Azərbaycan vətəndaşı Monteneqroda faciəvi şəkildə öldü

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında (25 dekabr) 26 yaşlı Tariverdi Nəciyev Bijelo Pole–Moykovats magistralında, Sliyepats Most yaşayış məntəqəsi ərazisində qəzaya düşüb. Monteneqronun Bar şəhərinə məxsus nömrə nişanlı, “Audi A6” markalı avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Hadisə yerinə Bijelo Pole yanğın-xilasetmə xidməti cəlb olunub və yaralı avtomobildən çıxarılaraq təcili şəkildə Bijelo Pole Xəstəxanasına çatdırılıb. Lakin Nəciyevin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, meyitin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsi planlaşdırılır. Qəzanın səbəbləri araşdırılır.

4 milyonluq dələduzluq: Yüksək vəzifəlilərin adı hallanır...

Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynlinin vəkili Radil Xəlilov vəsatətlə çıxış edib. Bundan əvvəlki iclasda barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunan Cavid Hüseynlinin vəkili mətbuat nümayəndələrinin məhkəmə zalından çıxarılmasını istəyib. Bununla bağlı məhkəməyə vəsatət təqdim edən vəkil iddia edib ki, onlar zərərçəkmiş Quvat Beybutov ilə barışıq əldə etmək istəyirlər, ona dəymiş ziyanı ödəmək niyyətindədirlər. Amma mətbuat nümayəndələrinin prosesdə iştirak etməsi buna mane olur. Vəkilin sözlərinə görə, mətbuat nümayəndələrinin iclasda iştirakı gələcəkdə zərərçəkmişlə razılıq əldə etmələrinə mənfi təsir ola bilər. Maraqlıdır ki, vəkil prosesin qapalı keçirilməsini yox, qanunsuz olaraq yalnız jurnalistlərin zalından çıxarılmasını istəyib. Vəkilin bu təklifi ilə digər həmkarları əvvəlcə razı olmayıblar və bu məsələni məhkəmənin mülahizəsinə buraxıblar. Lakin təqsirləndirilən şəxslərin hər biri mətbuat nümayəndələrinin iclasda iştirakını istəmədiklərini bəyan etdikdən sonra vəkillər öz fikirlərini qısa müddətdə dəyişiblər. Onlar da jurnalistlərin zaldan çıxarılmasını istəyiblər. Dövlət ittihamçısı Elvin Mirzəyev isə bu məsələnin məhkəmənin mülahizəsinə buraxdığını deyib. Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib. Hakim Zaur Hacıyev bildirib ki, qanunvericilikdə jurnalistlərin zaldan çıxarılması üçün heç bir hal nəzərdə tutulmayıb: “Proses iki halda keçirilir. Bir qapalı, digər halda isə açıq keçirilməsi nəzərdə tutulur. Biz də bu iclasın açıq keçirilməsi barədə qərar qəbul etmişik. Buna görə də digər şəxslər kimi jurnalistlərin də prosesdə iştirakı üçün heç bir maneə yoxdur. Bu səbəbdən vəsatət əsaslı deyil”. Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. İstintaq sənədlərinə görə, bu işin görülməsində əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləmiş Seymur Məhərrəmovun vədləri olub. O, Prezident Administrasiyasında guya vəzifəli tanışlarının iştirakı ilə bu məsələni həll edəcəyini deyib. İttihama münasibət bildirən Seymur Məhərrəmov, Rüstəm Qafarov və Zaur Qurbanov özlərini ittiham üzrə təqsirli bilməyiblər. Cavid Hüseynli və Ceyhun Əşrəfov isə özlərini qismən təqsirli biliblər. Əşrəfov bildirib ki, ona qarşı mütəşəkkil dəstə tərkibində bu işi görmək barədə ittihamda yazılanlarla razı