Ağsuda qorxu dolu səhər – Küçə itləri məktəbə gedənləri hədəfə alır

Ağsuda küçə itləri təhlükəyə çevrilib – Uşaqların həyatı risk altındadır

Sozcu.az xəbər verir ki, Ağsuda küçə itlərinin çoxalması artıq ciddi təhlükəyə çevrilib. Sakinlərin sözlərinə görə, məktəb yollarında və həyətlərdə sürü halında gəzən küçə itləri uşaqlara və sakinlərə real təhlükə yaradır.

Məsələ ilə bağlı Sozcu.az saytının direktoru Anar Rəsullu bildirib ki, vəziyyət narahatlıq doğurur:

 “Səhər uşağı məktəbə apararkən küçə itləri sürü halında qarşımıza çıxdı — maşına hücum etdilər. Özüm maşınla idim, amma piyada gedən uşaqların və valideynlərin vəziyyətini təsəvvür etmək belə qorxuludur. Küçə itləri məktəb yollarında, küçələrdə sərbəst dolaşırlar. Bu, həm uşaqlar, həm də sakinlər üçün real təhlükədir.”

Anar Rəsullu aidiyyəti qurumlara müraciət edərək təxirəsalınmaz tədbirlərin görülməsini istəyib:

 “Xahiş edirəm, aidiyyəti qurumlar təcili şəkildə tədbir görsünlər. Küçələrdən, xüsusilə məktəb ətraflarından itlər yığışdırılsın! Bu məsələ artıq təhlükəsizlik problemidir və gecikməyə yol vermək olmaz. Uşaqlarımızın təhlükəsizliyi hər şeydən vacibdir!”

Sakinlər ümid edirlər ki, məsul qurumlar problemi görməzdən gəlməyəcək və qısa zamanda Ağsu küçələrində təhlükəsizliyin təmin olunması üçün addımlar atılacaq.

Share on Facebook