Duzlaşma və bel yırtığına görə oruc tutmamaq bəhanədir - ilahiyyatçı

Bir sıra mübahisəli vəziyyətlər Ramazan ayında oruc ibadətinin pozub-pozmaması sualını yaradır.

Modern.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, oruc ibadəti yalnız mədənin tutulmasından ibarət deyil:

“Əslində oruc ruhun, qəlbin və insan təfəkkürünün nəzarətdə saxlanmasıdır. Lakin şəriətin müəyyən etdiyi zahiri hökmlər mövcuddur və bu hökmlərdən hər hansı biri pozularsa, oruc pozulur”.

İlahiyyatçı qeyd edib ki, həblərin udulması, qidalandırıcı iynələrin qəbul edilməsi, qəsdən qusmaq orucu pozur:

“Dava-dalaş, gərgin emosional vəziyyət, qeybət etmək, yalan danışmaq – bunlar orucu pozmasa da, ibadətin mənəvi təsirini zəiflədir”.

Ağa Hacıbəyli deyib ki, bəzi gigiyena və müalicə tədbirləri var ki, onlar icra olunsa, ibadətə xələl gəlmir:

“Dişlərin fırçalanması, gün ərzində yatmaq, qan analizi vermək, dişə dərman qoydurmaq, dişlərin müalicəsi, spreylərdən istifadə (maddə boğaza keçmirsə) – oruc pozulmur”.

İlahiyyatçı əlavə edib ki, bir çox xəstəliklər zamanı oruc tutmaq mümkündür, tutmamaq bəhanə ola bilər:

“Məsələn, bel yırtığı və ya bədəndə duzlaşma kimi hallarda oruc ibadətinə heç bir əngəl yoxdur. Hətta mütəxəssislər bildirir ki, düzgün tətbiq edilən oruc bəzi xəstələr üçün müsbət təsir göstərə bilər. Lakin ağır xəstəliklərdə və ya sağlamlıq vəziyyəti ciddi olan şəxslər həkim məsləhəti olmadan oruc tutmamalıdır. Belə hallarda tibbi göstərişlər prioritetdir və ibadətin məqsədi sağlamlıqla ziddiyyət təşkil etməməlidir”.

Share on Facebook