Taleyinin onun üzünə güldüyü zamanlar idi. Qısa zaman kəsiyində varlanmışdı. Ölkənin ən zəngin biznesmenlərindən birinə çevrilmişdi. Obyektlərinin sayı-hesabı yox idi. Üstəlik, xarici ölkələrdə də bizneslə məşğul olurdu, yeni ticarət mərkəzləri açdırırdı. Bütün bunlar təbii ki, əla idi. Amma o, özünü ən çox nazir təyin edildiyi gün xoşbəxt hiss etmişdi. Belə ki, yuxarı dairələrlə sıx əlaqələri və şəxsi keyfiyyətləri nəticəsində ölkədəki nazirliklərdən birini ona tapşırmışdılar. Bu təyinatdan sonra onun biznesi daha da çiçəklənməyə başladı. Artıq ölkəyə gəlib-gedən mallar onun nəzarətinə keçmişdi. İcazəsi olmadan heç kim Azərbaycana bircə çöp belə gətirə bilməzdi. Nəticədə rəqiblərini sıradan çıxartmışdı. Onun üçün əsas iş pul qazanmaq idi. Məqsədinə çatmaq üçün edə bilməyəcəyi heç nə yox idi. Bu yolda çoxlarını “ağlar” qoymuşdu, çoxlarının həyatını cəhənnəmə çevirmişdi.
Günlərin bir günü, fələyin çərxi geriyə fırlanmağa başladı. Əvvəlcə onu işdən çıxartdılar. Nəticədə illərlə yığdığı var-dövlət əlindən çıxdı. Vəzifəsini və var-dövlətini itirdikcə ətrafındakı dostlarının sayı da azalmağa başladı. Vaxtı ilə yan-yörəsində var-gəl edənlər indi artıq gözə dəymirdilər. Vəzifəsini itirməsi ailəsinə də təsirsiz ötüşmədi. Ailəsi də ondan uzaqlaşıb xaricə qaçdı. İndi o, tək qalmışdı. Şah saraylarına bənzəyən villasında tənha yaşamağa məhkum idi. Üstəlik, səhhətində də ciddi problemlər var idi. Ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Əlil arabasına məhkum olması işlərini daha da çətinləşdirirdi. Vaxtı ilə göz yaşlarını axıtdığı insanların ahı tutmuşdu onu. Bu qədər yüksəklərə qalxdıqdan sonra əlil arabasında əsir qalmaq əsəblərini korlamışdı. İndi işi-gücü bu arabada oturub gözünü uzaqlara zilləmək, ötən günləri yadına salıb göz yaşı axıtmaqdan ibarət idi. Onu yandıran bir başqa məsələ isə qulluqçuları idi. Vaxtilə bəyənmədiyi qohum-əqrəbası indi ona baxırdılar. Daha doğrusu, onlara möhtac qalmışdı. Qohumları isə təbii ki, ötən günlərin əvəzini çıxırdılar. Onunla heç də həmişə xoş davranmır, bəzən onu incidirdilər. Üstəlik, gördükləri işin müqabilində ondan həddən artıq çox pul alırdılar. Bir zamanlar az qala bütün ölkəyə hökmranlıq edən birisinin indi əlil arabasında heç qulluqçularına da söz keçirdə bilməməsi, əlbəttə, ağır idi. İndi onun edə biləcəyi yeganə şey ömrünün başa çatmağını gözləmək idi. O gün isə gəlmirdi ki, gəlmirdi.
O, oturduğu arabanın təkərlərinə güc verib, həyətdəki tut ağacının altında gəlib, dayandı. Başını qaldırıb ağacın hündürlüyünə göz gəzdirdi. Budaqların birindəki sərçə yuvasını görüb qulluqçuya səsləndi:
- İt qızı, it! Tez buraya gəl!
Qulluqçu səsinə səs vermədi. Bu dəfə qışqırdı.
- Ay itdən əmələ gələn, tez yanıma gəl!
Bir az sonra qulluqçu tut ağacının altında peyda oldu.
- Sizi eşidirəm, müəllim.
- Zəhrimarağrı! Bu yuvada niyə sərçə yoxdu?
Qulluqçu əvvəlcə heç nə başa düşmədi sonra başını qaldırıb tut ağacına göz gəzdirəndə söhbətin hansı yuvadan getdiyini anladı.
- Hə, bu yuvanı deyirsiniz?
- Orada başqa yuva var?
- Yoxdur.
- Bu yuvanın sərçəsi hansı cəhənnəmə vasil olub?
- Mən hardan bilim ay müəllim?!
- Bu yuvada sərçə yoxdursa, nə üçün bu yuva bu ağacda yer tutmalıdır, Adəmə de, kəsib atsın bu ağacı.
- Başıma xeyir, niyə ay müəllim?
- İtil cəhənnəmə, Adəmi çağır!
O əlini telefonuna aparıb, bank hesabını işə saldı. Adəmin kart hesabına iyirmi manat pul köçürtdü. Elə bil Adəm də bunu gözləyirmiş. Çox keçmədi ki, əlində balta tut ağacının altında zühur etdi. Başladı ağacın kötüyünü baltalamağa. Baltaladı, baltaladı və birdən qışqırtı səsi eşidib dayandı.
- Adəm! A.a.a.adəm! Məni iş otağıma apar, tez!
Adəm, əlil arabasına məhkum olmuş keçmiş naziri iş otağına apardı.
- Kömək elə Adəm, məni kresloma oturt!
Adəm onu kreslosuna oturtdu və bir az kənara çəkilib ona təccüblə baxdı. Kişi də gözlərini Adəmin gözlərinin içinə zilləyib, çənəsini qabağa verdi. Sonra acı bir qəhqəhə çəkib, ürəkdən güldü. Adəm dedi:
- Dəli olmusan a kişi?
O isə elə hey, gülürdü. Güldü, güldü, sonra qəfil gülüşləri kəsildi, gözləri dirəndi, öldü!
Adəm qorxa-qorxa barmağını dişləyib özü-özünə dedi:
- Ə.ə.ə bu nə gic adamdır ə.ə.ə! Öləndə də yuva yıxıb, kreslosunda öldü. Tfu.u.u.u!
Əbil Həsən