deyil. Onun sözlərinə görə, bu işdə əvvəlcə yalnız Rüstəm Qafarovu tanıyıb, digər şəxslərlə isə sonradan tanışlıqları yaranıb. O, tərəfindən zərərçəkmişə dəymiş ziyanı tamamilə ödədiyini də diqqətə çatdırıb. Daha sonra hakim məhkəmə istintaqının aparılması qaydası ilə bağlı tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsini təklif edib. Təqsirləndirilən şəxslərin vəkilləri dövlət ittihamçısının təklif etdiyi qaydada prosesin aparılmasına etiraz etməyiblər. Hakimlər də tərəflərin təklif etdiyi qaydada prosesin aparılmasına razılıq veriblər. İlk olaraq siyahı üzrə ilk təqsirləndirilən Seymur Məhərrəmova ifadə vermək təklif edilib. O, hazırkı mərhələdə ifadə verməkdən imtina edib. Daha sonra Cavid Hüseynli ifadə verərək təqsirləndirilən digər şəxslərə tanış olmaqlarından danışıb. O, ilk olaraq Zaur Qurbanovla, onun vasitəsi ilə Seymur Məhərrəmovu, lap sonda isə Ceyhun Əşrəfovu tanıdığını deyib. Onun sözlərinə görə, hüquqşünas olduğu üçün zərərçəkmiş Quvat Beybutova hüquqi yardım göstərib. Bildirib ki, şirkətin hüquq işlərini gördüyü müddət Nəsimi rayonunda yerləşən ərazidə 2 bloklu binanın tikintisi üçün razılıq əldə etmək istəyiblər: “Həmin ərazidə 41 sot torpaq sahəsi olub, onun 20 sotunda tikinti aparılıb. Qalan 21 sotda isə qanuni yolla tikinti aparmağa razılıq əldə etməyin mümkün olmadığı üçün başqa yollara əl atmalı olublar”. Cavid Hüseynlinin bildirdiyinə görə, vaxtı ilə hüquq firması olduğu üçün zərərçəkmişlə hüquqşünas kimi tanış olub: “Tikinti aparılması üçün hüquqi müstəvidə yollar axtarmağa başladıq. Bu zaman Zaur Qurbanovu tanıdıq. O, Prezident Administrasiyasında tanışı olduğunu, onun vasitəsi ilə bu məsələnin həll olunmasının mümkünlüyünü dedi. Biz də Seymur Məhərrəmovla bu məsələni müzakirə etdik. O, problem olmadığını, bu işin müəyyən vəsait hesabına həll etdirməyə köməklik edəcəyini dedi. Həmin ərazidə tikinti aparılması üçün qadağa var idi. Vətəndaşlar Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin müvafiq qurumlara göndərdiyi məktub əsasında həmin ərazidə tikinti aparılmasına “stop” qoyulmuşdu. Amma Quvat Beybutov sonra vətəndaşlarla özü danışdı, onların razılığını aldı. Bundan sonra Seymur Məhərrəmovun işə qarışması nəticəsində müvafiq qurumlar da işin görülməsinə qarışmadılar. İlkin mərhələdə işə heç bir qurum mane olmadı. Ərazidə çəpərləmə aparıldı, katlavan qazıldı, beton töküldü. 2024-cü ilə kimi heç bir narahatçılıq olmadı. Torpaq sahəsi Nəsimi rayonunda olduğu üçün rayonun icra hakimiyyəti işə qarışa bilərdi. Onlar da bu işin görülməsinə qarışmadılar. Yalnız icra hakimiyyətinin hüquq şöbəsindən mənimlə əlaqə saxladılar, sənədlərlə maraqlandılar. Bu müddətdə gecə beton maşınları ərazidə işlədi, binanın bünövrəsi qoyuldu. Daha sonra birinci mərtəbənin qaldırılması üçün lesalar quraşdırıldı. Bu zaman Fövqəladə Hallar Nazirliyindən gələrək işi dayandırdılar və şəhərsalmadan sənəd alınmasını tələb etdilər. Bundan sonra məsələnin həll olunması üçün yenidən Seymur Məhərrəmovla əlaqə saxladıq. Çünki o, ilkin mərhələdə sözünün üstündə durmuşdu, işin həll olnmasını təmin etmişdi. O, problem olmayacağını dedi. Daha sonra o, ölkədə “COP” beynəlxalq tədbirin keçirildiyini, tədbirdən sonra bu məsələ həll olunacağını söylədi. Amma tədbir bitsə də, məsələ yoluna qoyulmadı. 