Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb. Sozcu.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar barədə ilkin fikrini ifadə edib. "İstanbulda danışıqlar indicə başa çatıb və mən müdafiə naziri Umerovun tam hesabatını gözləyirəm. Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar və biz hərbi əsirlərin yeni azad edilməsinə hazırlaşırıq", - Zelenski vurğulayıb. Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, vəziyyət bu gün aydın görünür. "Rusiya İstanbuldakı görüşü boş söhbətə çevirsə, təzyiqin yeni səviyyəsi, təkcə Avropadan deyil, digər yerlərdən də yeni sanksiyalar olmalıdır. ABŞ da daxil olmaqla, G7 səviyyəsində və dünyada sülh istəyən hər kəsin birgə sanksiyalarına ehtiyacımız var", - Zelenski vurğulayıb. Prezident hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Rusiyanın neft ticarətini və onun tankerlərdən istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün lazımdır. Zelenskinin fikrincə, sanksiyalar, o cümlədən ikinci dərəcəli sanksiyalar - tariflər və neftin maksimal qiymətinin aşağı salınması işə yaraya və Rusiyanı sülh bağlamağa vadar edə bilər.

Mingəçevirdə 2 yeniyetməni maşın vurdu

Mingəçevirdə avtomobil iki piyadanı vurub. Sozcu.az xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ə.Nəzirlini və onun həmyaşıdı M. Məmmədlini vurub. Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib. Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 9. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 14. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 18. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında; 19. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində; 20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 21. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 22. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.

Sabahdan hava dəyişir: Leysan, dolu... - XƏBƏRDARLIQ

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq İyunun 2-si axşamdan 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Sabirabadda 16 yaşlı oğlan kanalda boğuldu

Sabirabadda 16 yaşlı oğlan kanalda boğulub. Sabirabad rayonu Əhmədabad kənd sakini, 2009-cu il təvəllüdlü Bilalov Bayram Şahin oğlu su kanalında çimərkən batıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.Report.az)

32 yaşlı müəllim vəfat etdi

Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Fərqanə Sadıqova vəfat edib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı müəllim ötən gün dünyasını dəyişib. Onun uzunmüddətli xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.

Ukrayna Rusiyanı daxildən vurdu və sübut etdi ki... - Ekspert

Ukraynanın “Hörümçək” əməliyyatı həm möhtəşəm planlaşdırması, həm də hərbi baxımdan yaratdığı dərin və geniş əks-səda ilə seçilən xüsusi əməliyyatlardan biridir. Bu əməliyyat uzun müddət ərzində – təxminən bir il yarım – Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. Belə mürəkkəb bir əməliyyatın təkbaşına icrası çətin olardı. Lakin Ukraynanın xüsusi xidmət orqanları bunu ustalıqla planlaşdıraraq uğurla həyata keçiriblər. Bu fikirləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, əməliyyat beynəlxalq miqyasda böyük rezonansa səbəb olub və Rusiya güc strukturlarında ciddi boşluqları üzə çıxarıb: “Murmansk və İrkutskda yerləşən 40-dan çox strateji bombardmançı təyyarənin sıradan çıxarılması, Rusiya prezidentinin Təhlükəsizlik Şurasının təcili iclasını çağırması bu əməliyyatın miqyasını göstərir. Dəqiq demək çətindir, amma böyük ehtimalla əməliyyat zamanı əldə olunan kəşfiyyat məlumatlarının toplanmasında NATO mütəxəssislərinin də müəyyən rolu olub”. Ekspert qeyd edir ki, Rusiyanın bu əməliyyatdan əvvəlcədən xəbər tuta bilməməsi ölkədəki ciddi böhrandan xəbər verir: “Bu barədə dəfələrlə demişəm. Priqojin hadisəsi, Moskvaya yürüş, güc strukturlarının ehtiyatlı və qorxaq davranışı, Moskvanın, eləcə də Kursk və Bryansk bölgələrinin zərbələrə məruz qalması – bütün bunlar Rusiyanın xüsusi xidmət orqanlarında dərin boşluqları göstərir. Bu, həm də Rusiyanın yanlış daxili və xarici siyasətinin nəticəsidir”. Ekspertin sözlərinə görə, Ukrayna bir daha sübut etdi ki, müharibəni Rusiyanın ərazisinə daşımaq imkanına malikdir.

