ABŞ-ın yeni səfiri Azərbaycanda

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. "Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik", - səfirliyin məlumatında qeyd olunub.

Rüfət Muradlı həbs edildi

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub. Qeyd edək ki, Rüfət Muradlı həm də Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvüdür.

Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək - Zelenski

Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib. O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Qızılcanın insanlar üçün yaratdığı TƏHLÜKƏ AÇIQLANDI

“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”. Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”. Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”. L.Qalimova əlavə edib ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yoluxurlar: “Yüksək risk qrupuna 5 yaşdan aşağı olan immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb. Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir. Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.

Türkiyə ordusu 8 terrorçunu məhv etdi

Türkiyə ordusu “Fərat qalxanı” əməliyyat bölgəsində təxribata hazırlaşan PKK/YPG-nin 6 terrorçusunu məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkar edilən 2 PKK üzvü də zərərsizləşdirilib.

İranda edamların sayı: Rekord göstərici...

2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, İsrail-HƏMAS arasında müharibə başlayandan sonra İranda edam edilənlərin sayı daha da artıb. Təkcə 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib. Məlumata görə, cari ilin 11 ayı ərzində icra edilən edamlar son 8 ilin rəqəmləri ilə müqayisədə rekord kimi qeydə alınıb. Bununla bağlı Avropa Birliyi (AB) bəyanat yayaraq, İran hökumətinin əməlini “dəhşətli və qeyri-insani davranış” adlandırıb, bu ölkədən edamları dayandırmağı tələb edib. AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib, Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib.

Bazar gününün HAVASI: 23 dərəcə isti olacaq

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. 

Qəzzada ölən jurnalistlərin sayı artdı

İsrail-Fələstin toqquşması nəticəsində ölən jurnalistlərin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat verib. Fələstin və İsrail arasında müharibə başlayandan 61 media nümayəndəsi həlak olub.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 647-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 331110 hərbçi, 5571 ədəd tank, 10385 ədəd zirehli döyüş maşını, 7941 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 410 ədəd avtomobil texnikası, 5994 ədəd PUA, 1568 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1138 xüsusi avadanlıq itirib.

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı. Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.

Anasının döydüyü qız reabilitasiya şöbəsinə YERLƏŞDİRİLDİ

Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb. Bununla bağlı Sosial Xidmətlər Agentliyindən Sozcu.az-a bildirilib ki, sözügedən yeniyetmə Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib. "Onunla bağlı ilkin qiymətləndirmə aparılaraq, zəruri ilkin tibbi yardım həyata keçirilir. O müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq", - deyə cavabda qeyd edilib. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.

Nəcməddin Sadıkov "Tərtər işi"nə görə niyə dindirilmir ?