2024-cü ilin dekabrında biz yenə də görüşdük. Sonradan zərərçəkmişin tanışı Ceyhun işə qarışdı. Bu minvalla onu da tanıdıq”. Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib və onlar sözügedən idarədə sorğu-sual ediliblər: “Həmçinin Seymur Məhərrəmovun barəsində Prezidentin Təhlükəsizlik Xidmətinə müraciət olundu. Xidmətin həmin dövrdə rəisi olan Bəylər Əyyubovun göstərişi ilə daxili araşdırma aparıldı. Xidmətin rəisi dəyişdiriləndən sonra sənədlər həmin qurum tərəfindən Baş Prokuror yanında Korrupsiya İdarəsinə göndərildi. Mənim zərərçəkmiş şəxsə 4 milyon 19 min manat ziyanın dəyməsi barədə yazılanlara etirazım yoxdur. Öz üzərimə düşən ziyanı ödəyirəm”. Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişdən aldığı 3 milyon 300 min manatın 1 milyon 152 min manatını Seymur Məhərrəmova işin görülməsi üçün verib: “Qalan 2 milyon 148 min manatı isə məndə qaldı. Həmin pulu öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Mənim dələduzluq niiyyətim olmayıb. Məbləğ işin görülməsi üçün verilmişdi”. Sorğu-sual zamanı Quvat Beybutov bu işin görülməsi üçün 16 milyon manat xərc çəkdiyini, babasından qalan, sertifikatı olan “Yaqut” daşı girov qoyduğunu deyib. Onun sözlərinə görə, qiymətli daşı girov qoyan zaman şirkətlə müqavilə də bağlayıblar. Cavid Hüseynli əlavə edib ki, sonradan həmin qiymətli daşı onun özünə qaytarıblar və onun tərəfindən dəymiş ziyanın ödənilməsi tələb edilib. Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatətlə çıxış edib. Vəkil deyib ki, müvəkkili Sindo-ryu və Pençak Silat Federasiyasının prezidentidir və bir sıra idman tədbirlərində iştirak etməlidir: "Onu bu tədbirlərə İndoneziya dövləti dəvət edir, amma barəsində olan ev dustaqlığı qətimkan tədbiri ilə bağlı iştirak səfərə çıxa bilmir". Vəkil həmçinin diqqətə çatdırıb ki, Gəncə və Xankəndi şəhərlərində bu idman növü üzrə təbirlər olacaq: “Ceyhun Əşrəfov həmin tədbirə dəvət alsa da, iştirak etməsi mümkün deyil. Hüquqlarını müdafiə etdiyim şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəyib, ziyanın əlli faizi məbləğində də dövlət nəfinə ödəniş edəcək. Buna görə də onun barəsində ev dustaqlığı qətimkan tədbirini polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmasını istəyirik”. Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin ediblər. Ceyhun Əşrəfovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qeyd olunub ki, təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə istintaq orqanının qərarı var, həmin qərar qüvvədə saxlanılıb. Növbəti proses fevralın 5-də davam edəcək. Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub. Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyiblər, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar. Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib. C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib və hazırda təqaüdə olan hərbi qulluqçudur.

