Bəşər Əsəd hardadır? - Baş nazir

Suriya hökuməti müxalifət liderləri ilə danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali məlumat verib. Cəlali Bəşər Əsədin isə harada olduğunu bilmədiyini, onunla ötən gün axşam saatlarında əlaqə saxladığını bildirib. Qeyd edək ki, İran tərəfi Bəşər Əsədin Dəməşqdə olduğunu iddia etsə də, “Voll Strit Jurnal” diplomatik mənbələrinə istinadla onun paytaxtda olmadığını bildirib.

Hakimiyyət onun rəhbərliyi altında qalacaq - HTŞ

“Heyət Təhrir əş-Şam” Suriyanın Dəməşq şəhərinə daxil olduqdan sonra ilk əmrlərini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani Suriyanın dövlət qurumlarının hakimiyyətin rəsmi təhvil verilməsinə qədər Baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərliyi altında qalacağını bildirib. Qeyd edək ki, Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali şəhəri tərk etməyəcəyini, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.

İsrail ordusu Suriya sərhədinə niyə yerləşdirilib? - Rəsmi

İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - məlumatda deyilir. Hərbçilər xüsusi olaraq qeyd ediblər ki, İsrail Suriyada baş verənlərdə iştirak etmək niyyətində deyil: “Biz vurğulayırıq ki, ÇAXAL Suriyadakı daxili hadisələrə qarışmır”. Qeyd edək ki, daha öncə "Tayms of İsrail" nəşri İsrail tanklarının Suriya sərhədini keçdiyi xəbərini yayıb.

Suriya Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb - Təcili

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb. Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk edib - Təcili

Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə dekabrın 8-də Suriya Ordusundakı mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb. “Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, - məlumatda deyilir.

Tramp Fransada Zelenski ilə görüşəcək?

Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş  Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq. Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.

Ordumuzda gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. "Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir. Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - birgə məlumatda vurğulanıb.

Güclü küləklə bağlı daha bir xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçalada fasilələrlə cənub-şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu sarı xıbırdarlığa uyğun gəlir. Şabran, Siyəzəndə isə fasilələrlə cənub-şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

"Təzə bazar"da partlayış: xəsarət alanlar var - Foto

16:23 Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb. Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. *** Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Şirvanda 26 yaşlı qadın faciəvi şəkildə öldü

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Sərvinaz Mübariz qızı Məlikova vanna otağında olarkən dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Zurabişvili Fransaya getdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Salome Zurabişvilinin ölkədə baş verən hadisələrlə bağlı görüşləri gözlənilir. Prezidentin konkret kiminlə görüşəcəyi məlum deyil.

Bəşər Əsədin yeri bilinmir...-Putin də ondan üz döndərdi...- “Bloomberg News”

Üsyançılar Suriyada daha çox şəhərə nəzarəti ələ keçirməyə davam etdikcə, Bəşər Əsədin ailəsinin Rusiyaya qaçdığı bildirilir. Sozcu.az  “Wionews” nəşrinə istinadla xəbər verir ki, Wall Street Journal cümə günü yazır. Bura onun həyat yoldaşı, uşaqları və iki baldızı daxildir.  “WSJ”-nin Suriya təhlükəsizlik rəsmilərinə və ərəb rəsmilərinə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin Britaniya əsilli həyat yoldaşı keçən həftə üç uşağı ilə birlikdə qaçıb. Qəzetin verdiyi məlumata görə,   Əsədin kürəkənləri Birləşmiş Ərəb Əmirliklərinə qaçıblar. Onun hələ də Suriyada olub-olmaması qeyri-müəyyən olaraq qalır.  “Bloomberg News”-un məlumatına görə, Kremlə yaxın mənbə Moskvanın Suriya prezidentini xilas etməyi planlaşdırmadığını bildirib. Görünür, Vladimir Putin rejim hərbçilərinin mövqelərini tərk etməsindən məmnun deyil. “Rusiyanın Əsədi xilas etmək planı yoxdur və Suriya prezidentinin ordusu mövqelərini tərk etməyə davam etdikcə, Əsədi xilas etmək planı yoxdur”, - mənbə bildirib. Cümə günü Əsədyönlü telekanal xəbər verib ki, prezident İrandadır. Məlumatlara görə, Misir və İordaniya rəsmiləri Suriya prezidentinin ölkəni tərk edərək mühacirətdə olan hökumət qurmasını istəyirlər.

Azərbaycanda generala 11 il 6 ay həbs cəzası verildi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Onların əmlaklarının dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunması qərara alınıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Ağcəbədidə qadının başı kəsildi: oğlu və kürəkəni saxlanıldı

Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, arabir yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub. "Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.