2017-ci ilin aprel-iyun aylarından sonra mütəmadi olaraq mətbuatda işıqlandırılan, cəmiyyətdə də birmənalı qarşılanmayan “Tərtər işi” ilə bağlı zaman-zaman müxtəlif detallar üzə çıxır. Zərərçəkənlər dindirildikcə yeni sirlərin üstü açılır və prosesdə əli olan simaların adı çəkilir. Məsələnin maraqlı tərəfi isə yüksək rütbəli şəxslərin verdiyi ifadələrdə öz əksini tapır. Belə ki, dindirilənlər prosesdə sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkir və israrla onun da dindirilməsini tələb edirlər. Bu isə bir sual yaradır: belə olan halda Nəcməddin Sadıkov “Tərtər işi” ilə bağlı niyə dindirilmir və ümumiyyətlə, onun ifadə verməsi gözləniləndirmi? Mövzunu KONKRET.az  – a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, “Tərtər işi” ilə əlaqədar ilk gündən bəri tək Nəcməddin Sadıkov yox, prosesdə adı hallanan digər iri fiqurların da məsuliyyətə cəlb olunması, istintaq tərəfindən dindirilməsi və təkcə icraçıların deyil, həm də tapşırıq verənlərin cinayətə cəlb olunması ilə bağlı fikirlər səsləndirilib: “Hərçənd bir zamanlar hakimiyyət bu hadisələri inkar edirdi, ancaq yenidən gündəmə gəldi və nəticədə məhkəmələr oldu, günahsız yerə cəza çəkənlər bəraət aldı, müəyyən günahkar şəxslər cəzalandırıldı. Məncə, bu proses yenə də davam edəcək. O ki qaldı Nəcməddin Sadıkov və onun timsalında rəhbərlikdə təmsil olunanların hələ də məsuliyyətə cəlb olunmamasına, mən burada siyasi səbəblər görürəm. Çünki bunun başqa izahı yoxdur. Əminəm ki, siyası səbəblər istintaqa təsir göstərməsə, bu prosesi 1-2 ay ərzində ədalətli şəkildə həll etmək olar. Amma müxtəlif siyasi və dövlət maraqları, daxili münasibətlər sistemi bu istintaqın ədalətli və şəffaf aparılmasına imkan vermir”. Partiya sədrinin sözlərinə görə, icraçılar tutulub cəzalandırılırsa, sifarişçilər də həbs olunmalıdır: “Yəni burada səbəb sırf siyasidir, nəinki texniki. Bir sözlə, siyasətin istintaq prosesinə müdaxiləsi dayanan kimi bu məsələ də həllini tapacaq”. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev da hesab edir ki, “Tərtər işi”ndə ən çox adı hallananlardan biri Nəcməddin Sadıkovdur: “Bu səbəbdən də, təbii ki, o, mütləq dindirilməlidir. Bu, çox həssas cinayət işidir. Bu işdə günahı, cinayəti sübut olunan hər kəs tutduğu vəzifədən asılı olmayaraq, çox sərt surətdə cəzalandırılmalıdır”, – deyə BAP sədri əlavə edib.

“Vosmoy bazarı”nda nə baş verir? – “Başqa holdinqə satılıb”

“8-ci km bazarı” kimi tanınan Ticarət Mərkəzinin ləğv ediləcəyi haqda xəbərlər yayılıb. Bildirilir ki, bazar ləğv ediləcək. Bazarla bağlı on illərdir oliqarxlar, nazirlər arasında böyük mübarizə gedir. Akif Çovdarovun, Eldar Mahmudovun, Fərhad Əliyevin və digərlərinin adıçəkilən ticarət mərkəzində payları var idi. Hətta məşhur məhkəmə proseslərində “Vosmoy bazarı” ilə bağlı proseslər də keçirilib. Bundan başqa, oranın başqa əraziyə köçürüləcəyi haqda məlumatlar dolaşdı. Sonradan məlum olmayan səbəbdən layihə təxirə salındı. Çünki sözügedən ticarət mərkəzində çox böyük pullar dövr edir. Globalinfo.az “Vosmoy bazarı”nın adının çəkilməsini istəməyən əməkdaşı ilə danışıb. O, bildirib ki, artıq uzun müddətdir ki, ticarət mərkəzinin bağlanacağına dair xəbər var: “İlk dəfə “Diqlas” yandıqda şayiə yayıldı ki, bazar ləğv ediləcək, lakin uzun müddət keçməsinə baxmayaraq, ləğv edilmədi. Daha sonra dedilər ki, bazarı “Yeni Günəşli”yə köçürəcəklər və adı dəyişdiriləcək. Hətta neçə vaxtdır buranın köçürüləcəyini gözləyirdik. Bu gün də ümumiyyətlə bazarın bağlanmayacağı deyildi. Amma bizdə olan məlumata görə, “8-ci km bazarı” başqa holdinqə satılıb. Ümid edirik, yeni sahib ərazini köçürməz və bazar bağlanmaz”.

Ermənistanda qəza: hərbçi öldü

Ermənistanda zəncirvarı yol qəzasında iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, “Ford” və “Mersedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb. Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar. Qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.