Vens fevralda Ermənistana gələcək - Sərkisyan

ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq və “Tramp yolu”nun rəsmi olaraq açılması istisna deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sərkisyan deyib. O bildirib ki, bu, Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər: “ABŞ-ın regiondakı maraqlarına yalnız Ermənistanın gündəliyi deyil, qlobal siyasət kontekstində baxılmalıdır. “Tramp yolu” ancaq Ermənistan və Azərbaycanla bağlı deyil, həm də Mərkəzi Asiyanı Rusiyadan yan keçməklə Avropa ilə birləşdirmək, Çinin təsirini azaltmaq məqsədi daşıyan daha böyük bir layihənin hissəsidir. Məsələ ilk növbədə, Orta Asiyadan Avropaya enerji resurslarının ixracı və Rusiyadan asılılığın azaldılması ilə bağlıdır. Bu kontekstdə, “Tramp yolu” boru kəmərləri və nəqliyyat dəhlizləri də daxil olmaqla alternativ logistika marşrutlarından biridir və İrəvanın daha geniş geoiqtisadi layihənin yalnız bir elementi olduğu bildirilir. Mərkəzi Asiya ölkələri bir neçə ildir ki, Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar qurur. Amerikanın bölgədəki fəaliyyəti xüsusilə 2026-cı ildə nəzərə çarpacaq. Yüksək vəzifəli Amerika rəsmilərinin səfərləri gözlənilir. ABŞ-ın yüksək səviyyəli nümayəndəsi fevral ayında Ermənistana səfər edə bilər. Söhbət ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensdən gedir. Ümumilikdə, investisiyalar, birgə layihələr və Amerikanın iştirakının artması gözlənilir”.

Mingəçevirdə ana və qızı dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. Ağdamın Qiyaslı kəndindən olan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və onun qızı 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna Volqoqradda neft emalı zavodunu vurdu

Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərinə PUA zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodunda yanğın baş verib.

Köç karvanı Ağdama çatdı - Açarlar təqdim olundu

Bu gün Ağdam şəhərinə 103 ailə olmaqla, ümumilikdə 405 sakin geri qayıdıb. Sozcu.az xəbər verirn ki, doğma yurda qayıdan sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb. Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib. Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.

