SON DƏQİQƏ! “Trendyol” qiymətləri bir neçə dəfə artırdı

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un  Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı yeni məlumatlar yayılıb.  Sozcu.az xəbər verir ki, “Trendyol” daşıma qiymətlərini bir neçə dəfə artırıb.  Belə ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.  Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.  Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.yensabah)

Gürcüstanda keçirilən aksiyaya Avropalı diplomatlar da qoşuldu

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir. Sozcu.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər. Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar. Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də etiraz aksiyasına qoşulublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Lukaşenko Azərbaycana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Sozcu.az  xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Məlumata görə, dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.

Göyçay rayonunun Çaxırlı kənd sakinləri iş adamından şikayətçidir - VİDEO

Göyçay rayonu, Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu Sozcu.az saytına müraciət edərək bildirir ki, iş adamının yaratdığı süni göl kəndə cidid şəkildə su prpblemi yaradır. Şikayətçi bildirir ki, iş adamı həmçinin onlarla ağacları kəsərək kologiyaya ciddi ziyan vurur. Əsgərov Samir Zahid oğlunun şikayətini olduğu kimi təqdim edirik:  "Bir nəfər iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndin torpaqlarını məhv edir. Göyçay rayonu Çaxırlı kənd sakini iş adamı Əsgərov Vidadi Faxrət oğlu Çaxırlı kəndində 20 hektardan çox örüş yerini qanunsuz qazaraq yaratdığı sünü gölün kənarında olan çoxlu sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv etmişdir. Həmin yurğun və söyüd ağaclarının yandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliynə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib. Həmin vaxt Vidadi Əsgərovun bu qanunsuz işi görməsi təsdiq edilsədə indiyə qədər heç bir tədbir görülməyib.Buda onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi bu əməlinində üstünü ört-basdır etməyə nail ola bilmişdir.  Vidadi Əsgərovun qanunsuz əməllərinin üstünü öz marağına görə ört-basdır edən vəzifəli şəxslər özləri cəzalanmalıdırlar. Çünki Vidadi Əsgərovun qanunsuz yaratdığı sünü göl 3 km-dən çox ərazinin torpaqlarını şoranlaşdırıb məhv edir məhsuldarlığı aşağı salır. Həmçinin çoxlusayda yurğun və söyüd ağaclarını yandırmaqla təbiətə və ekologiyaya ciddi ziyanlar vurub. Vidadi Əsgərovun yurğun və söyüd ağaclarını yandırıb məhv etməsi cinayət əməli hesab olunur.       Azərbaycan Respublikasının 260.2-ci maddəsinə əsasən yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vidadi Əsgərov qəsdən meşə fonduna aid olmayan ağac və kolları yandıraraq məhv etmişdir.  Həmçinin Vidadi Əsgərov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb. Həmin göldən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edir.Nəticədə həmin gölün ərazisinə aid torpaq sahəsinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Şəxsən bizim 5, 27 hektar torpaq sahəmizdə saldığımız bağın 2108 ədəd ağacı bu gölə görə quruyub məhv olmuşdur.   Bütün bunlar göz qarşısında baş vermiş qanunsuz əməllər olsada pul hesabına üstü ört-basdır edilir.Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək.Buna görə Azərbaycana dünyanın bütün ölkələrindən nümayəndələr gələcək.Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.   Vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları təbiəti bir yerdə qorumalıyıq.Öz şəxsi maraqlarına görə ekologiyaya, təbiətə küllü miqdarda ziyanlar vuran Vidadi Əsgərov və onu himayə edən vəzifəli şəxslərə qarşı birgə mübarizə aparıb onları qanunlara tabe etməliyik.      Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı mərkəzi orqanlar tərəfindən komissiya yaradlıb ərazidə təcili yoxlama aparılsın yurğun və söyüd ağaclarını yandırıb məhv etdiyinə və 20 hektardan çox örüş torpağnda qanunsuz süni göl yaradıb təbiətə, ekologiyaya, dövlətə, kənd təsərrüfatına və sakinlərə küllü miqdarda ziyanlar vurduğu üçün Əsgərov Vidadi Faxrət oğlunun və onun cinayət əməllərinin üstünü ört-basdır edən vəzifəli şəxslərin barəsində təcili və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz. 

