Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi

"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Tramp Rusiyanı tənqid etdi: 5-6 şərt irəli sürüb!

Rusiya bilərəkdən Ukraynada atəşkəs danışıqlarını gecikdirir və razılaşmadan yayınır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, vaxt uzadır. Mən bunu illərdir biznesdə etmişəm: müqavilə imzalamaq istəmirəm, bir növ oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm”, - Tramp bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanın 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra elan edilmiş Qara dənizdə atəşkəslə bağlı tələblərinə baxacaq: “Hazırda onların hamısını nəzərdən keçiririk. Bunlar təxminən beş-altı şərtdir”.

Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur - Hücum

Rusiyanın iri şirkətləri haker hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, hakerlərin hücumuna ən çox “Lukoyl” neft şirkəti məruz qalıb. Bildirilib ki, şirkətin yanacaqdoldurma məntəqələrində müştərilər kart vasitəsilə ödəniş edə bilmir, əməkdaşlar iş kompüterlərinə daxil olmaqda çətinlik çəkirlər. Bundan başqa, Rusiyada Sürətli Ödəniş Sistemi də fəaliyyətini dayandırıb. İstifadəçilər heç bir banka pul köçürə və ya alış-veriş üçün ödəniş edə bilmirlər.

Qəzza yenə bombalandı - 11 nəfər öldü

İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.  İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib. Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.

Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını rəsmiləşdirdi

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.

Məcburiyyət yaranarsa Ukraynalılar yalın əllə də döyüşəcəklər – MKİ rəhbəri

Uzunmüddətli sülh üçün məqbul şərtlər olmasa, Ukrayna hərbçiləri yalın əllərlə belə döyüşəcəklər. Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ Sentındakı dinləmələrdə deyib. “Ukrayna müqavimətinə gəldikdə, artıq bir neçə ildir ki, xalqı və ordusu lazımi səviyyədə qiymətləndirilmir. Kəşfiyyat nöqteyi-nəzərindən öz düşüncələrimdən və müşahidələrimdən əmin oldum ki, əgər davamlı sülh üçün məqbul şərtlər olmazsa, məcburiyyət yaranarsa, onlar yalın əllə də döyüşəcəklər”, - Retkliff bildirib.

“Her şey çok güzel olacak” şüarının yaradıcısı Berkay Gezgin həbs olundu

Sozcu.az xəbər verir ki, 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində Ekrem İmamoğluna söylədiyi “Ekrem ağabey, her şey çok güzel olacak” ifadəsi ilə bütün ölkənin yaddaşında iz buraxan və kampaniyanın simvoluna çevrilən Berkay Gezgin həbs edilib. 22 yaşlı universitet tələbəsi olan Berkay Gezgin, Saraçhanədə keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və daha sonra çıxarıldığı məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndərilib. “Məni unutdurmayın” – Berkayın son sözləri Berkayın vəkili Cemil Çiçek sosial media hesabında verdiyi açıqlamada, müvəkkilinin həbsini təsdiqləyib və onun son sözlərini paylaşaraq ictimaiyyətə çağırış edib: “Her şey çok güzel olacak şüarının mimarı müvəkkilim Berkay Gezgin nə yazıq ki, həbs edildi. 22 yaşında bir gənc. Son cümləsi bu oldu: ‘Lütfen beni unutturmayın!’ Biz onu unutmayacağıq, unutturmayacağıq! Her şeye rağmen her şey çok güzel olacak!” Berkay: “Bu, siyasi bir davadır” Gənc fəal həbsi ilə bağlı etdiyi çıxışda aşağıdakı sözləri səsləndirib: “Bu dava siyasi. Karar ne olursa olsun biz suçsuzuz. Bizi burada əsassız saxlayıblar. Vətənini, millətini sevən, haqqını arayan 21-22 yaşındakı Türk gənclərini həbsə atırlar. Bu yaşadığımız tablo gülünç və qorxuncdur. Her şey çox güzel olacak – yalnız mübarizə aparsaq. Əgər sussaq, heç nə gözəl olmayacaq.”