Rusiyanın itkiləri 990 minə yaxınlaşır

Ukrayna müharibənin 1195-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 989 700 hərbçi, 10 874 ədəd tank, 22 663 ədəd zirehli döyüş maşını, 28 575 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 175 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 462 ədəd avtomobil texnikası, 38 622 ədəd PUA, 3 271 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 905 xüsusi avadanlıq itirib.

Rusiyanın məhv edilmiş təyyarələri... - İlk peyk görüntüləri

Ukraynanın Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasına hücumundan sonra bazanın ilk peyk görüntüləri yayılıb. Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, şəkillər aviabazadakı dağıntıları göstərir və Tu-95MS və Tu-22M3 təyyarələrinin vurulduğunu təsdiqləyir. Görüntülərə əsasən, hücum nəticəsində 4 ədəd Tu-22M3, 3 ədəd Tu-95MS təyyarəsinin məhv edildiyi, bir Tu-95MS-in isə zədələndiyi ehtimal olunur. Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, ən azı 41 təyyarə vurulub.

Rusiyada daha bir qatar qəzası baş verdi

Gecə saatlarında Kursk vilayətinin Jeleznoqorsk rayonunda yük qatarının keçdiyi körpü uçub. Sozcu.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib. “Körpünün uçması nəticəsində vaqonların bir hissəsi avtomobil yoluna düşüb”, - Xinşteyn bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində teplovoz yanıb.

Venesuela kəşfiyyatı rusiyalı məmuru həbs etdi

Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnfobae” nəşri məlumat yayıb. Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb. Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir: “Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”.

Xaçmazda 20 yaşlı gənc dəm qazından öldü

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb. İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb. A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 988 mini ötdü

Ukrayna müharibənin 1194-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 988 560 hərbçi, 10 872 ədəd tank, 22 656 ədəd zirehli döyüş maşını, 28 527 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 173 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 325 ədəd avtomobil texnikası, 38 366 ədəd PUA, 3 268 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 903 xüsusi avadanlıq itirib.

Rusiyada qatarın keçdiyi körpü partladıldı: 7 ölü, 66 yaralı

Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib. “388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, - Boqomaz bildirib. Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.

Mina terroru: 400 vətəndaşımız ölüb, bu, ermənilərin məqsədli addımıdır - Hacıyev

2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. "Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.

Təyyarə yaşayış binasına çırpıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib. Sozcu.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib. Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Salyanda güclü yanğın: iki mindən çox bağlama...

Salyan rayonunda baş verən yanğın hadisəsi zamanı, iki mindən çox ot bağlaması yararsız hala düşüb. Sozcu.az xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus təsərrüfatda baş verən yanğın zamanı iki mindən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Avtobus körpüdən aşdı: 21 idmançı öldü

Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb. Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub. İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırdılar. Nəşrin məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılır.

Türkiyədə meşə yanğını: 7 helikopter cəlb olundu

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda meşə ərazisində yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir. Əraziyə bir təyyarə, yeddi helikopter və digər texniki vasitələr cəlb olunub. Hadisənin səbəbi məlum deyil.

Zaqatalada ağır qəza: sürücü öldü

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində VAZ-2106 və motosiklet toqquşub. Sozcu.az xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Yenisabah.az-a V.Talıbovun qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə keçmiş rəhbərin sağlıq durumu daha da pisləşib. Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib. Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib. Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.

Kollec bitirən işsiz qalırsa, bu diplom kimə lazımdır?