Bakıda 20 gündür itkin düşmüş şəxsin öldüyü məlum oldu

Bakıda 20 gündür itkin düşmüş şəxsin öldüyü məlum olub. Sozcu.az xəbər verir ki, noyabrın 16-dan paytaxtın Xəzər rayonu ərazisində itkin düşmüş Əsgər Əzizovun ötən gün xəstəxanada ölməsi müəyyən edilib. Araşdırma aparılır.

BİR ÖLÜNÜN TOY GÜNÜ

Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu, rayona şəhid gətirilməsindən xəbər verirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi komissarlığına sürdük. Bizi komissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri özünü itirmiş halda mənə dedi:  - Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik?  Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi komissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi. Onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yoxdur. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb çay verdilər. Elə bu an komissarlığın həyətində ağlaşma səsi eşidildi. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi:  - Ay bala, sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz?  Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?  - Siz kimsiniz, ay ana? Onu sizə kim dedi?  - Mən Azadın anasıyam.  -Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşitdik. Toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik,- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə -“Bəs, niyə durmusunuz,  gəlin gedək. Toyun başlamasına az qalıb - dedi. – Siz gedin, biz bir azdan gələrik, hərbi komissarı gözləyirik. İşimiz var – deyib, susdum.  - Yox, elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır - deyərək, israr etdi.  Biz istər-istəməz Azadın anasının ardınca getdik. Hərbi komissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu Azadın anası bizə, “Nə toy e.e.e, qız nişanlı idi. Nişanlısına çağırış vərəqəsi gəlib. Toy eyləyib qızı köçürdürük ki, birdən bir hadisə olar” deyə, gileyləndi.  Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu. Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Çox keçmədi ki, Azadın anası  on səkkiz-on doqquz yaşlı bir qızla bizə yaxınlaşdı.“Tanış olun Vəfa, Azadın nişanlısıdır. Azad gələn kimi toyunu edib, evimizə gəlin gətirəcəyik. ”Vəfanın baxışlarından hiss olunurdu ki, Azadın gəlməsini həsrətlə gözləyir.” Bu sözlərdən sonra ürəyim parça-parça oldu.Yazıqlar bilmirdilər ki, bir neçə saatdan sonra bu qapıya Azadın meyidini gətirəcəyik. Bizə yemək gətirdilər. Ac olsaq da yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?! Masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi, necə də dəhşətli bir mənzərədir, ayaqlarım yerimir, dilim söz tutmur. Mən Azadın meyidini hərbi komisarlıqda qoyub, burada Vəfanın gözlərinə baxa-baxa Azadın sağlığına badə qaldırıram. Bacısına xoşbəxlik arzuladığım bir vaxtda, Azad toy mağarının ortasında zühur etdi. Sağ böyrünü tutmuşdu. Birdən, dilləndi: - Qanı kəsə bilmirəm, ölürəm ağrıdan...  Azadın üzü-gözü qan içində idi. Quruyub qalmışdım. Dilim topuq vura-vura: -Azad, bacının toyu mübarək olsun. Azad, bəs sən ölmüşdün axı?! Azad, sən ölməmişdin? Gözümü bərəldib diqqətlə Azada baxanda, Azadın anasını mənimlə göz-gözə dayanan gördüm.  Ay Allah, mən ağlımı itirdim? – Öz – özümə deyindim. Bilmədim nə deyim, xatırlayıram ki, bircə bunu dedim: - Ana, Azad hara getdi? Azadın anası başındakı yaylığı ağır-ağır sahmana salıb, təzə xınalanmış ağ birçəyini yaylığın altında gizlədib, dedi: - Azad ölüb? Dilim qurudu, sualı cavabsız qoydum. Bilirəm indi dediklərimə inanmayacaqsınız amma masabəyi: “Gün, o gün olsun, Azadın toyuna gələsiniz!”- dedi və bir oyun havası çaldırıb, bizi rəqsə dəvət elədi. Ürəyimdə - “Bu nə zülmdür mənə verirsən, ay Allah!” - deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacısı, nişanlısı və qardaşları da bizə qoşularaq rəqs edirdilər... Bu an mənim nələr çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət, gəlinin bəy evinə yolandığını və toyun sona çatdığı xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musiqi səsi gələn qapıdan indi ağlaşma, vay-şivən səsi eşidilirdi. Azadın anası saçlarını yolaraq üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq mənə -“A bala, bəs deyirdin Azad ölməyib?!" Mən isə günahkarcasına onun üzünə baxaraq, yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya – “Yazıq bala neynəsin? Toyu yarımçıq qoymayacaqdı ki,- deyib, kənara apardı. Biz Azadı dəfn edib geri qayıtdıq... Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə qardaşının və ərinin ayrılığına dözə bilməyib, intihar edib Əbil Həsən

