Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E.Qasımov və Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər. Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb. Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub. İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarını yad etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin X hesabındakı paylaşımda qeyd olunub. “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Xocalı qətliamı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb. “Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda bildirib.

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xocalı soyqırımından 33 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Zığda evdə yanğın olub, ölən var

Bakıda fərdi yaşayış evində yanğın olub. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib. Yanğın zamanı, əqli cəhəddən qüsurlu Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxananaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Yenə qar yağacaq, yollar buz bağlayacaq — Günün havası

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlaması davam edəcək.

Hazırda bu yollarda TIXAC var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1.Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Hamilə qadın və bətnindəki körpə ÖLDÜ

Göygöldə hamilə qadın və bətnindəki körpə ölüb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onu və bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

“Belələri öz qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür inkişaf etdirə bilmir...”- Ekspert

“Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir...”  “Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara...” Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda elm və təhsilin problemləri mövzusunda “Elm və təhsilin inkişafına qayğı lazımdır...”  növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: Bu yaxınlarda AMEA-nın  ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən  elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib.  O, bildirib ki, 30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir.  Sual yaranır:  bəs xaricdə 1-2 il oxuyub, 25 yaşında ordan bir diplom və ya sertifikat alıb, ömür boyu ondan istifadə etmək olarmı?  Alim nə maaş alır ? 600-700 manat (Bakı şəhəri üzrə orta əmək haqqı 1000+ manatdır).   Alim elmi ada  görə nə qədər pul alır? Alimin maaşının  60 manatı elmi ada görədir. Az maaşı bir az da azaltmaqla, nazir nəyə nail olmaq istəyir?  Bizim son illər elm-təhsil sahəsində aparılan islahatlar sovetin son illərdəki “yenidənqurma”nı   xatırladır.  Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara).   Yəqin ki, yenilik etmərik, desək ki, elm və təhsilin inkişafı üçün alim və müəllimlərə qayğı, normal maaş vermək gərəkdir (ən azı qonşu ölkələrdə olduğu qədər, baxmayaraq ki, bizdə qiymətlər xeyli yüksəkdir).  Əks halda elm-təhsil sahəsində olan-qalanlar  da məhv olacaqdır.  Nazir 2 il əvvəl deyirdi ki, gənc alimlərə ev vermək yox, yüksək maaş vermək lazımdır.  Amma əməldə nə gənc alimə, nə də təcrübəli alimə heç bir qaygı və saygı müşahidə edilmir.   Alimə, elmə belə “qiymət”  verən  elm-təhsilin “baş  meneceri”, görəsən, ürəyində  nə düşünür?..  Bizim elm və təhsil sahəsində xeyli problemlərimiz  var, bunlar onilliklər ərzində yaranıb, qalaqlanıb. Bu problemlərin yaranmasında ən sonuncu səbəbkar müəllim və alimlər, əsas səbəbkarlar isə bu sahələrə rəhbərlik edən məmurların qüsurlu idarəetməsi olub, elə indiki kimi...  Amma  nazir  hər dəfə özünü və özündən əvvəlki  “baş menecerləri” təmizə çıxarmaq üçün,  məqsədli şəkildə müəllim və alimləri günahkar çıxarır. Bu,  böyük qəbahətdir, özü də  şagirdinə repetitorluq edən müəllimin qəbahətindən də betər...  Nazir  elm  sahəsində təcrübəsizdir,  baxmayaraq ki, ARTİ-də 5 il direktor əvəzi olmuşdur.  Ola bilsin ki, o, bəzi reallıqları bilmir.   Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir.  Özəl sektorun elmə dəstəyini və əməkdaşlığını  təmin etməli, vergi v.s. güzəştlər  tətbiq etməlidir.  