Hər dəqiqədə 1 nəfəri öldürən xəstəlik: Ölkəmizdə vəziyyət necədir?

Hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Həmin xəstəliklə əlaqədar tez-tez beynəlxalq səviyyədə genişmiqyaslı tədbirlər təşkil olunur. BMT-nin məlumatına görə, dünyada hər 4 dəqiqədə QİÇS-dən bir nəfər ölür. Hər həftə 4000 nəfər İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir. Məlumata görə, region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu ilin 11 ayı ərzində 792 nəfərdə İİV infeksiyası aşkarlanıb. Onların 761 nəfəri Azərbaycan vətəndaşıdır. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. QİÇŞ-lə bağlı ən böyük problemlərdən biri bu xəstəliyə yoluxan insanların cəmiyyətdən təcrid edilməsidir. Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırkı dövrdə QİÇS o qədər də qorxulu xəstəlik deyil. "Bunun müalicə yolları var, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq düzgün deyil. Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq  və s. yollarla yox, birbaşa qan vastiəsilə keçir", - o qeyd edib. Ekspert deyir ki, uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə, xəstəliyin qarşısını almaq bir o qədər mümkün olar. "Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.

Rusiyanın 8,8 milyard dollarlıq aktivləri donduruldu

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.  Məlumata görə, 2022-ci ilin dekabrında ölkə hakimiyyəti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın aktivlərinin dondurulmasına başlayıb. 

İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc etdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza sakinlərin təxliyəsi üçün Qəzza zolağının xəritəsini yeni məlumat dərc edib. Sozcu.az xəbər verir ki, IDF bu barədə "X" sosial media hesabında məlumat paylaşıb. Məlumata görə, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub. İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır - Jdanov

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Onu zədələmək üçün gücümüz və vasitəmiz var. Körpünün vurulmaması hərbi qərardan daha çox, siyasi xarakter daşıyır. Struktur texniki cəhətdən o qədər mürəkkəbdir ki, bu körpüdəki hər hansı partlayış onun işinin dayanmasına və uzunmüddətli təmir-bərpa işlərinə səbəb ola bilər”, – Jdanov əlavə edib.

“Sülh” deyib sülhə mane olanlar...