Müəllim nazirliyə üsyan etdi: "İmtahandan keçmişəm, 2 ildir sertifikatımı vermirlər"

2022-ci ildə MİQ imtahanlarında iştirak edən və uğurlu nəticə göstərən ibtidai sinif müəllimi Südabə Sadıqova iki ildir ki sertifikatını ala bilmir. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. S.Sadıqova qeyd edib ki, 33 il Bakı şəhəri, Təbriz küçəsində yerləşən 77 saylı məktəbdə (hazırda Bakı Ankara Məktəb-Liseyi) çalışıb: "2022-ci ildə, 64 yaşımda sertifikasiya imtahanından keçdim. O vaxt deyirdilər ki, sertifikasiyadan keçənlər beş il işləyə bilər. 2023-cü ilin fevralından may ayına qədər bütün müəllim yoldaşlarım sertifikatlarını aldılar. İyun ayında mən də sertifikatın dalınca düşdüm. Dəfələrlə Təhsil Nazirliyinin Qəbul şöbəsinə getdim. Orada mənə dedilər ki, sənədi ASAN Xidmətə göndəriblər. İki dəfə ASAN Xidmətə getdim, amma oradan da sertifikatın olmadığını bildirdilər. Axırda Nazirlikdən dedilər ki, hərf səhvi olub, ona görə sənəd qalıb". 2023-cü ilin sentyabr ayında təqaüdə göndərilən müəllimə, o vaxtdan bəri hər ay 146 "Qaynar xətt"inə müraciət etsə də, eyni cavabları alır: "Hər dəfə "Hələ hazır deyil", "Hazır olanda verəcəyik", "Emailinizə göndərəcəyik" deyirlər. Lakin heç bir nəticə yoxdur. Bu sertifikat mənim qanuni haqqımdır. Sertifikasiyadan keçmişəm, amma sənədimi ala bilmirəm. Onlar 64 yaşlı müəllimin əsəblərini poza-poza sertifikasiyaya göndəriblər. İmtahandan keçmişəm və sertifikatımı tələb edirəm". Maraqlıdır ki, Təhsil Nazirliyi müəllimə sertifikat vermək əvəzinə onu təqaüdə göndərib. Təqaüdə göndərilən müəllimlərə sertifikat verilmirmi? Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən tənzimlənir. " 2022-ci ildə edilən dəyişikliklərdən biri də 60 yaşı tamam olmuş şəxslərin sertifikasiyada iştirakının könüllü olmasıdır. Bu o deməkdir ki, həmin şəxslər sertifikasiyada iştirak etmək üçün əlavə olaraq ərizə yazıb müraciət etməlidirlər ki, 60 yaşımın tamam olmasına baxmayaraq sertifikasiyada iştirak etmək istəyirəm. Yalnız bu müraciətdən sonra onlar sertifikasiyaya cəlb edilə bilərlər". Ekspertin sözlərinə görə, sertifikasiyada iştirak etdiyi halda, sertifikatın kağız şəklində verilməsinin xüsusi bir halı yoxdur, lakin müəllim onu almaq hüququna malikdir: "Mən düşünürəm ki, bu, əmək münasibətlərindən irəli gələn problemdir. Həmin müəllim ilk növbədə yazılı şəkildə Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etməlidir. Əgər 15 gün ərzində cavab almazsa və ya cavab onu qane etməzsə, o zaman məhkəməyə müraciət etməsi məqsədəuyğundur". Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən edilmiş müvafiq dəyişikliklərə əsasən, təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək: “Elektron sənəd formasında təqdim edilən sertifikatlar müəllimlərin portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə ediləcək. Hazırda bu istiqamətdə sistemdə texniki işlər aparılır”.

Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!”

Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan üsyan barəsində maraqlı açıqlama verib. Sozcu.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Suriyada hökumət ordusunu getdikcə sıxışdıran müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının sürətli hücumunu şərh edərkən deyib: "İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək". Türkiyə Prezidenti bu açıqlamanı Hz. Əli məscidində qılınan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən verib. "İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü hazırda davam edir. Biz bu yürüşü həm kəşfiyyat vasitəsilə, həm də bütün mediadan izləyirik. Suriyadakı bu yürüş qəzasız-bəlasız davam etsin deyəcəyəm, amma bu dirəniş terror təşkilatları ilə birlikdə davam etdirilərkən, xatırlayırsınızsa, Əsədə zəng etdim, “gəl görüşək, Suriyanın gələcəyini birlikdə müəyyən edək” dedim. Təəssüf ki, Əsəddən bu təklifə müsbət cavab ala bilmədik", - Ərdoğan əlavə edib. Prezident müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsini belə qiymətləndirib: "Bölgədə davam edən bu narahat yürüşlər bizim istədiyimiz deyil, istəmirik. Təəssüf ki, bölgə problem içindədir”.

Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb. Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.modern)

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi cavab

1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə "APA"ya Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib. “Həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır”, - deyə Dövlət Xidmətindən vurğulanıb. ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır. Qeyd edək ki, sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb. Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Türkiyə parlamentində yeni fraksiya: eks-nazilər birləşdilər

Türkiyə parlamentində təmsil olunan müxalif “DEVA”, “Səadət” və “Gələcək” partiyaları birləşərək fraksiya yaradıblar. Sozcu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Səadət” partiyasının başqanı Mahmud Arkan, “DEVA” partiyasının başqanı Əli Babacan və “Gələcək” partiyasının başqanı Əhməd Davudoğlu arasında keçirilmiş üçtərəfli görüşdə tərəflər “Demokratik Platforma” adlı fraksiyada birləşdiklərini elan ediblər. Bundan əlavə, 3 partiyanın qarşıdan gələn seçkilər zamanı birgə fəaliyyət göstərməsi və ümumi proqram hazırlaması razılaşdırılıb. Adı çəkilən müxalifət partiyalarının əməkdaşlığı Türkiyədə daha demokratik və islahat gündəmini inkişaf etdirmək məqsədi daşıyır. Partiyaların birləşməsinin əsasını Ərdoğan administrasiyasının siyasətinə qarşı çıxmaq və yeni siyasi alternativ yaratmaq istəyi təşkil edir. Xatırladaq ki, Əli Babacan və Əhməd Davudoğlu Türkiyənin keçmiş xarici işlər nazirləri olub.

Bu şirkət də ölkədən pul çıxarıb

"Seza Elektrik" MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

İşbazlar alıcıları belə oyuna gətirir: Aldanmamaq üçün oxuyun...

Xəbər verdiyimiz kimi, bir çoxları kənd yumurtası adından broyler yumurtasının satıldığını iddia edərək bəzi işbazların alıcıları aldatdığını bildirmişdi. Yenisabah.az sözügedən iddiaları araşdırıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov hər iki növ haqqında vacib məqamlara toxunub: “Hazırda kənd yumurtası ilə broyler yumurtasını ayırmaq ikili fikirlərlə müzakirə olunur. Amma burada məsələ o deyil. Məsələ budur ki, bəziləri onların tərkibinin eyni olduğunu deyir. Ancaq mən bu fikirlə qətiyyən razılaşmıram. Əgər tərkibləri eyni olsa satış qiymətləri arasında da fərq olmaz, kənd yumurtası digər növdən daha yüksək qiymətə satılmazdı. Digər tərəfdən isə nəzərə alsaq ki, broyler yumurtalarını yumurtlayan toyuqların müxtəlif kimyəvi, kökəldici və həyat fəaliyyətinə təsir edən qida əlavələri ilə bəslənirlər. Belə olduğu təqdirdə, həmçinin onlar qapalı şəraitdə saxlanılır, günəş işığı görmür və torpaqla əlaqəsi yoxdursa, yumurtalarının tərkibində kimyəvi birləşmələr olacaq, bir çox vitaminlər isə yetərincə mövcud olmayacaq. Bu səbəbdən insanlar həmin yağ turşularını, proteinləri əldə etmək üçün kənd yumurtasına üstünlük verirlər. Hər iki növün bir-birindən fərqini qiymətlərdən bilmək olar”. Ekspert kənd yumurtasını digərindən ayırmağın yollarını sadalayıb: “Bəzən işbazlar belə bir yola əl atır. Belə ki, kənd yumurtası iki cür, həm sarı, həm də ağ rəngdə satışa çıxarılır. Həmin işbazlar da çeşidli mayelərdən istifadə edərək broyler yumurtasının üzərinə çəkməklə onu kənd yumurtası adı ilə satırlar. Alıcılar bu hiyləyə aldanmamaq üçün bir sıra məqamları ayırd etməyi bacarmalıdır. Bilməlidirlər ki, kənd yumurtasının ölçüsü, broyler qədər iri olmur. Həmçinin, kənd yumurtasının qabığı daha qalındır. Bu toyuqlar günəş və torpaqla təmasda olub, otla qidalandığı üçün onun sarısı daha tünd rəngdədir. Və broyler yumurtasındakı spesifik iy digər növdə mövcud deyil”.