Bu halda elmdən və alimlərdən nəticə  gözləmək olar. Yoxsa “biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik” kimi yanlış prinsiplərlə elmdə olan-qalan da tam məhv edilər.   İndi alimin fərdi qaydada, təkbaşına tədqiqat apardığı zamanlar deyil. Elmi fəaliyyət kollektiv işdir. Belə kollektiv fəaliyyəti planlaşdırmaq,  təşkil etmək, stimullaşdırmaq,  nəzarət və monitorinq etmək, bir sözlə idarə etmək gərəkdir.  Hər sahədə olduğu kimi, təbii ki, elmdə də təsadüfi, yerində olmayan, elmə yad insanlar var. Elə ETN-də olduğu kimi.  Bu gün ETN-də yerində olmayanlar daha çoxdur, nəinki elmdə,  yoxsa, nazirliyin fəaliyyətindən  ölkədə bu qədər narazılıqlar da olmazdı.  İllər ərzində elmdə olan səhv kadr siyasətinin günahı  alimlərdə deyil. Günah saxta “alim”ləri yetişdirən, “dissertasiya”larını təsdiq edən, onları bəsləyən, irəli çəkən, təltif edən  qüsurlu idarəetmədə və öz yerində olmayan məmurlardadır.  Bu problemlər həll edilməlidir.  Belə olsa, elm, elmi  fəaliyyət, alim daha səmərəli fəaliyyət göstərə bilər.   Elmin səmərəli idarə olunması üçün belə sistemli addımlara ehtiyac  var: 1. Milli elm siyasətinin formalaşdırılması.  Uzunmüddətli elmi strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməli,  elmi inkişafın prioritet sahələri müəyyən edilməlidir (süni intellekt, biotexnologiya, enerji, kosmik tədqiqatlar və s.),  elmi fəaliyyətin qanunvericilik bazası gücləndirilməlidir. 2. Elmi idarəetmə strukturlarının yaradılması və gücləndirilməsi. Milli Elmlər Akademiyası və müvafiq dövlət qurumları elmi tədqiqatları səmərəli koordinasiya etməli,  elmi-tədqiqat institutları və universitetlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, elmin dövlət və özəl sektorla inteqrasiyası təmin olunmalıdır. 3. Maliyyələşdirmə və  resurslarla təminat. Elmi araşdırmalar üçün büdcədən ayrılan vəsait artırılmalı və səmərəli bölüşdürülməli, qrant sistemləri və fondlar vasitəsilə tədqiqatçılar dəstəklənməli, elmi tədqiqatların kommersiyalaşdırılması üçün innovasiya fondları yaradılmalıdır. 4. İnsan kapitalının inkişafı.  Tədqiqatçılar üçün rəqabətli maaş və iş şəraiti təmin edilməli, gənc alimlərin və tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün stimullar yaradılmalı, beyin axınının qarşısını almaq və xaricdəki alimləri ölkəyə geri qaytarmaq üçün proqramlar hazırlanmalıdır. 5. İnfrastruktur və texnoloji inkişaf.  Müasir laboratoriyalar və elmi tədqiqat mərkəzləri yaradılmalı, elmi institutlar və universitetlər qabaqcıl texnologiyalarla təchiz olunmalı,  milli və beynəlxalq elmi məlumat bazalarına çıxış təmin edilməlidir. 6. Beynəlxalq əməkdaşlıq və şəbəkələşmə.  Qlobal elmi təşkilatlarla əməkdaşlıq genişləndirilməli (məsələn, UNESCO, CERN, NASA və s.), xaricdə təhsil almış alimlərin ölkəyə geri qaytarılması üçün xüsusi proqramlar hazırlanmalı,  beynəlxalq elmi konfranslar və layihələrdə iştirak dəstəklənməlidir. 7. Elmi tədqiqatların qiymətləndirilməsi və monitorinqi.  Tədqiqatların nəticələrinin effektivliyi mütəmadi qiymətləndirilməli,  elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün indeksasiya və reytinq sistemləri tətbiq olunmalı, elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi izlənilməlidir. 8. Cəmiyyətin elmi inkişafa cəlb edilməsi.  Elmin populyarlaşdırılması üçün media və maarifləndirmə kampaniyaları keçirilməli, dövlət və özəl sektor arasında elmi layihələrə investisiya təşviq edilməlidir.   Bütün bu tədbirlər elmin  idarəedilməsinin  səmərəliyini artıraraq, gələcəkdə ölkənin innovasiya və texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini, texnoloji suverenliyini   müəyyən qədər yüksəldə bilər.  Bu gün isə  elmi təcrübəsi olmayanlar,  alimə və müəllimə dəyər verə bilməyənlər, öz  qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür  inkişaf  etdirə bilmirlər.   Ölkənin suverenliyi və təhlükəsizliyi  ilk növbədə bu problemlərin həllini tələb edir. Xüsusən də suverenlik ilində...

Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?

"Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir". Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib. O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından narahat olmurlar: "Biz o vaxt qorxarıq ki, bu bizim üçün müqəddəs olsun. Əgər ailə institutunun müqəddəsliyi bizim gözümüzdən salınıbsa, onun dağılmasına biganə qalırıq. Ona görə də Azərbaycanın son 10-20 ildə ailə institutu tədricən məhvə doğru gedir. Nəticədə Azərbaycanda əhalinin artım tempi azalıb". Bunu necə sübut etmək olar? Asif Bayramov bunun üçün demoqrafik bir üsulun olduğunu əlavə edib: "Əgər doğum səviyyəsi 3 uşağın altındadırsa, həmin millətin yaşlı əhalisi artır, 3-ə bərabərdirsə, əhali sabit qalır, 3-dən yüksəkdirsə, demoqrafik artım müşahidə olunur. Bu gün Azərbaycan cəmiyyətində ailə artımı 3 rəqəminin altında olduğuna görə azalma prosesi gedir. Həmin beynəlxalq mərkəzlərin hesablamalarına görə, 2050-ci ildə Azərbaycan xalqının sayı 3 milyon civarında qalacaq". Asif Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda boşanmalar kəskin forma almış problemlərdəndir: "Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ciddi şəkildə məşğul olmalıdırlar. Bu gün müvafiq sahənin ekspertləri, mütəxəssisləri ciddi həyəcan siqnalı verməlidirlər. Çünkü bizə bəlli olan statistika üzərimizdə aparılan oyunun və Azərbaycan cəmiyyəti ilə bağlı qlobal mərkəzlərin qurduğu senarinin nəticəsidir. Biz həmin mərkəzlərin sosial eksperiment obyektinə çevrilmişik. Bunun hamısının kökündə dayanan ilk səbəblərdən biri odur ki, Azərbaycan cəmiyyətini əsrlərin sınaqlarından bu günə gətirib çıxardan ən fundamental dəyər bizim ailə institutudur. Hətta dövlətçiliyin böhran keçirdiyi tarixi dövrlərdə belə Azərbaycan xalqının ailə institutu onu bu böhrandan sağ-salamat çıxardaraq bu günə çatdırıb. Azərbaycan cəmiyyətinin ayaq üstə qalmasının ailə institutu olduğunu bilən beynəlxalq beyin mərkəzləri bilavasitə Azərbaycanın ailə institutunu hədəfə alıb". Sosioloq hesab edir ki, ailə institunun gözdən salınması, dağıdılması üçün internet platformaları üzərindən Azərbaycan cəmiyyətinin şüuruna yeni davranış modelləri ötülülür: "Bunlar bir başa ailə institutunun dağıdılmasına gətirib çıxardır. Bütün problemlərin əsas səbəbi ailə institutunun tarixən formalaşmış dəyərlərinə xələl gəlməsidir". Qeyd edək ki, Azərbaycanda boşanma ilə bağlı statistika açıqlanıb. Orada göstərilir ki, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayı 7735 olub.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında, 26-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda məşhur universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub. Kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər. Qeyd: Universitet 2015-ci ildə fəaliyyətini dayandırıb.

Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərində qəza baş verib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bu gün Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib. Hazırda təmir-bərpa işləri aparılır.

Aprelin 6-da imtahan var - DİM məlumat YAYDI

Aprelin 6-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək. DİM-dən Sozcu.az-a bildirilib ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. BB vəzifə altqrupu üzrə test imtahanı aprelin 6-sı saat 11:00-da və 16:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat martın 17-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 1640 yer ayrılıb. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 6 aprel saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 190 yer ayrılıb. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı mərkəzin internet portalında martın 17-si saat 11:00-dək həyata keçiriləcək.

Ruben Vardanyan yenidən hakim QARŞISINDA

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyanın cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Xocalıda minaya düşən veteranın SON DURUMU

Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib. Nəticədə Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Sozcu.az xəbər verir ki, TƏBİB yaralının son durumunu açıqlayıb. Qurumdan bildirilib ki, Nağı İmanov fevralın 21-də saat 20:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir. "Ona partlayış travması, sağ baldırın aşağı üçdəbirinin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib", - TƏBİB-dən verilən məlumatda deyilir. Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.

Buz yollarda təhlükə yaradır! - Xəbərdarlıq

Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Sozcu.az xəbər verir ki, bu barədə yol polisinin sürücülərə müraciətində bildirilib. "Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir. Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırır",- müraciətdə qeyd edilib.

Şagirdin yerdəyişməsinə hansı hallarda imtina verilir? – AÇIQLAMA

Şagirdlərin elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi xarici dil uyğunsuzluğudur. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib. O bildirib ki, digər əsas səbəb yaşayış ünvanı ilə bağlıdır. Belə ki, bəzən məlumatlar düzgün yüklənmir və ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur. O əlavə edib ki, əgər şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı olaraq imtina verilir: “Lakin məktəb ucqar ərazidə yerləşirsə və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə təsdiqlənə bilər”.