Almaniya Əkrəm İmamoğlunun həbsinə belə reaksiya verdi

Almaniyanın xarici işlər naziri Annalena Baerbok İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmaları ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Baerbok sosial media hesabından bunları deyib: "İmamoğlu və digərlərinə edilənlər fonunda Türkiyənin AB-yə üzvlük öhdəliyi boş söz kimi səslənir. Siyasi rəqiblərin yeri həbsxana və ya məhkəmə deyil. Öz gələcəyini Avropa Birliyində görən bir ölkədə qanunun aliliyi hökm sürməlidir". Baerbok açıqlamasını belə davam etdirib: "Bu təlatümlü geosiyasi dövrdə əməkdaşlığımız üçün türklərin son 100 ildə qurduqları kimi demokratik və güclü vətəndaş cəmiyyətinə malik olan, qanunun aliliyinin hökm sürdüyü Türkiyə lazımdır”.

Kabab bişirmək istədi, alov üzünü yandırdı

Gəncədə kabab bişirmək istəyən şəxs ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 59 yaşlı S. Paşayeva həyətində oğlu ilə birlikdə kabab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb. Nəticədə qadının əl və üz nahiyələri yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsi davam edir.

Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi

"Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb". Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb.   O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb: "Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?". Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir: "Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib".

Apreldə hava nəfəs kəsəcək - İSTİLƏR BAŞLAYIR

Aprel ayında Azərbaycanda hava əsasən mülayim olacaq. Sozcu.az xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin aprel ayında ölkə ərazisində orta aylıq temperaturun 9-11 dərəcə isti olması gözlənilir. Gecələr 2-7 dərəcə isti, gündüzlər isə 12-17 dərəcə isti olacaq, bəzi günlərdə temperaturun 20-25 dərəcəyədək yüksələcəyi ehtimal edilir. Bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Bakı şəhəri üzrə 1-8 aprel tarixləri üçün proqnozda gündüz temperaturunun 14-21 dərəcə arasında dəyişəcəyi, gecə temperaturunun isə 8-14 dərəcə olacağı bildirilir. Beləliklə, aprel ayında havanın temperaturu əsasən mülayim olacaq və soyuq aylardan sayılmayacaq.

Sabahdan bu məktəblərdə dərslər başlayır

Sabah ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra ilk dərs günü olacaq. Sozcu.az Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləridir. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.

Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!

Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər. Sozcu.az xəbər verir ki, bu ifadələrə görə CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib. “Anaya söyüş söymək qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, - partiya sədri qeyd edib.

Ukrayna ordusu Rusiya ərazisində əmliyyatları genişləndirir

Ukrayna ordusu martın əvvəlində ciddi itki verərək Rusiyanın Kursk vilayətindəki mövqelərinin əksər hissəsindən geri çəkilsə də, sərhədyanı zonada əməliyyatları davam etdirir. Rusiya mənbələri Ukrayna bölmələrinin daxil olduğu Belqorod vilayətində döyüşlərin getdiyini bildirir. Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri kiçik piyada dəstələrdə qruplaşaraq Rusiyanın içərilərinə doğru 10 kilometrdən çox irəliləyərək, bəzi məskunlaşmış əraziləri nəzarətə götürüb. Rusiya hakimiyyəti bir neçə sərhəd kəndinin əhalisini təxliyə edib. Belqorod vilayətinin bəzi sakinləri döyüşlərin şahidi olaraq, təxliyə əmrini gözləmədən evlərini tərk ediblər. “Kursk əməliyyatı”ndan fərqli olaraq, Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə hərəkət edir. Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə fəaliyyət göstərir. Xatırladaq ki, Rusiya hərbi müxbirləri ilk dəfə martın 18-də Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Belqorod vilayətinin Krasnoyarsk yaşayış məntəqəsi istiqamətində Rusiya dövlət sərhədini keçməsi barədə məlumat yayıblar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, “təxribatda” 200-ə qədər ukraynalı diversantın və 29 hərbi texnikanın, o cümlədən 16 zirehli döyüş maşını və beş tankın iştirak etdiyini bildirib. Nazirlik həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hücumları dəf edilib, dövlət sərhədi keçilməyib. Ukraynanın xüsusi əməliyyat qüvvələri isə Belqorod vilayətində uğurlu hücum həyata keçirdiklərini və bu reyd zamanı bölgənin dərinliklərində yerləşən Rusiya ordusunun helikopter aerodromunun vurulduğunu bildirib. Lakin Müdafiə Nazirliyindən fərqli olaraq, Rusiya hərbi müxbirləri Ukrayna qüvvələrinin nəinki dövlət sərhədini keçdiyini, həm də Belqorod vilayətinə 12 kilometr dərinliyə qədər irəlilədiklərini bildiriblər. Sonrakı günlərdə onlar dərinliyi 2-10 kilometr, eni isə təxminən 15 kilometr olan zolağı nəzarətə götürbülər. Rusiya ərazisinə hücumun Ukraynanın Sumı vilayətindən həyata keçirildiyi qeyd edilir. Məlumata görə, Ukrayna bölmələri sərhəddən 10-12 kilometr aralıda yerləşən Demidovka kəndinə daxil olub. Rusiya hərbi mənbələri bildirirlər ki, ukraynalı diversantlar kəndin mərkəzində döyüşür və onlara kamikadze pilotsuz uçan aparatlarla havadan dəstək verilir. Sumı vilayəti ərazisindən Ukrayna ordusu HİMARS reaktiv reaktiv sistemləri və artilleriya qurğularından istifadə edərək hücumları genişləndirir.

