəti “problem olmadığını” deyir. Axar.az-a danışan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, fövqəladə vəziyyət yaranıb, bəzi yerlərdə fəsadlar meydana gəlir, yerində araşdırırıq, ancaq istiliklə bağlı hər hansı problemin yarandığı ilə bağlı bizə demək olar ki, müraciət daxil olmayıb. P.İmanov iddia edib ki, bəzən hansısa binada istiliklə bağlı problem yaranır, gedib araşdırırlar, məlum olur ki, vətəndaşın mənzilinə istilik gəlmirmiş: “Bu yaxında ötürücü borularda meydana gələn qəzanın özüm şahidi oldum və dərhal vəziyyəti nəzarətə götürdüm. Başçı müşavirə keçirib, xəbərdarlıq edib, biz də bu məsələlərə daha diqqətlə yanaşırıq və bildirirəm ki, “Xətai rayonunda istilik yoxdur” məsələsi tamamilə doğru deyil”. P.İmanovun diqqətinə çatdırırıq ki, Xətai rayonunun Gəncə prospekti 22, 24, 26, 28, 30 və 32-ci binalarda ötən gün axşam saatlarından istilik kəsilib. İstiliyin kəsilməsinin səbəbi ilə bağlı heç nə deyilmir. Sakinlərin müraciətindən sonra bildirilib ki, problem mərkəzdədir (qazanxanada), aradan qaldırılması üçün işlər gedir. Qazanxanada problem varsa, demək, bir neçə bina deyil, ən azı bir məhəllənin istiliyi yoxdur. Sözügedən ərazi isə “Azəristiliktəchizat” ASC-nin əsas binasının 200 metrliyindədir. Xətai RİH-in məsul əməkdaşının bir neçə binanın və bir neçə min insanın evində istiliyin kəsilməsindən xəbəri olmaması, əksinə, bunu təkzib etməyə çalışması isə ya saxtakarlıq, ya da işinin məsuliyyətini dərk etməmək və yalan danışmağa bir növ adətkərdə olmasından qaynaqlanır.

Bu yollarda sıxlıq var - Siyahı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb. NİİM-dən Sozcu.az-a verilən məlumata görə aşağıdakı ərazilərdə sıxlıq müşahidə olunur: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər .

Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb. Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb. Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib. Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”. Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib. Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər. Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib. Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər. Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb. Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq. Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bakıda yollar buz bağladı: Zəncirvari qəza oldu

Qarlı hava şəraiti Yasamalda avtomobil qəzalarına səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, yolun buz bağlaması nəticəsində hərəkətdə olan bir neçə minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə yolda tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Naxçıvan Konstitusiyası dəyişir - Yeni idarəetmə YARADILIR

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin müzakirəsi və “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi olduğunu bildirib. Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Layihənin müzakirəsi ilə bağlı deputatlardan Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər. Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib. Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə Hüquq siyasəti komitəsində müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib. Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib. Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

Bakıda müsadirə edilən “Rolls Royce” kimindir? – Foto

Bakıda hərraca çıxarılacaq “Rolls Roys”un sahibi bəlli olub. Sozcu.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil azərbaycanlı iş adamı, “Avrohom” (Eurohome) ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova məxsusdur. Dövlət nömrə nişanındakı AF hərfləri bunu ifadə edir. Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. Qeyd edək ki, ötən gün Bakıda "Rolls Roys Ghost” avtomobilinin hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Roys Ghost” 75 min kilometr yürüş edib. Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. Xatırladaq ki, bu tipli hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

Kürdəmirdə “Mitsubişi” markalı avtomobil kanala aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndindən keçən hissəsində baş verib. Hadisə nəticəsində 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib. Hazırda aidiyyəti qurumlar hadisə yerindədir.

Ankarada saxta içkidən ölənlərin sayı 63-ə çatdı

Türkiyənin paytaxtı Ankarada saxta alkoqollu içkidən ölənlərin sayı 63-ə çatıb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha 36 nəfər reanimasiyadadır, onların müalicəsi davam etdirilir. Qeyd edilib ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Əlavə informasiya verilmir.

Zaqatalada yaşıllıqlara bu məmurlar divan tutub - Adlar

Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Sozcu.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir. Qeyd olunub ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməyib. İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib. Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilib, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılıb. Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayevin vəzifədən azad edilməsi barədə ilk xəbəri Bakupost.az yayıb.