Müəllimlər bunun üçün pul ödəyəcək - Məbləğ hələ məlum deyil

“Müəllimlərin işə qəbulu üzrə imtahanların ödənişli olması artıq keçən ildən müzakirə edilir. Bunu Elm və Təhsil Nazirliyinin rəsmiləri, eyni zamanda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri gündəmə gətiriblər”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O bildirib ki, hazırkı durumda qeydiyyatdan keçənlərin çoxu imtahanlarda iştirak etmir: “Müşahidələrimiz ondan ibarətdir ki, hazırda imtahanlarda iştirak etmək istəyənlərin sayı hardasa 55-60 min civarındadır. Amma onların 8-9 mini imtahana gəlmir. Həmin müəllimlər qeydiyyatdan keçən zaman sistem tərəfindən avtomatik olaraq iştirakçı kimi qəbul edilir və onlar üçün imtahan binaları, kompüterlər və müəyyən avadanlıqlar təşkil olunur. Bunların da hər birinin müəyyən maliyyə xərcləri var. Nəticə etibarilə, həmin vətəndaşların imtahanda iştirak etməməsi vəsait itkisinə səbəb olur”. Ekspertin fikrincə, bu qərardan sonra MİQ imtahanlarında kütləvilik azalacaq: “Bu addımın məqsədi imtahanda həqiqətən iştirak etmək istəyən şəxslərin prosesə cəlb olunmasıdır. Belə olan halda imtahan elanını görən hər kəs qeydiyyatdan keçməyəcək. İndi iştirakçıların hər biri düşünəcək ki, bunun üçün müəyyən vəsait ödəməliyəm. Əgər vəsaiti də ödəyirəmsə, mütləq imtahana getməliyəm. Artıq qarşıdakı MİQ imtahanlarında kütləvilik azalacaq və həqiqətən də istəkli olanlar iştirak edəcək. Bu halda təxminən 40 min civarında iştirakçı sayı olacaq”. Elçin Əfəndi ödənişlərin necə tənzimlənilməsi məsələsinə də aydınlıq gətirib: “Ödəniş də elə formada təşkil olunacaq ki, hər kəs üçün sərfəli olsun. Çünki imtahanda iştirak edənlərin əksəriyyəti universiteti yeni bitirib, əmək fəaliyyətinə başlamaq istəyənlərdir. Ona görə də ödənişlər elə təyin edilməlidir ki, iştirak etmək istəyən hər kəs üçün əlverişli olsun. Qiymətləri mübaliğəli formada artırmaq, qazanc məqsədi güdmək olmaz”. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlar ödənişli olacaq. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Özəlləşdirmə çekləri yenidən dövriyyəyə qəbul edilir? - Əmlak Xidmətindən MÜHÜM AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə paylarının (çeklər) yenidən dövriyyəyə qəbul ediləcəyi ilə bağlı iddialara aydınləq gətirib. Sozcu.az xəbər verir ki, qurumun Aparat rəhbəri Kamran Uluxanov bununla bağlı müraciəti cavablandırıb. O bildirib ki, çeklərin yenidən dövriyyəyə qəbul edilməsi mümkün deyil. Aparat rəhbərinin cavabından məlum olur ki, bir qrup vətəndaş məsələ ilə bağlı kollektiv şəkildə Milli Məclisə müraciət ünvanlayıb. Qanunverici orqan da müraciəti araşdırılıb cavab verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərib.   Kamran Uluxanovun cavab məktubundan məlur olur ki, təmsil etdiyi qurumda dövlət özəlləşdirmə çeklərinin dəyərinin ödənilməsi ilə bağlı kollektiv müraciətə baxılıb: “Çeklərin dəyərinin ödənilməsi ilə bağlı Milli Məclisdən daxil olmuş kollektiv müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılıb. Bununla əlaqədar bildiririk ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 12-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlətə vəsait kimi təqdim olunan çeklərin və xarici təqdim edilən opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir. Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndinə əsasən dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək müəyyən edilib. Daha sonra dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti Azərbaycan Prezidentinin 11.10.2001-ci il tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin yanvarın 1-dək, 11.06.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, 13.11.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, 23.12.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılıb və özəlləşdirmə paylarının tədavüdə saxlanılması son istifadə müddəti 01.01.2011-ci il tarixində qüvvədən düşüb”. Aparat rəhbəri onu da xatırladıb ki, məsələyə məhkəmə müstəvisində də baxılıb və iddia təmin edilməyib: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələblərinə dair iddiaları Bakı İnzibati Məhkəməsinin 06.12.2024-cü il tarixli, 2-1(112)-12800/2024 saylı qərardadı ilə mümkün sayılmamış və daha sonra həmin qərardad iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.02.2025-ci il tarixli 2-1(103)-1226/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin 21.02.2025-ci il tarixli 2-1(103)-1226/2025 nömrəli qərardadı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11.2025-ci il tarixli, 2-1(102)-1781/2025 nömrəli qərardadı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb”.

Xankəndidə terror törətmək istəyən erməniyə AĞIR CƏZA

Xankəndi şəhərində terror törətməyə cəhd edən Karen Avanesyan 16 il azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Məhkəmənin qərarı ilə K.Avanesyan 16 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub

2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında professor Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Qurban Yetirmişli qeyd edib ki, maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.

Qar yağacağı, 8 dərəcə şaxta olacaqğı gözlənilir - Sabahın havası

Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Təyyarə qəzasının zərərçəkəni: Əsəb xəstəliyinə tutulmuşam

