Qəzzada girovlarla bağlı danışıqlar bərpa oluna bilər?

Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.

İysiz və rəngsizdir, 7 dəqiqədə adamı öldürür - EVİMİZDƏKİ TƏHLÜKƏ

Dəm qazı günümüzün acı bəlasına çevrilib. Hər gün analoji hadisədən zəhərlənmə və ölüm halları yaşanır. Bu hal xüsusilə soyuq havalarda özünü büruzə verir. Maraqlıdır, evimizdəki gizli düşməndən özümüzü necə qoruya bilərik? Hansı məqamlara diqqət etmək bizi bu bəladan sığortalayar? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bir sıra önəmli məqamlara toxunub: “Payız-qış aylarında havaların soyuq keçməsi istiliyə olan təlabatı və qızdırıcı qurğulardan istifadəni artırır. Belə cihazları istifadə edərkən bir sıra vacib məqamlara diqqət etməliyik. İlk növbədə, standartlara cavab verən, sertifikasiyası olan məhsullardan istifadəni seçmək lazımdır. Sexdə kustar üsulla istehsal edilən qızdırıcılardan istifadə insan həyatını təhlükə qarşısında qoyur. Lakin iş bununla bitmir. Həmin qızdırıcının quraşdırılma məqamı da önəmlidir. Bu qurğuların quraşdırılması yalnız peşəkar şəxslər tərəfindən həyata keçirilməlidir. Peşəkar şəxslər deyəndə, bu işlə məşğul olan və rəsmi akreditasiyadan keçən müəssisənin əməkdaşları nəzərdə tutulur. Bu kimi cihazların dost-tanış ya da qonşuda olan şəxslər tərəfindən quraşdırılması tövsiyə edilmir. Çünki həmin proses zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl edilməlidir”. Ekspert hansı hallarda məkandaxilinə yerləşdirilən qızdırıcıların təhlükəli olduğundan da danışıb: “Açıq oddan istifadə edilən qızdırıcıların quraşdırılması zamanı otağın həcminə diqqət etmək ən vacib qaydadır. Hündürlüyü 2-3 kvadrat metrdən az olan, plastik qapılı hamamlarda bu kimi qurğuların yerləşdirilməsi təhlükəlidir. Əgər bu qurğu daxildə quraşdırılırsa, bu zaman otaqda havalandırma sistemi, nəfəslik və qapının aşağı hissəsində xırda dəliklər olmalıdır. Digər önəmli bir məsələ, tüstü bacalarının təmizlənməsidir. Bəzən insanlar bu məqamı nəzərə almırlar. Lakin illərlə təmizlənməyən tüstü bacalarında olan zəhərli maddələr küləkli havalarda məkanın içinə toplanır. Bu zaman yanma prosesi pozulur. Nəticədə iysiz və rəngsiz olan dəm qazı içəri dolur və 7 dəqiqədə insan həyatına son qoyur”. Mütəxəssis bildirir ki, qızdırıcı qurğuların ən təhlükəsizi kombilərdir: “Hər gün dəm qazından ölüm hallarının baş verməsi xəbərləri ilə qarşılaşırıq. Bunun səbəbi qızdırıcılarla bağlı təhlükəsizlik məsələlərinə düzgün riayət etməməkdir. Əksər ölüm hadisələri açıq oddan istifadə olunan qızdırıcıların quraşdırıldığı məkanlarda yaşanır. Ola bilməz ki, evində yaxud hamam otağında kombi quraşdıran şəxsin başına belə bir hadisə gəlsin. Buna görə, kombilər daha təhlükəsizdir”.

Rusların iki zenit-raket sistemi məhv edildi

Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarına atəş zərbələri endirməkdə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, gün ərzində müdafiə aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 10 zərbə endirib. Rusiya tərəfinin iki zenit-raket kompleksi və 7 artilleriya vasitəsi məhv edilib.

Əməliyyat zamanı dava: Həkimlər bir-birinə alətlər atdı

Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb. BAKU.WS-in xəbərinə görə, bu barədə teleqram kanalı məlumat yayıb. Məlumata görə, Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında mübahisə bir neçə ildir ki, davam edir. İki il əvvəl mədəsi partlayan xəstə əməliyyat masasında uzanan zaman həkimlər birbaşa cərrahiyyə şöbəsində dava salıblar. Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən şöbə müdürü əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrah çağırılmasını tələb edib. Həkim imtina edərək işini davam etdirib, daha sonra müdir onu vurub. Həkimlər bir-birinə alətlər atarkən xəstə əməliyyat masasında gözləyib. Üç ay əvvəl başqa bir xəstənin qeydiyyatı zamanı yaranan fikir ayrılıqlarına görə həkimlər yenidən xəstəxanada dava salıblar. Müdir ona arxadan hücum edib, cərrah isə onun üzünə iki dəfə zərbə endirib.