Hazırda bir çox kollec məzunları iş tapa bilmədiklərini, diplomlarının əmək bazarında keçərli olmadığını bildirirlər. Bu şəraitdə belə bir sual yaranır: əgər kolleci bitirən gənclər nə dövlət, nə də özəl sektorda öz ixtisaslarına uyğun iş tapa bilmirlərsə, bu təhsil müəssisələrinin fəaliyyət məqsədi nədir?  Bu barədə Moderator.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, orta ixtisas təhsil pilləsində – kolleclərdə çalışan müəllimlərə, rəhbər işçilərə, həmçinin orada təhsil alan çoxsaylı tələbələrə qarşı heç bir sayğısızlıq etmək fikrində deyiləm. Onun sözlərinə görə, onların çəkdiyi əziyyətin, göstərdiyi zəhmətin nə qədər böyük olduğunun tam şəkildə fərqindəyəm: “Lakin bir reallığı da etiraf etməyə məcburuq. Bu reallıq ondan ibarətdir ki, ölkəmizdə orta ixtisas (subbakalavr) təhsili daha çox formal xarakter daşıyır və çox təəssüf ki, bu hal hələ də davam etməkdədir. Düzdür, son illər bu sahədə müəyyən irəliləyişlər var. Bu irəliləyişin əsas səbəbi isə bir neçə il əvvəl kollecləri ortalama bal göstəricisi ilə bitirən şəxslərə imtahansız şəkildə universitetlərə qəbul olmaq imkanı verilməsidir. Məsələn, kolleclərə maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Ötən il ixtisas seçimi zamanı az qala kolleclər universitetlərlə rəqabət aparırdı. Təbii ki, universitet səviyyəsində ola bilməz, amma onlardan geri də qalmırdı. Nəyə görə? Çünki abituriyent düşünür ki, əgər universitetə qəbul ola bilməsə belə, kollecdə iki-üç il təhsil alaraq yüksək nəticə göstərməklə imtahansız və müsabiqəsiz şəkildə universitetə qəbul olmaq imkanı qazanacaq. Yalnız bu imkan kolleclərə olan marağı müsbət istiqamətdə ciddi şəkildə artırmış oldu. Ümumilikdə kolleclər təhsil sistemimizdəki rolu və əmək bazarındakı yeri baxımından o qədər də faydalı deyildi. Mən bunu bir irad, ya da şikayət kimi yox, ürək ağrısı ilə deyirəm. Təəssüf ki, reallıq budur. Təsəvvür edin, elə peşə təhsili müəssisələri var ki, orada oxuyanların iş tapmaq potensialı kolleclərlə müqayisədə dəfələrlə çoxdur. Mən hətta yüksək standartlı, müasir peşə təhsil mərkəzlərini nəzərdə tutmuram. Sadə, orta səviyyəli peşə məktəblərinin məzunları ilə kolleci bitirənlər arasında iş tapmaq potensialı baxımından böyük fərq mövcuddur. Burada üstünlük, təbii ki, peşə məktəbini bitirən şəxsin tərəfindədir. Əmək bazarı bəzi məsələləri öz tənzimləyir”. Təhsil eksperti vurğulayıb ki, kolleclərlə bağlı vəziyyətin getdikcə yaxşılaşacağına inanıram: “Birincisi, dediyim kimi, kolleci bitirənlərə universitetə qəbul imkanı verilməsi bu inamı yaradır. İkincisi isə, xüsusilə son illərdə daha aydın hiss olunur ki, əmək bazarı üçün bəzi zəruri ixtisaslar yalnız kolleclərdə mövcuddur. Məsələn, tibb yönümlü ixtisaslar. Hazırda bu sahədə əsas tədris məhz kolleclərdə həyata keçirilir. Bakıda və bölgələrdə ümumilikdə ona yaxın tibb kolleci fəaliyyət göstərir və bu kolleclərdə tədris olunan ixtisaslar olduqca vacibdir. Bu gün tibb bacısı, tibb qardaşı, diş texnikliyi, mamaçalıq,aptek işi, ortopedik müayinə kimi ixtisaslara əmək bazarında böyük ehtiyac var. Bu sahələrin bir çoxu yalnız kolleclərdə tədris olunur, ali təhsil müəssisələrində isə bu ixtisaslara rast gəlmək olmur.  Bu gün peşəkar tibb bacılarına, diş texniklərinə, mamaçalara, tibb qardaşlarına ciddi ehtiyac duyulur. Deməli, bu, kolleclərin müsbət tərəflərindən biridir və mütləq vurğulanmalıdır”. E.Nuri onu da əlavə edib ki, digər sahələrdə də elə ixtisaslar var ki, onlar yalnız kolleclərdə mövcuddur:  “Bu iki faktoru nəzərə alaraq deyə bilərik ki, kolleclərin əmək bazarındakı gələcək rolu müəyyən qədər artacaq,amma bu gün üçün bunu tam ürəklə demək çətindir. Çünki hər şey tibb kollecindən ibarət deyil. Axı müxtəlif profilli kolleclər var. Desək ki, onların hamısında tədris olunan ixtisasların əmək bazarındakı mövqeyi yüksəkdir, bu, reallığı əks etdirməz və yanlış olar”.