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Ötən ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçıran Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazova hökm oxunub. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Kavazov Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü (Adam oğurluğu və zorlama) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən 45 yaşlı Səfər Kavazov yeniyetmə qızla “snapchat” sosial şəbəkəsində tanış olub. O, M.Ağayeva ilə evlənəcəyini deyərək azyaşlını inandırıb və Tovuzdakı evlərindən qaçaraq Xaçmaza gəlməsini istəyib. Bundan sonra 45 yaşlı kişi 13 yaşlı qızı Xudatda yaşayış olmayan evə apararaq bir neçə gün gizli saxlayıb və bu müddət ərzində cinsi təcavüzə məruz qoyub. Səfər Kavazov ifadəsində bildirib ki, Mədinə ona 18 yaşının olduğunu deyib və fiziki cəhətdən yetkinlik yaşına çatması görüntüsü yaradıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Kavazova 16 il həbs cəzası verilib.

Fəvvarələr meydanında dava - İki yaralı var

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb. Sozcu.az APA-ya istinadən bildirir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb. Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar restoranda ofsiant işləyir. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Qanunsuz tikililərdən narazı qalan vətəndaşlar nə etməlidir? - AÇIQLAMA

Son illər Bakı və ətraf ərazilərdə qanunsuz tikililərin sayı artıb. Xüsusilə zirzəmilər obyektə çevrilir... Aidiyyəti qurumlar isə “qanunsuzdur” deməklə kifayətlənirlər. Verilən vədlər sözdədir, əməl isə göz qabağındadır. Abşeron, Yasamal, Nəsimi rayonu kimi ərazilərdə icra hakimiyyətləri öz bildiklərini “oxuyurlar”. Bir sözlə, sahibkar öz işini görür, danışmaq, yazmaq isə vətəndaşa qalır. Problemin ən acınacaqlı tərəfi də məhz pərakəndə tikilən obyekt və binalar səbəbindən kanalizasiya sistemlərinin yağış yağan zaman yaratdığı mənzərədir...  Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında problemin mənbəyindən danışıb:  “Problemin kökü bu sahədə şəffaflığın olmamasındadır. Nəticə olaraq, ictimai nəzarət də yoxdur. Normal sistemi olan ölkələrdə şəffaflıq var. Yəni daşınmaz əmlakın dövlət reyestri şəffafdır, kimin nəyi varsa - torpağı, əmlakı, yaxud nə tikirsə, nəyə icazə alıbsa, hamısı sistemdə görünür. Hər kəs internet vasitəsilə girərək, bu məlumatları əldə edib, özü məsələni qaldıra, tədbir görə bilər. Vətəndaş harada bir tikinti işi gedibsə, heç kimə müraciət etmədən sistemə daxil olur, görür ki, bunun nə icazəsi var, nə də heç nəyi... Bizdə isə bu yoxdur. Heç aşağı mərtəbədə yaşayan bina sakini üstündəki qonşunun kim olduğunu bilmir. Həmin mənzil kimə məxsusdur? Gizlidir. Bizdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda bu məlumatlar qapalıdır. Bu qapalıdırsa, başqa şeylər də qapalıdır. Yəni heç nə görmürük, məlumatlar qapalıdır. Buna görə də problemlər həllini tapa bilmir. Çünki bu sahədə işləyən məmurlar bunda maraqlı deyillər. Sadəcə, maraqlıdırlar ki, korrupsiya olsun. Təbii ki, belə bir şəraitdə korrupsiya da var. Kiminsə əməlinə göz yumulur. Buna görə problemin həlli yolu yalnız və yalnız şəffaf sistem qurulmasındadır”, - o bildirib. 

Rusiya 24 saatda Ukraynada 1510 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1510 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 48 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Azərbaycanda daha bir tələbə vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ilinin tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə ADPU-nun Cəlilabad filialının məlumatında bildirilib. Ölümün səbəbi açıqlanmayıb.  Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbənin ailəsinə  başsağlığı verilib.  Allah rəhmət eləsin! 

PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avro

PSJ “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır. Sozcu.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.  Qeyd olunur ki, Fransa klubu gürcüstanlı futbolçu üçün 80 milyon avro və hücumçusu Randal Kolo Muanini "Napoli"yə icarəyə verməyə hazırdır. İtaliya mətbuatı isə “Napoli”nin Xviçanı 120-130 milyon avro dəyərləndirdiyini yazır.  Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolların bütün turnirlərdə keçirdiyi 43 matçda iştirak edərək 10 qol və 9 qolun ötürməsini edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Səməd Qurbanovun dəyişməkliyi

Rəşad Ergün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda futbol camiəsini yaxından maraqlandıran bir məsələyə nəhayət, aydınlıq gəlib. Şükür, axır ki, AFFA-da da idman prinsiplərinin qorunmasının vacibliyini anladılar və Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”yə güzəşt edilməməsi qərara alındı. Qaydalara, reqlamentə hörmət edilməlidir və doğrusu bu idi. Bu arada, AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanovun bir açıqlaması diqqətimi çəkdi. Keçmiş futbolçu İcraiyyə Komitəsinin qərarlarını şərh edərkən bildirib ki, “idman prinsipləri önəmlidir”. And içə bilərəm ki, AFFA rəhbərliyi fərqli qərar qəbul etsəydi, komanda sayının artırılmasına, “Qəbələ”nin Premyer Liqada qalmasına “yaşıl işıq” yandırmış olsaydı, hörmətli Səməd müəllim bu dəfə “bölgələrdə futbol olmalıdır, “Qəbələ” kimi infrastruktura, akademiyaya malik klub elitadan kənarda qalmalı deyil” kimi açıqlama verərdi. Necə deyərlər, “Pir mənimdir, kəramətinə bələdəm”. Bir də… İcraiyyə Komitəsinin iclasında hesab ediblər ki, Premyer Liqada komanda sayının artırılması mərhələli şəkildə həyata keçirilməlidir. Yəni, qarşıdakı mövsümdə olmadısa da, növbəti illərdə bu məsələ aktuallaşacaq. Maraqlıdır ki, idman mediasında da Premyer Liqada komanda sayının artırılmasını dəstəkləyənlərin sayı az deyil. Niyə, hörmətli həmkarlar? “Filan klubda futbolçular aylardır maaşlarını ala bilmirlər” kimi xəbərləri tirajlamaq xoşunuza gəlir? Kəmiyyətə üstünlük verməkdənsə, keyfiyyəti qaldırmaq haqda düşünməyin vaxtı çatmayıb? Yoxsa, “Qarabağ”, “Sabah” kimi bir neçə klubu çıxmaq şərtiylə, komanda sayı artırılmalıdır və hamısı da ağızlarını, ciblərini açıb dövlət büdcəsindən gələcək pulları gözləməlidir? Əslində, bu sxem, bu gedişat özü də biabırçılıqdır və futbolun Azərbaycansayağı versiyasıdır. AFFA 2025/2026-cı illər mövsümündə legioner limitinin 8+3 olacağına da qərar verib. Şəxsən mən legioner limitinin tamamilə ləğvinin tərəfdarıyam. Futbolda “kim güclüdürsə, o oynamalıdır” prinsipinə əməl olunmalıdır. Azərbaycanlı futbolçunun potensialı və səviyyəsi aşağıdırsa, hansısa limit ona niyə layiq olmadığı imkanı tanımalıdır? Amma… Bəzi azərbaycanlı “menecerlər”in Avropada hansısa barda, pabda pivə içərkən, Afrikada hansısa ölkədə banan toplarkən yağlı vədlərlə Azərbaycana gətirdiyi “legionerlər” yox. Legioner limiti məsələsində də kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir. Özünə hörmət edən hansısa əcnəbi futbolçu Azərbaycana gəlmək istəmir? Bax, bu, artıq mənim, hətta sənin də problemin deyil, əziz oxucu.(Komanda.az)

Arif Hacılı namizəd oldu

Xəbər verdiyimiz kimi, mayın 18-də Müsavat Partiyasının Məclis sədri vəzifəsinə seçkilər keçiriləcək.  Sozcu.az "Qaynarinfo" ya istinadla xəbər verir ki, Müsavat Partiyasının eks başqanı Arif Hacılı sözügedən vəzifəyə namizədliyini irəli sürüb.  Məlumata əsasən onun namizədliyi qeydə alınıb.  Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya məlumatı təsdiqləyib. 