90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekrord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur. Kəskin qiymət artımının səbəbləri? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var: “Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb. Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.

“Vosmoy bazarı”nı bu qüvvələr ələ keçirir – VİDEO

Artıq bir neçə gündür ki, “8-ci km bazarı” ilə bağlı müzakirələr başlayıb. Sözügedən bazarın ya bağlanacağı, ya da digər əraziyə köçürüləcəyi bildirilir. Bazar rəhbərliyi yayılan məlumatların yalan olduğunu söyləyib, buna baxmayaraq, orada çalışan satıcılar, alış-veriş edən vətəndaşlar narahatdırlar. Çünki indiyə qədər bu cür söz-söhbət yaranan ticarət mərkəzləri sonda bağlanıb və ya başqa əraziyə köçürülüb. Globalinfo.az məsələ ilə bağlı “8-ci km bazarı”nda çalışan satıcı və sahibkarlarla danışıb. Onlar bildiriblər ki, hələlik konkret bir məsələ olmasa da, çox narahatdırlar. Ətraflı videoda:

“8-ci km bazarı”nın ərazisi neçəyədir? - Şok qiymət

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən “8-ci km bazarı” barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək. Sozcu.az xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Globalinfo.az-a açıqlamasında həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib: “Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-80 min manat təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır”. R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub: “Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər”. İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 25 milyon manatdan çox edir.

Mətləb Məhəmmədoğlu vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mətləb Məhəmmədoğlu vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat yayıblar.  Məlumata görə, əslən Ağsu rayonundan olan şair son günlərədək dostlarına səhhətindən şikayət etməyib.  Bu gün yatıb ayılmayan mərhumun qəfil ürəktutmasından öldüyü ehtimal olunur.  Allah rəhmət eləsin. 

“Hədəfimiz Qarabağı geri qaytarmaqdır”

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclasında hazırda “Ayakve” mülki qanunvericilik təşəbbüsünün irəli sürdüyü qanun layihəsi müzakirə edilir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşəbbüs üzvləri və buna dəstək verən ermənilər parlament binası yaxınlığında toplaşıblar. Həmin qanun təşəbbüsünə görə, Qarabağın Azərbaycanın tərkibində sayılması cinayət sayılır. “Ayakave” təşəbbüsünün koordinatoru Avetik Çalabyan adıçəkilən komissiyanın 12 üzvündən 8-nin hakim “Vətəndaş sazişi” partiyasının üzvü olduğunu xatırladıb. “Onlar öz mövqelərini müxtəlif yollarla ifadə ediblər və bu da hüquqi baxımdan zəif, absurd və əsassız cavabdır. Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə, öncə onun öz müqəddəratını təyinetmə hüququnu bərpa etməliyik”, - deyə Çalabyan bildirib.

Səfər Mehdiyevlə bağlı sensasiya: külli miqdarda vəsaitlə...

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb. Axar.az-a daxil olan məlumatda bildirilir ki, S.Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır. Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı ildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S.Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır. Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.

Bakıda daha bir məktəbdə qızılca aşkarlandı: Sinif bağlandı

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Sozcu.az bakupost.az-a istinadən xəbər verir ki, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb. Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib. Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb. Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib. Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.

Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olundu

"Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər”.

Rusiya Ukraynada daha 770 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 770 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 332 810 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 5 zirehli döyüş maşını, 12 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Kəlbəcərdə saxlanılan erməni diversantının MƏHKƏMƏSİ KEÇİRİLİR

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Sozcu.az xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutur. Hakim prosesdə elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Bununla yanaşı, ona hüquqlarını izah edib. Qaqik Voskanyanın anket məlumatları  dəqiqləşdirilib. Belə ki, o, 1983-cü ildə İrəvan şəhərində anadan olub, subaydır və orta təhsillidir. İrəvanda Davtaşen küçəsində 17 nömrəli məhəllədə qeydiyyatdadır. Qaqik Voskanyanın hüquqlarını dövlət hesabına vəkil Dilsuz Məmmədov müdafiə edəcək.

