Doğrusu, görəndə çox təəccübləndim və
məyus oldum. Hətta deyərdim, bir qədər də hiddətləndim!
Necə yəni "Türkiyəsiz Azərbaycana hazırlaşaq"?
Bu nə cəfəng cümlədir? Bu cümlənin struktur olaraq bu şəkildə qurulması nəyə hesablanıb?
Haralara, kimlərə mesaj göndərirsiz? Haralara, kimlərə eyham vurursuz? Nəyin eyhamıdır bu?
Siz nə etdiyinizin fərqindəsiniz? Özü də bunu, qələminə sayğı duyduğumuz bir jurnalist edəndə, adam bilmir başına haranın daşını töksün.
Ən dəhşətlisi isə budur ki, bu zərərli sərlövhə ilə yazılan yazıları birdən-birə bir neçə sayt manşetdən tirajlamağa başlayır. Ağlınızı itirmisiniz?!..
Siz Türkiyə-Azərbaycan birliyinə düşmənsiniz? Siz Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə qəsd etmək yolu tutmusuz?.
"...TÜRKİYƏSİZ AZƏRBAYCANA HAZIRLAŞMALIYIQ" - ALLAH ALLAH! Xəyalı, təsəvvürü belə dəhşətlidir, qorxuludur, vahiməlidir!
Vallah-billah, yazıqlar olsun! Çox heyf!
Elbeyi Hesenli, yanlış təbliğata meydan verməyin, Bəy. Siz axı çox təcrübəli bir qələm adamısız. Etməyin-eləməyin. Haqqında danışdığınız partiyaların ən üst düzəy adamları ilə təmaslarımız olub dəfələrlə, indi də var, hər səfərdə sizin də qaldırdığınız bu narahat sualları soruşmuşuq, soruşuruq, amma hər səfərdə bizə cavabları bu olub ki, "...Əfəndilər, bu bizə veriləcək suallar deyil, ayıb olur axı, arxadaşlar, ayıb olur".
Yəni, sözümün canı budur ki...
...nə Türkiyə Azərbaycansız, nə Azərbaycan Türkiyəsizdir, belə bir şey olmayıb, olmayacaq da, ola da bilməz, bu nə fiziki, nə də mənəvi-vicdani olaraq baş tutan işdir. Türkiyədə iqtidarda kim olur-olsun, ha AKP-si, ha CHP-si, Azərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün candır! Bu, 1918-ci ildən bu yana belədir!
Belə cəfəng fikirlər olan yazılarla insanlarımızı çaşdırmayaq, xalqlar arasına nifaq salmayaq!
İkincisi, bu gün Türkiyədə demokratik sistem hələ də yaşayırsa, bunun ən böyük səbəblərindən biri - ana müxalifət partiyası CHP-dir və bu təşkilata qarşı düşmənçilik toxumu səpmək, yalnız və yalnız Azərbaycanda təkadam yarımtotalitar sistemi qoruyub saxlamaq istəyən qüvvələrin işinə yarayır, başqa heç nəyə.
Onmilyonlarla tərəfdarı, seçməni olan bir siyasi institutu necə bu şəkildə bir qələmdə silə bilirsiz? Xeyirdə və şərdə daim bizim yanımızda olan, sevgisini bizdən əsirgəməyən Türkiyə xalqına bu dərəcədə sayğısızlıq nəyin əlamətləridir?
Kremlin, "Moskva cocuqları"nın Azərbaycanda təbliğat maşınının əsas tezisləri də elə bu deyilmi?
Hakimiyyətə də elə bu lazım deyilmi?
CHP-ni düşmən çıxarmaq, CHP-nin demokratiya, azad və ədalətli seçkilər, hüquqi dövlətçilik, ləyaqətli rifah dövləti, şəffaf və hesabatlı idarəetmə ilə bağlı verdiyi mücadiləni, ən əsası - GERÇƏK BİR MÜXALİFƏT OBRAZI YARATMASINI görməzdən gəlib xalqımızın gözündən salmaq - hamısı Əliyev iqtidarının əlinə oynamaqdan başqa bir şey deyil axı.
CHP-yə düşmənçilik, sadəcə, Erdoğan sevgisi, AKP sevgisi-filan da deyil. Burada rejimə sivil mübarizə ilə dirənən bir müxalifətçilik institutunun insanlarda yarada biləcəyi mübarizə əzminə, dirəniş iradəsinə nifrət yaratmaqdır əsas iş.
CHP - müxalifətçilik institutunun yenilməz qalasıdir indi və siz hər səfərdə bu nümunəvi siyasi mərkəz haqda nifrət toxumu səpməklə avtoritarizmə, totalitarizmə qaz verirsiz.
Məgər siz bunu da başa düşmürsüz?
Kim nə deyir-desin, bu gün CHP qardaş Türkiyəmizdə uğurları kifayət qədər böyük olan bir müxalifət partiyasıdır. Ölkə iqtisadiyyatının 95 faizinin döndüyü böyük şəhər bələdiyyəri CHP-nin idaraetməsindədir. Bütün bunları illərdir demokratik savaş verərək əldə ediblər.
Siz indi qalxıb, siyasi meydanda, az qala yüz illik siyasi təcrübəsi və praktikası olan partiyanı düşmən elan etməklə, onların demokratiya uğrunda mücadiləsinə ləkə vurmuş olursuz, bu mübarizəni gözdən salmış olursuz.
Nə olur-olsun demokratiya mücadiləsi verənləri aşağılayıb gözdən salmaq, əvəzində isə, avtoritar şəxsləri guya xarizmatik lider kimi Şərq toplumuna qəhrəman obrazında sırımaq bizim düşmənlərimizin, bizi istəməyənlərin, TƏKADAM hakimiyyətlərin istək və arzularıdır.
İndi siz bunlara xidmət edirsiz? Bunun da fərqində deyilsiz?
Türkiyə xalqının yarıdan çoxunun səsini almış, Türkiyənin ən böyük şəhərlərini idarə edən CHP-yə düşmənçilik fonunda "Türkiyəsiz Azərbaycan haqda düşünməliyik" yazmaqla əlinizə nə keçdi? Bunu yazmağa əliniz necə gəldi?
Bu nə əcaib bir cümlədir belə? Məqsədiniz nədir axı cümləni sırf bu cür qurmaqda? Guya yeni bir şey deyirsiniz? İnanın, heç nə demirsiniz!
Yoxdur belə bir şey və bunu Türkiyənin mürəkkəb siyasi sistemini, Türkiyədə fəaliyyət göstərən hdp xaric iqtidarlı-müxalifətli bütün siyasi partiyaları, beyin mərkəzlərini, ictimai-siyasi quruluşları tanıyan, bilən, proseslərdən tam məlumatlı şəxs kimi bütün məsuliyyətimlə deyirəm: yazdıqlarınız tamamilə, kökündən cəfəng fikirlərdir.
Mirzə Rəşad Orbey, siyasətçi