Bu gün Azərbaycanın aviasiya tarixinin ən ağrılı faciələrindən birinin ildönümüdür. Bir il öncə AZAL-ın Bakı-Qroznı reysilə uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış, göyərtədəki 67 nəfərdən 38-i həlak olmuş, 29-u xəsarət almışdı. Qəzanın zərərçəkənlərindən biri Zaqatala rayonunun Danaçı kənd sakini, 2007-ci il təvəllüdlü Nizami Cəlilovdur. O, Modern.az-a açıqlamasında faciə anlarını açıq gözlə izlədiyini söyləyib. Nizami müxtəlif xəsarətlər alıb. Ayaqları ağır dərəcədə əzilib və qəzadan sonra bir ay ərzində əlil arabası ilə gəzib. Ona burun sınığı və daxili orqanların əzilməsi diaqnozu da qoyulub: “Qroznı səmasında bir neçə saniyə ərzində iki dəfə partlayış səsi eşitdim. Sonra Hökumə xanımın müraciətini.  Təyyarə yerə çırpılanda ayıq vəziyyətdə idim. Oturduğum yerdə tərsinə çevrilmişdim. Kəmər bədənimi bərk sıxıb daxili orqanlarımı zədələyib. Kəməri özüm açıb yıxıldım. Qapıya doğru getdim. Çıxışda kimsə mənə yardım etdi. Bir gün Aktau xəstəxanasında qaldıqdan sonra Bakıya gətirilmişik. 1 ay Bakıdakı Yeni Klinikada müalicə almışam. Burnum sınıb, amma bunun üçün əməliyyat qərarını hələ verməmişəm. Hadisədən sonra məndə əsəb xəstəliyi yaranıb. Mingəçevir Şəhər Xəstəxanasında bunun üçün növbəti iki aylıq müalicə kursu yazılıb. 20 min manat dövlət təzminatı almışıq. Müalicəmi davam etdirəcəm”.

Azərbaycana bu ölkədən gələn turistlərin sayı AZALIB

Azərbaycana Rusiyadan gələn turistlərin sayı azalıb. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə keçən ilin eyni dövrü ilə müqayisədə rusiyalı turistlərin sayında 10% azalma müşahidə olunub. Azərbaycana bu ilin 9 ayında  159 min rusiyalı turist gəlib.

Təhsil kreditini gecikdirən tələbəyə görə valideyn cavabdehdir? - AÇIQLAMA

Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlərə heç bir hüquqi və maliyyə məsuliyyəti yaratmır, bütün öhdəlik yalnız tələbənin üzərində qalır. Sozcu.az xəbər verir ki, bunu TTKF-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.  O qeyd edib ki, təqdim olunan təhsil kreditləri zamin və girov olmadan verildiyi üçün valideynlərin kredit üzrə məsuliyyəti yoxdur və bu gecikmələr onların gələcəkdə kredit götürmək imkanlarına təsir etmir. Kreditin geri qaytarılmasına görə isə, yalnız tələbə cavabdehdir: “Məhkəmə qərarından sonra borcun qaytarılması icra qaydasında təmin olunur. Tələbənin əmək müqaviləsi olduqda, ödənişlər əməkhaqqından tutulmalar yolu ilə həyata keçirilir. Geri ödəmə imkanı olmayan hallarda isə borcun ödənilməsi məhkəmə qərarı əsasında tələb olunur”. Sədr əlavə edib ki, hazırda gecikməsi olan 125 tələbə ilə aktiv iş aparılır: “Qurum bu tələbələrin, o cümlədən işsiz və müvəqqəti maliyyə çətinliyi yaşayan şəxslərin əmək bazarına inteqrasiyasına dəstək göstərərək kredit vəsaitinin geri ödənilməsinin təmin edilməsinə çalışır”.

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

11:19 Bu gün Bakının Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb. Sozcu.az xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı 2 nəfər ölüb. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: "Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb". *** DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb. Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mersedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mersedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Əhalinin banklara borcu artdı

Bu ilin 11 ayında bankların kredit portfeli 1% vә ya 281.7 mln. manat artaraq 29 milyard 685.5 mln. manat təşkil edib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, kredit portfelinin 53.2%-ni (15,804.8 mln. manat) biznes kreditlәri, 31.4%-ni (9,318.8 mln. manat) istehlak kreditlәri, 15.4%-ni (4,561.9 mln. manat) ipoteka kreditlәri təşkil edib. Kredit portfelində vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat (1,8%) təşkil edib. Bu ilin əvvəlinə nisbətən 24,2%, son 1 ildə isə 12,3% artım deməkdir.