Rusiyanın itkiləri 332 mini ÖTDÜ

Ukrayna müharibənin 648-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 332 040 hərbçi, 5 575 ədəd tank, 10 396 ədəd zirehli döyüş maşını, 7 949 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 432 ədəd avtomobil texnikası, 5 995 ədəd PUA, 1 569 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 140 xüsusi avadanlıq itirib.

ABŞ bu raketləri Asiyaya yerləşdirir

ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb. “Bu cür silahların Çinin qarşısını almaq üçün soyuq müharibədən sonra ilk dəfə regionda peyda olacağı gözlənilir. Söhbət “Standard Missile-6” və ya “Tomahavk” qanadlı raketlərindən gedir. Bu raketlərin uçuş məsafəsi 500-dən 2.7 min kilometrə qədərdir”, - məlumatda qeyd olunub.

Pakistanda silahlı hücum - 11 ölü

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb. Diamer rayon icra başçısının müavini Arif Əhmədin sözlərinə görə, hadisə dekabrın 2-də Çilas şəhəri ərazisində baş verib. Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub. Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var. Ölkədəki terror qruplarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

57 yaşlı kişi intihar etdi

Yevlax rayonunun Balçılı kəndində intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, rayon sakini, 1966-cı il təvəllüdlü Mübariz Xəlilov özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Qanuni oğrular”ın rəhbəri İstanbulda YAXALANDI

Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib. İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda tutulub. Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq: “Onların nəfəsini kəsəcəyik...”

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - Foto

Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Sozcu.az sputnik.az-a istinadən xəbər verir ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib. Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb. "Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu", - atası deyib.