Müəllimlərin sertifikasiyası ilə bağlı MÜHÜM XƏBƏR

Bir müddət əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib. Coğrafiya üzrə ümumilikdə 3 mövzu üzrə 50 sual təqdim ediləcək. Coğrafi məkan sahəsi üzrə 14, təbiət və cəmiyyət mövzularından isə hər birindən 18 sual salınacaq. Modern.az həmin sənədə əsasən, coğrafiya müəllimlərinin sertifikatlaşdırılmasına sualların hansı mövzular üzrə salınacağını təqdim edir: 1. Coğrafi məkan ➢ Coğrafi kəşflər və tədqiqatlar, coğrafiya elminin inkişafı: Coğrafi kəşflər və tədqiqatlar. Azərbaycanda coğrafiya elminin inkişafı. Coğrafiya elminin sahələri və müasir coğrafi biliklərin əldə edilməsi. ➢ Kartoqrafik təsvirlər: Plan. Xəritə. Qlobus. Yerin forması və ölçüləri. ➢ Kainat və Günəş sistemi: Kainatın yaranması və inkişafı. Günəş sistemi. Yer maqnetizmi. Yerin sutkalıq, illik hərəkətləri və onların coğrafi nəticələri. 2. Təbiət ➢ Litosfer: Yerin inkişaf mərhələləri. Yerin daxili quruluşu və Yer səthini təşkil edən süxurlar. Yerdə baş verən tektonik proseslər və onların nəticəsi. Yer səthinin relyefi və onun təsərrüfat əhəmiyyəti. Azərbaycanın geoloji və geomorfoloji quruluşu, mineral ehtiyatları. ➢ Atmosfer: Atmosferin tərkibi və quruluşu. Günəş radiasiyası və havanın temperaturu. Atmosfer təzyiqi, küləklər. Atmosferdə su. İqlim və onun təsərrüfatda rolu. Qlobal iqlim dəyişmələri. Azərbaycanın iqlimi. ➢ Hidrosfer: Yer kürəsində suyun mənşəyi. Dünya okeanı və onun hissələri. Dünya okeanında baş verən fiziki, kimyəvi və dinamik proseslər. Dünya okeanının resursları və onun istifadəsi. Quru suları. Azərbaycanın daxili suları. Xəzər dənizi. ➢ Biosfer: Biosferin yaranması və inkişafı. Coğrafi təbəqə. Torpaq. Təbii kompleks, təbii zona və landşaftlar. Bioloji resursların istifadəsi. Azərbaycanın torpaq örtüyü, biomüxtəlifliyi, landşaftları və təbiətin mühafizəsi. Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması. 3. Cəmiyyət ➢ Dünya ölkələri: Dünyanın siyasi xəritəsi. Dövlətlərin geosiyasi mövqeyi. Beynəlxalq siyasi münasibətlər. Dünya ölkələrinin təsnifatı. Beynəlxalq təşkilatlar. Dünya ölkələrinin sivilizasiyası. Azərbaycanın iqtisadi-coğrafi mövqeyi, inzibati ərazi quruluşu. ➢ Dünya əhalisi və dünyanın demoqrafik mənzərəsi: Dünya əhalisinin inkişaf dinamikası. Dünya əhalisinin təsnifatı. Azərbaycanın əhalisi. ➢ Dünyanın iqtisadi və sosial mənzərəsi: Təbii resurslar və onların təsərrüfat əhəmiyyəti. Təsərrüfat sahələri və onların yerləşdirilmə prinsipləri. Maddi və qeyri-maddi istehsal. ETİ və ETT. Dünyanın hasilat sənayesi. Dünyanın emaledici sənayesi. Dünyanın kənd təsərrüfatı. Dünya nəqliyyatının coğrafiyası. Beynəlxalq turizm. Beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma. Azərbaycanın iqtisadi coğrafiyası. Azərbaycanın iqtisadi rayonlaşdırılması. Qarabağ müharibəsinin coğrafi nəticələri. Azərbaycanın beynəlxalq münasibətləri və nəqliyyatı. İqtisadi inkişafın istiqamətləri və dayanıqlı inkişaf. ➢ Qlobal problemlər və onların həlli yolları. ➢ Türk xalqları: Türk dövlətləri və qurumları. Türk xalqlarının yaşadıqları ərazilərdə baş verən fiziki, iqtisadi, sosial hadisələr və onların coğrafi nəticələri. Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır). Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Yəhudilər Dəməşqə getdilər - Əsədin devrilməsindən sonra İLK

​​ABŞ-dən olan yəhudilərin Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb. Nümayəndə heyəti Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun koordinasiya etdiyi səfər çərçivəsində Dəməşqdəki yəhudi məkanlarını gəzib. Onların Əl-Franc sinaqoqunda Tövrat oxuduğunu, kitab rəflərinə baxış keçirdiyini və qəbiristanlıqda dua oxuduğunu bildirilir.