"Prezidentin anasına təhqirləri ürəkdən pisləyirəm, ona rəhmət diləyirəm" - İmamoğlu

Əkrəm İmamoğlu İstanbulda dünənki mitinqin gedişində Prezident Rəcəb Tayyib Ərdoğanın mərhum anasının və ailəsinin təhqir edilməsi ilə bağlı açıqlama yayınlayıb. Sozcu.az xəbər verir ki, İmamoğlu açıqlamasında aşağıdakı fikirləri ifadə edib: Siyasi tariximizin ən böyük ədalətsizliklərindən biri ilə üzləşmişəm. Təbii ki, 19 mart çevrilişinə qarşı bütün qanuni vasitələrdən istifadə edərək mübarizə aparacağıq. Ancaq bu çevriliş üçün belə çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına söylənən təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bu münasibətlə bir daha Uca Allahdan ona rəhmət diləyirəm. Həbsdə olmağımızdan sui-istifadə edərək, anam, həyat yoldaşım və ailəm haqqında əxlaqsız yazılar yazanlara qarşı prokurorluğu da tədbir görməyə çağırıram. Hər bir məsələ ilə bağlı iş yerində və ildırım sürəti ilə araşdırmalar açanlar ailəmizə gələndə başlarını qoymağa yer axtarırlar. Biz hakimiyyətə gələndə sizin bizə etdiyinizi etməyəcəyik. Ədalət hər kəsin təminatı olacaq, qanun hər kəsin canının və malının təhlükəsizliyini təmin edəcək, heç kim başqasının malına, şərəfinə, ləyaqətinə, nüfuzuna qəsd edə bilməyəcək.

Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir - Təhsil eksperti

"Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər". Sozcu.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. "Müəllimlərin sertifikatlaşdırılması prosesinə Azərbaycanda ilk dəfə 2022-ci ildən başlanılıb. Bu proses ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, uğurla davam edir. Doğrudur, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi ilk illərdə texniki və təşkilati istiqamətlərdə müəyyən problemlər var idi. Lakin zaman keçdikcə Elm və Təhsil Nazirliyi, eləcə də İnsan Resursları Mərkəzi tərəfindən bu boşluqların əksəriyyəti müsbət istiqamətdə aradan qaldırıldı. Hazırda sertifikatlaşdırma prosesində əsas boşluqlar texniki və təşkilati məsələlərlə deyil, qaydalarla bağlıdır. Bu imtahan Ukrayna və Qazaxıstan təcrübəsinə əsasən təşkil olunub. Həmin ölkələrdə müəllimlərin qiymətləndirilməsi mexanizmləri dünya miqyasında uğurla tətbiq edilir. Azərbaycanın bu təcrübəyə üz tutması doğru addım idi, lakin bəzi detallar var ki, burada Ukrayna və Qazaxıstanın qaydalarından fərqli olaraq, öz yanaşmamız tətbiq edilib. Qaydalarla bağlı ən çox tənqid edilən məqam qiymətləndirmə sistemidir. Bildiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsində maksimum bal 60-dır. 31-50 bal toplayan müəllimlərin maaşına 10%, 50-dən yuxarı bal toplayanların maaşına isə 35% əlavə edilir. Bu qaydalar bir çox müəllim tərəfindən birmənalı qarşılanmayıb. Çünki 31 bal toplayan da 10% artım alır, 50 bal toplayan da. Həmçinin 51 bal toplayan da 35% artım alır, 60 bal toplayan da. Faizlər arasında diferensial bölgünün artırılması daha ədalətli olardı. Məsələn, 31-41 bal toplayanların maaşına 10%, 41-51 bal toplayanların maaşına isə 20% əlavə olunması daha məqbul görünür. Sertifikatlaşdırmanın 5 ildən bir keçirilməsi də müəyyən problemlərə səbəb olur. Bəzi müəllimlər hazırda özlərini daha bilikli və hazırlıqlı hiss edirlər. Lakin onlar əməkhaqqını əvvəlki nəticələrinə əsasən alırlar. Bu narazılıqların qarşısını almaq üçün sertifikatlaşdırma prosesinin 5 ildən bir deyil, 2 və ya 3 ildən bir keçirilməsi daha məqsədəuyğun olardı. Bəzi insanlar hesab edir ki, sertifikasiya müəllimlərin nüfuzuna mənfi təsir göstərib. Lakin əslində bu proses müəllimlərin nüfuzuna xələl gətirməyib, əksinə, real vəziyyəti üzə çıxarıb. İki il əvvəl nazirlik tərəfindən sertifikasiya nəticələrinə dair keçirilən konfransda məlum oldu ki, zəif nəticə göstərənlərin 90%-i kollec məzunlarıdır. Hazırda həmin kolleclərin əksəriyyəti fəaliyyətini dayandırıb. Bu isə sertifikatlaşdırmanın təhsildə süzgəcləmə rolunu oynadığını sübut edir. Əgər bu prosesə 2022-ci ildə yox, 2015-ci ildə başlanılsaydı, təhsildə daha müsbət nəticələr əldə etmək mümkün olardı. Sertifikatlaşdırmanın elmi-statistik təhlilinə geniş ictimaiyyət bələd olmasa da, təhsil mütəxəssisləri və rəsmi qurumlar bu detalları araşdırır. Məsələn, ibtidai sinif müəllimlərinin niyə zəif nəticə göstərdiyi, riyaziyyat məsələlərində niyə çətinlik çəkdikləri kimi məsələlər elmi təhlillərdən keçirilir. Bu təhlillərin yalnız nəzəri deyil, praktiki olaraq da tətbiq olunması vacibdir. Hər bir halda sertifikatlaşdırmanın müəllim imicinə ciddi zərbə vurduğunu düşünmürəm. Əksinə, bu proses müəllim peşəsində düzgün süzgəcləmə rolunu oynayır. Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər",- deyə E.Nuri fikrini yekunlaşdırıb.

İtkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirildi: "Qızları tora salan gənclər var"

“Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqələrdən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir". Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar: "Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Dünən axşam saatlarında isə bizə zəng olundu ki, qızlardan birini valideyn tapıb. Qızın sinif yoldaşının valideyni deyib ki, qızı birtəhər razı salmışıq. Dedim dərhal polisə müraciət etsinlər, getməyə, qalmağa yeri yoxdur. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar". K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir: "Niyə bu addıma atmasına ilə ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”. Qızlardan biri iki il əvvəl sığınacağa gətirilib, amma ... K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlavə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi bizdə qeydiyyatda olub, bir gün də qalmışdı". Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

Temperatur 18 dərəcəyə yüksələcək

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:09, iftar isə 19:12-dədir. İmsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”. Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

İbtidai sinif müəllimi vəfat etdi - FOTO

Gəncədə ibtidai sinif müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Rahat qızı Əliyeva dünyasını dəyişib. 58 yaşlı R.Əliyeva ürək tutmasından vəfat edib.

Zelenski: Ağ Evdə Putinin sözlərinə inanmağa başlayıblar

Ağ Evdə Vladimir Putinin sözlərinə inanmağa başlayıblar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində deyib. “Hesab edirəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara informasiya təsiri göstərməyə nail olub”, - Ukrayna lideri qeyd edib.

Urmulu milli fəallar həbs edildi

Bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Əmir İbrahimlu və Soheyl Dəiyri adlı iki milli fəal həbs edilib. Bu barədə insan haqları fəalları məlumat yayıb. Adı çəkilən şəxlərin həbs səbəbi və hara aparıldıqları barədə məlumat yoxdur. Əmir İbrahimlu bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edilib. Qeyd edək ki, fəalların martın 22-də Urmiyada kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarına qarşı keçirilən etiraz aksiyasına görə saxlanıldıqları ehtimal olunur.

Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub. Onun ikinci övladı üç aylıqdır.

Düşmənin qorxulu yuxusu - şəhid Pəncəli Teymurovun doğum günüdür

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Sozcu.az xəbər verir ki, şəhidimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstənin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.