General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə Rəfail Xələfov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub. Prosesdə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə olunan məlumata görə, Rəfail Xələfovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Hakim əlavə edib ki, Rəfail Xələfovun təqsirləndirilən şəxs qismində barəsində cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin hüquqlarından istifadə olunmaqla ifadə verir. Rəfail Xələfov ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. O qeyd edib ki, onun şöbəsi maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata keçirib: “2017-ci ilin sonundan 2021-ci il yanvarın 1-ə qədər qurumda mənimsəmələrə yol verilib. Maliyyə idarəsinə ayrılan pullar idarə, şöbə və hərbi hissələrə paylanılıb. Həmin vəsaitlərin 20 faizi maliyyələşdirmədə, 30 faizi isə təftiş vaxtı geri alınıb. Bu isə idarədə bir qayda olub. Bu qaydaları da idarə rəisi qoyub. Heç kimdə buna etiraz etməyib, hamı da buna razı olaraq işləyib. Məsələn, xərclərdən artıq 10 min manat pul ayrılıbsa, bunun 2 min manatını maliyyələşdirmə alırdı, 3 mini təftiş şöbəsi, 5 min manatı isə özlərinə qalırdı. Bütün bunlar Nizami Məmmədova məruzə edilirdi”. Sabiq şöbə rəisi qeyd edib ki, 2021-ci ildə N saylı hərbi hissədə təftiş zamanı 1 milyon 700 min manat yeyinti olması aşkar olunub: “Həmin təftişi Həsən Paşayev aparırdı. Təftişin sonunda 500 min manat pul alındı. Həmin pullar barədə də idarə rəisinə məruzə edildi və vəsait təhvil verildi. Daha sonra nazirliyin Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə yol verilməsini müəyyən edib. Həmin təftişi aparan Teymur Teymurov tərəfindən 400 min manat mərkəzdən alınaraq mənə verildi. Həmin pulu gətirib idarə rəisinə təhvil vermişəm. Bundan başqa təftişlərdən başqa nazirliyin özünün inspeksiyaları hərbi hissələrə maliyyə şöbələrinə yoxlama aparırdı. Nizami Məmmədovun tapşırığı ilə gedib o məsələləri həll edirdim. Yoxlamalar zaman çıxan problemlərə görə pullar alınıb, məsələnin həlli üçün istifadə olunub”. Rəfail Xələfov deyib ki, Vətən müharibəsindən sonra pul almaq söhbətləri bitib: “İdarə rəisi hamını yığıb bu cür işləməyə son verdiklərini deyib. 2021-ci ilin yanvarın 1-dən bu məsələlərə son qoyulub”. O, prokurorun suallarını cavablandıran zaman dəymiş ziyandan 4 milyon 100 min manat ödədiyini deyib. Bu zaman digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov replika ataraq, Rəfail Xələfovun 25 milyon manatdan çox pul mənimsədiyini deyib. Bundan sonra tərəflər arasında mübahisə düşüb, hakim hər iki şəxsə xəbərdarlıq edib. Sualları cavablandıran Rəfail Xələfov deyib ki, ildə 2 dəfə idarə rəisi tərəfindən xüsusi tapşırıqlar alıb: “Xüsusi tapşırıq olurdu, maliyyələşmə və bizim təftiş şöbəsi hərəyə 1 milyon 200 min manat pul toplayıb idarə rəisinə verirdik, onun həmən pulu kimə verməsindən xəbərim yoxdur”. Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq və məhkəmə dövründə verdiyi ifadələrin ziddiyyətli olmasını izah edə bilməyib. Vəkil “20 nəfərlə istintaq zamanı üzləşmən olub, sizə böyük məbləğlərdə pullar verilib, həmin pullarla bağlı rəhbərliyə məruzə etməmisiz” sualına Rəfail Xələfov belə cavab verib: “Bütün vəsaitlərlə bağlı Nizami Məmmədova məruzə etmişəm”. Vəkilin sualına cavab verən şəxs qeyd edib ki, ümumi dəymiş ziyan olan 143 milyon manat yeyintinin olmasına inanmır: “İş üzrə dediyim kimi yeyintilər olub, amma mənim fikrimcə zərər 143 milyon manat ola bilməz”. Təqsirləndirilən şəxslər – Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə də Rəfail Xələfova pul verdiklərini deyiblər. Vüsal Əlizadə deyib ki, Rəfail Xələfova 10 min manat verib. Bu faktı etiraf edən Rəfail Xələfov deyib ki, hansısa bayramda Vüsal Əlizadə ona pul verib: “Vüsal Əlizadə pulu stolun üstünə qoydu. Mən də götürdüm. Bunu da idarə rəisinə məruzə etmədim. Bayramda, ad günlərində hədiyyələr verilirdi, bunun məruzə olunması üçün əsas yox idi. İstintaq dövründə həmin vəsaiti də etiraf etdim və ödədim”. Daha sonra Cəlal Kazımovla Rəfail Xələfov arasında mübahisə yaranıb. Cəlal Kazımov deyib ki, onun tərəfindən pullar Rəfail Xələfova verilsə də, Rəfail Xələfov bunu etiraf etməyib. Bu zaman Cəlal Kazımov onu ittiham edib: “Deyirsiz ki, gəlib etiraf etmirlər, at kimi üzə dururlar. Sizin özünüz də burada at kimi üzə durursuz. Bütün maliyyə xidmətləri rəislərinə tapşırıqları Nizami Məmmədov yox, Rəfail Xələfov verib. Bütün pullar ona verilib. Dəfələrdə aldığı pullardan rəisinin sonradan xəbəri olub. Bunu maliyyə xidmətlərin rəisləri istintaqda da, məhkəmədə də təsdiq edib. Rəfail Xələfov aşağıları da, yuxarıları da aldadıb. Aşağılardan çox pul alıb, yuxarılara az verib”. Rəfail Xələfov isə Cəlal Kazımovu yalan danışmaqda ittiham edib. Bildirib ki, Cəlal Kazımov baş qərargah rəisi Nəcməddin Sadıkovun otağına sərbəst girib-çıxanlardan biri olub: “Bəziləri at kimi üzümə durur. Nədir, bütün pulları mənimlə Nizami yeyib? Hamı burada pul qazanıb”. Daha sonra suallar cavab verən Rəfail Xələfov deyib ki, baş verənlərdən Baş Qərargah rəisinin xəbərinin olub-olmamasını bilməyib. İş üzrə məhkəmə dekabrın 8-də davam edəcək. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə dəyən zərər 143 milyon manatdır. İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib. (APA)