Füzuli Ələkbərovun dövlətə milyonlarla manat borcu var

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - İmprotex İndustries MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb. Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var. Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur. 2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. “Improtex” qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı

Siyəzən rayonununda 2 yaşlı uşaq avtomobildə yanaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini 2023-cu il təvəllüdlü Bağırlı Seyfəl Hüseynağa oğlu yaşadıqları evin həyətində atasına məxsus “VAZ 2107” markalı avtomobilə oynamaq məqsədilə daxil olub. İlkin ehtimala görə, avtomobil daxilində baş verən qısaqapanma nəticəsində yanıb. Bədbəxt hadisə nəticəsində Seyfəl Bağırlı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dəm qazından boğulmamaq üçün nə etmək lazımdır? - Sabiq rəis sirləri açdı

“Vaxtilə abonentlərin sayı 300-400 min civarında idi, hazırda isə bu rəqəm təxminən 2 milyona çatıb. Soyuq aylarda maksimal qaz tələbatı sutkada 30 milyon kubmetrdən artıq olur”. Bunu “Yeni Sabah”a açıqlamasında “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, mavi yanacaq sahəsi üzrə ekspert Nüsrət Qasımov deyib. Hər il onlarla ailənin dəm qazının görünməyən, amma amansız təsiri ilə faciə yaşadığını bildirən ekspert ehtiyatlı olmağı tövsiyə edib: “Normal halda qaz göy rəngli alovla yanmalıdır. Lakin bəzən alovun içindən sarı və qırmızı rəngli məşəllər çıxır. Bu isə qazın tam təmizlənmədiyini göstərir. İkinci əsas problem əhalinin yetərincə maarifləndirilməməsidir. Əhali qazdan təhlükəsiz istifadə qaydaları ilə mütəmadi şəkildə məlumatlandırılmalıdır. Digər mühüm məsələ tüstü bacaları ilə bağlıdır. Bir çox binalarda tüstü bacaları 40 ildən artıqdır ki, təmizlənmir. Bacaların kimə məxsus olduğu və hansı qurumun bu işə cavabdeh olduğu dəqiq bilinmir. Mövcud olan təmizləmə şirkətləri isə bir tüstü bacasının təmizlənməsi üçün 20 manat tələb edir. Əhalinin bütün təbəqələri bu məbləği ödəmək imkanına malik deyil. Kasıb təbəqənin mövcudluğu hamıya məlumdur. Nəticədə illərlə tüstü bacaları təmizlənmir”. N.Qasımov xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün riskin daha böyük olduğunu bildirib: “Qaz istifadəçiləri, xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün problem daha ciddidir. Bu cihazların tüstü bacaları çox vaxt düzgün quraşdırılmır. Normalda tüstü bacası dam səviyyəsindən azı yarım metr hündür olmalıdır ki, zəhərli qazlar, xüsusilə karbon monoksid, təhlükəsiz şəkildə havaya ötürülsün. Hazırda isə bəzi hallarda bacalar pəncərədən çıxarılır, bəzən isə divar deşilərək quraşdırılır ki, bu da düzgün deyil. Bakı şəhərində küləyin sürəti bəzən 40 km/saata çatır. Güclü külək tüstünü bacadan geri itələyərək otağın içinə doldura bilir. Əgər həmin otaqda insanlar yatırsa, dincəlirsə və ya hamamda olurlarsa, zəhərlənmə riski çox yüksək olur. Təəssüf ki, bu səbəbdən tez-tez ölüm halları baş verir”. Ekspert qeyd edib ki, bu məsələdə həm “Azəriqaz”, həm də əhali məsuliyyət daşıyır: “Əhali “Azəriqaz”ın xəbəri olmadan yeni qaz cihazları quraşdırır, tüstü bacalarını düzgün çəkmir.Nəticədə dəm qazı evin daxilində toplanır və insan cəmi 7 dəqiqə ərzində bu qazı nəfəs alarsa, zəhərlənə bilər. Bu, açıq-aşkar məsuliyyətsizlikdir. Əhali qohum-əqrəba və ya tanış vasitəsilə usta tapır, lisenziyası olub-olmamasına baxmadan qaz qurğularını quraşdırdırır. Halbuki qaz cihazlarının quraşdırılması, onlara texniki xidmət göstərilməsi və şəbəkəyə qoşulması yalnız ixtisaslı, sertifikatlı və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. Bəzi hallarda deyilir ki, evdar qadınlar qaz cihazlarına qulluq etməlidirlər. Bu, absurddur. Evdar qadınlar yemək bişirməyi bilər, amma injeksion kalonka ilə diffuzion kolonkanın fərqini haradan bilməlidir? Bu cihazlara düzgün qulluq üçün xüsusi bilik, sertifikat və lisenziya tələb olunur”. N.Qasımov qaz sızması zamanı iy hiss edilməsi üçün qaza hökmən “odoran” maddəsi vurulmalı olduğunu deyib: “Digər vacib məsələ qaz detektorlarıdır. Bu cihazların qiyməti təxminən 30 manatdır. Qaz detektorları yataq otaqlarında, mətbəxdə və hamamda quraşdırılmalıdır. Bu ağıllı cihazlar qaz sızması və ya karbon monoksid olduqda dərhal səsli və vizual siqnal verir və insanları vaxtında xəbərdar edir”.