Müəllim autizmli uşağı DÖYDÜ - Rəsmi AÇIQLAMA - FOTO

“Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimi övladıma şiddət göstərib”. Bu barədə “Qafqazinfo”ya adıçəkilən məktəbin 2-ci sinfində təhsil alan C.E.-nin anası şikayət edib. O bildirib ki, övladında ötən ildən etibarən qorxu, narahatlıq halları artıb: “Autizm spektorlu uşaqlara daha da həssas davranmaq lazımdır. O özünə çox qapanıqdır. Belə halların artdığını görüb həkimə getdik. Müayinədən sonra həkim bizdən soruşdu ki, “bu uşağa evdə hər hansı təzyiq olur?” Ancaq biz övladımıza çox həssas yanaşırıq. Bundan sonrakı müayinələrdə də həkim övladımızın vəziyyətinin geriyə doğru getdiyini bildirdi. Bu məqamda artıq məktəbdən şübhələndik. Ümumi nəzarət etmək və başına hər hansı bir hadisə gəlməməsi üçün “smart saat”dan istifadəyə başladıq. Bu saat vasitəsilə övladımın harada olduğunu müəyyən etmək olurdu. Dərsdə olarkən təsadüfən zəng etdiyimiz zaman müəllimin bir neçə dəfə telefonla oynadığını, uşaqlara isə sakit qalmaqları üçün qışqırdığını eşidirdik”. Valideynin iddiasına görə, müəllim dərs zamanı uşağa şiddət göstərib və o bunu “smart saat”la müşahidə edib: “Bundan sonra dərhal direktorun qəbulunda olduq, evə çatmadan müəllim Rəna Heydərova bizə ağlayaraq zəng etdi. O xahiş etdi ki, şikayəti geri çəkim, yoxsa direktor onu işdən çıxaracaq. Bu hadisədən sonra o qədər yalvardı ki, onu nəzərə aldıq. Ancaq bundan sonra öyrəndik ki, dərsdə övladımın qolundakı saatı çıxarırlar. Sonra müəllimlər uşağın oxumamasından şikayətlənərək onun əlavə hazırlığa gəlməsini dedilər. Biz əlavə ödəniş etməklə uşağı hazırlığa qoyduq. Lakin heç bir faydasını görmədiyimiz üçün dayandırdıq”. O, həmçinin qeyd edib ki, geridə qalan təhsil ili ərzində uşağın bədənində bir neçə dəfə xəsarət izləri aşkar ediblər: “Son hadisələrdən sonra düşünməzdik ki, belə iş görsünlər... Uşağın bədənindəki izləri Rəna müəllimdən soruşduq. O isə bildirdi ki, guya başqa sinifdən uşaqla dalaşıb. Qardaşım bu məsələni maraqlanmaq üçün məktəbə zəng etdi. Ancaq məktəb direktoru Nüşabə Məmmədova ona qışqıraraq təhqir edib. Xüsusi qayğıya ehtiyacı olan və nitq qabiliyyəti olmayan bir uşağa qarşı olunan bu vəhşiliklə bağlı aidiyyəti qurumlara müraciət etmişik”. Bakupost.az Məsələ ilə bağlı 3 nömrəli xüsusi internat məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) müəllim tərəfindən təzyiqə məruz qalması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir: “Qeyd olunan şagird davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar edir, eyni zamanda digər şagirdlərə təzyiq göstərir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Tədris prosesini davamlı olaraq pozduğu, davranış pozuntusu nümayiş etdirdiyi, digər şagirdlərə təzyiq göstərdiyi üçün övladının evdə təhsilə keçirilməsi valideynə tövsiyə olunub. Lakin buna baxmayaraq valideyn məktəbə gələrək müəllimi təhqir edir, ona hədə-qorxu gəlir, açıq ictimai hörmətsizlik nümayiş etdirir. Valideyn müəllimi ölümlə təhdid etdiyinə görə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib”. Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isə sözügedən problemlə bağlı araşdırma aparılacağı açıqlandı: “Bu kimi hallarda bütün təhsilalanların hüquqlarının və müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”. İddiaları araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, Nizami rayonunda yerləşən xüsusi təyinatlı təhsil müəssisələrindən birində təhsil alan şagirdin zorakılıq halı ilə üzləşməsi barədə onun valideyninin şikayəti polisə daxil olub: “Müraciətlə bağlı ekspertizalar təyin edilib. İş üzrə Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir”.

Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib. Sozcu.az xəbər verir ki, "Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq.  Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.