Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.