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə Sozcu.az-a DDLA-dan məlumat verilib. Xəbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycanın rayonlarında sabah gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.

İki aya Ağdama 1164 ailə köçürüləcək

2026-cı ilin yanvar-fevral aylarında 1164 ailə (4772 nəfər) Ağdama köçürüləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı məlumat verib. Bildirilib ki, həmçinin, dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur.

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib. “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”, - dövlət başçısı qeyd edib.

Ukrayna ordusu Rusiyada strateji yerləri vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən kauçuk zavoduna, Krımda pilotsuz katerlərin saxlanma yerlərinə, Luqansk vilayətində sursat anbarına, hava hücumundan müdafiə obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı Teleqram kanalında məlumat yayıb. Məlumata görə, zərbəyə məruz qalmış Yefremov sintetik kauçuk zavodunun məhsulları plastik partlayıcı maddələr və bərk raket yanacağı istehsalında istifadə olunur. Zərbə nəticəsində zavodda güclü yanğın başlayıb. Səhər saatlarında Rusiyanın Saratov şəhəri yaxınlığında yerləşən neftayırma zavodunun da dron hücumuna məruz qaldığı haqda məlumat yayılıb. Zərbə nəticəsində zavod ərazisində güclü yanğının görüntüləri sosial mediada yayımlanıb.

"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran narkotik maddələr qəbul edirmiş. Sozcu.az-ın Türkiyənin DHA agentliyinə istinadən yaydığı məlumata görə, narkotik maddələrlə bağlı istintaq çərçivəsində Sadettin Saranın saç nümunəsindən götürülən kokain testi müsbət nəticə verib. Hazırlanan rəy İstanbul Respublika Baş Prokurorluğuna təqdim olunub. AA isə xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində aparılan testlərin nəticəsi mənfi olub. "Fənərbaxça" Klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli qismində İstanbul Respublika Baş Prokurorluğuna dəvət olunmuş və ifadə vermişdi. Prokurorluqdakı dindirilmədən sonra Ədliyyə Tibb Qurumuna göndərilən Saranın saç və qan nümunələri götürülmüşdü. Prosedurların ardından Sadettin Saran sərbəst buraxılmışdı. Qeyd edək ki, Saranın ifadəyə çağırıldığı gün onun evində də axtarış aparıldığı bildirilir. Axtarış zamanı müəyyən materialların aşkarlandığı iddia olunsa da, bununla bağlı rəsmi qurumlardan ətraflı açıqlama verilməyib.