“Gürcüstan etibarlı deyil, silahları İrandan daşıyırıq” - Akopyan

Ermənistan kifayət qədər çətin regiondadır, kənardan aldığımız silahları gətirmək asan deyil. İran bu baxımdan bizə yardım edir. Sozcu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Mqer Akopyan deyib. “Silahlar Ermənistana İran ərazisindən ötürülür. Hər halda, 44 günlük müharibə zamanı Ermənistana silah İran vasitəsilə daxil olub. Hindistandan gətirilən toplar da Ermənistana İran üzərindən çatdırılıb”, – ekspert bildirib. Akopyanın iddiasına görə, bu baxımdan silahların Gürcüstan üzərindən qəbul edilməsində ciddi problemlər var: “Gürcüstan yolu o qədər də etibarlı deyil”. Ermənistanın İrandan silah alması ehtimalına gəlincə, ekspert hesab edir ki, bu çətin məsələdir: “Çətin sualdır. Birincisi, hazırda İranın arsenalı çox köhnədir. İranın hava qüvvələri çox pis vəziyyətdədir. Helikopterlərinin nə qədər köhnə olduğu İran mətbuatından da aydın görünür, hər cəhətdən köhnədirlər. Ballistik və zenit raketləri baxımından öndədirlər, amma bu da özlərinə yetəcək qədərdir. Rusiya da çox az satır, üstəgəl, arada siyasi problemlər var, silahların yarısını dünyanın bir tərəfindən, yarısını isə tamam başqa tərəfdən almaq olmaz. Bu, çox pis presedent yaradacaq. Qərb silahlarını alsaq, İrandan ala bilməyəcəyik, belə bir addım atmağa dəyməz. Əksinə, İrandan alsaq, Fransa və ABŞ kömək etməyəcək”.//Teleqraf

Həkimlərin səhv qoyduğu diaqnozlar - Xəstələr nə etməlidir?

Həyatda hər kəs səhv edə bilər. Ancaq elə peşələr var ki, burada yol verilən kiçik səhv belə ağır nəticələrə səbəb ola bilir. Tibb sahəsinə də sözügedən mövzuya aiddir. Bəzən həkimin gözdən qaçırdığı nüans, ya da yalnış təsbit insanın həyatını qaralda, hətta onu sonlandıra bilir. Bu kimi təhlükələrdən yayınmaq üçün nə etməliyik? Yaxud həkimlərin səhv təyin etdiyi diaqnozun kökündə hansı məsələ var? Bu barədə həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a danışıb. Həkim bildirir ki, səhv diaqnoz qoyulan xəstələr ona da rast gəlib: “Yanlış diaqnozla bağlı hadisələr mənim də qarşıma çıxıb. İstər bölgələrdən, istərsə də paytaxt sakinlərindən bu barədə müraciət edənlər olur. Təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Həkim olaraq, hamımızda səhv ola bilər. Təbii ki, heç kəs ideal deyil. Bunu dünyanın hər bir yerində müşahidə etmək mümkündür. Amma burada vacib məqam ondan ibarətdir ki, kobud səhvlərə yol vermək olmaz. Çünki bu bəzən xəstənin həyatı bahasına başa gələ bilər. Bu problemin əsasında düzgün müayinələrin və yoxlamaların aparılmaması dayanır. Bunun qarşısını almaq üçün KİV vasitəsilə insanlar maarifləndirilməlidir. Həkim müalicə yazmadan əvvəl xəstə ondan öz diaqnozunu soruşub öyrənməlidir. Bu diaqnoz isə xəstəyə sübutla göstərilməlidir. Məsələn, “soyuqdəymə” deyə bir diaqnoz yoxdur. Ya da hər hansısa bir nahiyə ağrayan zaman həkim “sinirin sıxılır” deyirsə, xəstə sual verməlidir ki, bunu sübut edən nədir? Doğrudur, hər kəs bu məsələlərdə o qədər də məlumatlı deyil. Amma bu sualları verdikdə həkim özündə bir məsuliyyət hiss edir. Xəstəliyin hansı üsullarla təsbit edildiyi haqda məlumat almağa pasientin hüququ var”. Həkim ölkə ərazisindəki tibb müəssisələrindəki çatışmazlıqlardan da söz açıb: “Bu kimi halların yaşanmaması üçün ilk növbədə ölkədə diaqnostik təbabətin inkişafına böyük bir ehtiyac var. Diaqnostik təbabətin əsas hissəsini radiologiya əhatə edir. Bu sahə üzrə institut yoxdur. Lakin radiologiya institunun yaradılması mütləq məsələlərdəndir. Digər bir məsələ ilə ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olmasıdır. Bu məsələ qaldırılmalıdır. KT, MRT, ultrasəs və digər cihazlar bütün klinikalarda mövcud olsun. Aidiyyatı qurumlar sözügedən problemdən danışan zaman 1-2 məhşur klinikaların adını çəkib, orada həmin cihazların olduğunu nəzərə çatdırırlar. Ancaq bununla kifayətlənmək olmaz”.

Zəngəzur dəhlizi mümkün deyil – İran

Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil. Sozcu.az “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib. “Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib. O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb. İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.axar)