Qarabağ münaqişəsi başlandığı gündən dildə “sülh” deyib əməldə qızışdırıcı rol oynayan dünya bu gün, Azərbaycan ərazi bütövlüyünə real olaraq nəzarəti bərpa edəndən sonra da, qızışdırıcı mövqeyindən əl çəkmir. 44 günlük müharibə bitəndə bir cür, antiterror əməliyyatından sonra başqa cür yollarla sülhün yaranmasına əngəl olmaq siyasəti davam edir və Ermənistan həmişə olduğu kimi bu siyasətdə alət rolundadır. Fəal şəkildə Qərbdən, eyni zamanda son vaxtlar bir az passiv olsa da Rusiyadan gələn siqnallara, bəyanatlara, çağırışlara Ermənistan bir ümid yeri kimi baxır: “bəlkə Qarabağı qaytardılar”, “bəlkə Azərbaycanı cəzalandırdılar”, “bəlkə...” və bu bəlkələr əbədi olaraq ermənini yanlış, həm də taleyüklü yanlışlar içərisində boğsa da, hələ də özlərinə deyil, kənar qüvvələrə inanmaqda davam edirlər. Son günlərin sülhə maneə törədənlərinin siyasətinə nəzər salaq... Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin daha çox reallaşacağı bir vaxtda Qərb platforması son iki ayda apardığı siyasətə sadiq qalaraq bir daha iki ölkə arasında barışın yaxınlaşmasına mane olur. Daha doğrusu, Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə komitəsi illik hesabatını qəbul edib və hesabatda Azərbaycana qarşı əsassız iddialar, hücumlar və Azərbaycanı təcrid edəcək çağırışlar yer alıb. Azərbaycanı “Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hücumda” pisləyən, bunun “nəticəsiz qalmayacağı”ilə təhdid edən Avropa Parlamenti “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə” çağırış edib. Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun dayandırılması və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur...  İkinci anti-sülh çağırışı Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən gəlib. Təzadlıdır deyilmi? Adın sülh fondu ola, amma Ermənistanı silahla təmin etməyə qərar verəsən, özü də sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda...  Dünən Skopyedə ATƏT-in 30-cu Nazirlər Şurası forumunda Ararat Mirzoyan çıxışına belə bir başlıq verir: “.., Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməkdən əl çəksin”. Ardınca, qeyri-səmimiliyi çıxışının hər cümləsində özünü göstərir. Ermənistan XİN rəhbəri Azərbaycana qarşı elə ittihamlar irəli sürür ki, bu, sülhə deyil, savaşa səsləməkdir. Diqqət edək:  “Doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib. Bu, yerli əhalinin Dağlıq Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsinə səbəb oldu. Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə - erməni əhalisi olmadan Dağlıq Qarabağ ərazisini əldə etməyə nail oldu. Amma bundan sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. İndi Ermənistanın bütün suveren ərazisi qonşumuz üçün hədəfə çevrilib. Bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.  Beynəlxalq platformada bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir. Sülh istəyən belə danışmaz. Sülh istəyən Ermənistanı silahlandırmaz. Sülh istəyən Azərbaycanı sanksiya ilə hədələməz. Sülh istəyən vasitəçi.., tərəf tutmaz. Üstəlik, sülh istəməyənlərin Azərbaycanı hədəfə alan bəyanatları məhz vasitəçisiz olaraq delimitasiya komissiyalarının sərhəddə ikitərəfli görüşü keçirilən gün elan olunur. Sərhəddə vasitəçisiz keçirilən ikitərəfli görüşün daha çox Azərbaycan cəmiyyətinin gündəmində olduğunu desək, yanılmarıq, çünki Ermənistanı dünən də, bu gün də ən çox narahat edən Yuxarı Lars yolunda erməni maşınlarının Rusiya sərhəddini keçə bilməməsi və əksəriyyət maşınların da geri qaytarılmasıdır. Rusiya tərəfindən fitosanitariya adı altında yüklərin buraxılmamasını təzyiq kimi qiymətləndirən ermənilər təlaş içərisindədirlər. Vaxtilə Rusiyanın postsovet respublikaları- Moldova və Gürcüstana, daha sonra Türkiyəyə bu ad altında təzyiqlər göstərdiyi məlumdur və artıq ermənilər də sərhəddə baş verənləri “Ermənistan diz çökdürülür” kimi qəbul edirlər. Amma yenə Azərbaycanla sülh bağlamaqdan müxtəlif bəhanələrlə qaçırlar. Əgər sülh olsaydı, Zəngəzur yolu Azərbaycan üçün açılsaydı, Ermənistan da Azərbaycandan keçməklə alternativ yoldan istifadə edə bilərdi. lakin erməni siyasiləri, politoloqları, hətta sıraviləri bu variantı belə vəziyyətdə də dilə gətirmirlər... Ermənilər və ermənipərəstlər səhv edə-edə 30 ildir yol gəlirlər, indi də növbəti səhvlərini edirlər, gec-tez bizim mövqeyimizə razılıq verəcəklər, çünki  bizim karvanımız düz yoldadır... moderator) İlham İsmayıl

Paytaxtda bir məktəb ibtidai siniflər üçün distant tədrisə keçdi – Qızılcaya görə

Qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. “Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - İdarənin məlumatında bildirilib.

Rusiyanın Ukraynadakı itkiləri 330 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1280 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 330 040 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 32 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

11 yaşlı qız dəm qazından boğularaq öldü

Mingəçevir şəhərində 11 yaşlı qız dəm qazından boğulub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Ş.Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Daha bir uşaq qızılcadan öldü - Rəsmi

2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən bildirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

Məktəblər qızılcaya görə bağlanacaq? - Nazir

Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.