Azərbaycanlı təqaüdçülər 4 şəhərdə etiraz aksiyası keçiriblər

Güney Azərbaycanın Urmu, Ərdəbil, Həmədan və Ərak şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.  Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb. Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər: Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidamiz ifadələr işlədib. Məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" başlığı ilə dərc olunub. Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb. Bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır: “Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” Xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif ekspertlər “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər. Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. (Axar.az)

BMT-dən Tiflisə çağırış: Vəziyyətdən narahatıq!

Gürcüstandakı vəziyyətdən narahatıq. Sozcu.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib. O, Gürcüstan hakimiyyəti və cəmiyyətini dialoqa çağırıb. Qeyd edək ki, Gürcüstan parlamenti hakim Gürcü Arzusu Partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bundan dolayı paytaxt Tiflisdə parlament binası qarşısında etiraz aksiyası keçirilir. Aksiyaçılar arasında saxlanılanlar da var.

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov deyib. O qeyd edib ki, Ermənistan ərazisində vəziyyətin son dəyişikliyini nəzərə alaraq, Ermənistan lideri Moskvada Prezident Putinlə görüşündə (Putinlə Paşinyanın Moskvada görüşü 8 may tarixində olub- red.) müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən və sərhəddən çıxarılmasını xahiş edib: “Beləliklə, qanuni olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemi bağlanır. Bu qərar qəbul edilib”. O xatırladıb ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan yardım və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd xəttində yerləşdirilməsini xahiş edib. Bu xahişi nəzərə alaraq, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında 11 sərhəd postu yaratmışdı. Qeyd edək ki, bundan öncə Bortnikov İrəvanın Zvartnots hava limanında da rus sərhədçilərin sərhəd-keçid məntəqəsini bağlayacağını açıqlamışdı.

Pakistanda partlayış: 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb. Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var. Hadisə yerində araşdırma aparılır.

Bakıya buna görə 2-3 gün tez gəldim - Mahsun

Konsertimə iki-üç gün öncədən gəldim ki, bir az Bakıda gəzim. Azərbaycanı çox sevirəm. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan türkiyəli müğənni Mahsun Qırmızıgül jurnalistlərə açıqlamasında deyib. “Bura mənim ikinci vətənimdir. Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Buranın insanları və torpağı çox fərqlidir. Ona görə burada çoxlu gəzəcəyik. Bakı çox dəyişib. Azərbaycanlılarla çox yaxın dost bağlarım var. Dünyanın hansı ölkəsində oluramsa olum, onlar yanıma gəlirlər. Ona görə də məni başqa sənətçilərlə qarışdırmayın. Buranı çox sevirəm. Keçən dəfə Bakıdakı konsertimdə ölkəmizdə baş verən təbii fəlakətə görə çox üzgün olduğumdan heç yerə gedə bilmədim. Amma indi hamı ilə görüşüb gəzəcəyəm", - o vurğulayıb. Mahsun Qırmızıgül onu da deyib ki, azərbaycanlı həmkarları ilə də işbirliyi edə bilər: “Təklif gəlirsə, buradakı həmkarlarımdan hansısa bir layihə edə bilərik”.

İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

İrəvanda Ermənistanla Hindistan arasında müdafiə sahəsi ilə bağlı ilk məsləhətləşmələr keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, görüşdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Şri Vişveşa Negi iştirak edib. Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib. Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində hərbi sazişlər bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.

İtkin hesab edilən qadının meyiti tapıldı

Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır. İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.

Müsavat fəalını məktəbin direktor müavini ÖLDÜRÜB – FOTO

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi iş yoldaşı tərəfindən qətlə yetirilib. Məlumata görə, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, Natiq Mehdi Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. O, ixtisasca fiziki idman müəllimidir. Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Öldürülən müsavatçı haqda rəsmi məlumat: meyiti basdırılıbmış

Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Müsavat fəalı Natiq Ulubəy qətlə yetirilib – Yenilənib

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib. Qeyd olunub ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. “1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda araşdırma aparılır”. ***14:05 Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi sosial media hesablarında dərc olunan məlumatda deyilir. Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər. “Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini  bildirib. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev sorğumuzu araşdıraraq cavab verəcəyini bildirdi”. Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Qusarda meşə ərazisi bələdiyyəyə qanunsuz verilib – Rəsmi

Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.