Bakı və Abşeronda yağıntı normadan dəfələrlə çox olub

Oktyabrın 22-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir. Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub. Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb. Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Mərdəkan tunelində sərnişin avtobusu batdı

Ötən gecə Bakıda yağan güclü yağış nəticəsində Mərdəkan tuneli də tamamilə su altında qalıb. Tuneldən keçmək mümkün olmayıb və sürücülər böyük çətinliklərlə üzləşiblər. Sozcu.az xəbər verir ki, lentə alınan görüntülərdə tunelin içərisinin tamamilə su ilə dolduğu və suyun səviyyəsinin avtomobillərin yarısına qədər qalxdığı müşahidə edilir.

Yağış nə vaxt kəsəcək? - Rəsmi

Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. Xidmətin rəsmisi bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək. “Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Veteranlara verilən 80 manat bu qədər artacaq

Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir: "Hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".

Quterreş Bakıya gəlməyə HAZIRLAŞIR

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino “Report”a açıqlamasında deyib. BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək: “Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.

Moldovada seçki bitdi, xalq qərarını verdi

11:04 Moldovanın Avropa Birliyinə daxil olub-olmamaqla bağlı keçirilən referendumda nəticələr dəyişib. Sozcu.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 98,33%-nin sayılmasından sonra AB-yə “hə” deyənlərin 50,03%, "yox" deyənlərin isə 49,97% olduğunu elan edib. Səslər arasında olan cüzi fərq (756 səs) nəticələrin dəyişə biləcəyi ehtimalını saxlayır. Qeyd edək ki, bülletenlərin 54%-i sayıldıqdan sonra AB əleyhdarları 55 faizlə tərəfdarları üstələyirdi. Xatırladaq ki, ötən gün Moldovada prezident seçkiləri də referendumla birgə keçirilib. Prezident seçkilərində hazırkı prezidenti Maya Sandu səslərin 97,8%-nin sayılmasından sonra 41,84%-lə liderdir, onun əsas rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,35% səs toplayıb. *** Moldova Mərkəzi Seçki Komissiyası səslərin 100 faiz sayıldığını bəyan edib. Referendumda səs verənlərin 50,46%-i Moldova Konstitusiyasına AB-yə daxil olmaq kursunun dönməzliyi ilə bağlı dəyişiklikləri dəstəkləyib, 49,54%-i əleyhinə olub.

İsraildən şok: Hizbullahın yarım milyardlıq bunkeri tapıldı

Livanın paytaxtı Beyrutda xəstəxanalardan birinin altında Hizbullaha məxsus bunker yerləşir və orada 0,5 milyard dollar dəyərində pul və qiymətli əşyalar saxlanılır. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Bu bunkerin Dahiya yaxınlığında Əl-Sahel xəstəxanasının altında yerləşdiyi və onun bir zamanlar Hizbullahın keçmiş lideri Həsən Nəsrullah tərəfindən istifadə edildiyi iddia edilir. Bildirilib ki, obyekt uzunmüddətli işğal və döyüş əməliyyatlarında istifadə edilməsi üçün nəzərdə tutulub.

Tramp Maskın gündəlik 1 milyon mükafatının harasındadır? - TƏHLİL

Seçkilərə 15 gün qalır. Bu yazını, üzdə və pərdə arxasında baş verən hadisələrin mühümlüyü və özəlliyi baxımından xüsusilə qeyd etmək istəyirəm. İlon Maskdan başlayaq. İlon Mask və Tramp yeni "mexanizm" icad ediblər. "America PAC"(siyasi aktivlik komitəsi) adlı təşkilat var, bu təşkilat üzərindən Donald Trampın seçki kampaniyası maliyyələşir. Bir neçə gün qabaq "America PAC" öz saytında onlayn-petisiya dərc edib və vətəndaşları bu petisiyanı imzalamağa çağırıb. Petisiya ABŞ Konstitusiyasına "Birinci düzəliş"(bildiyimiz, fundamental insan haqları prinsipləri. Mask hesab edir ki dem-lar söz azadlığına hücum çəkirlər deyə, "Birinci düzəlişi" önə çəkir, əslində isə gülməlidir)və "İkinci düzəliş"inə(silahların azad istifadəsi) dəstək məqsədilə yaradılıb. "Amerika PAC" bədii peticiyanı dərc edəndən dərhal sonra, İlon Mask bəyan etdi ki, hər gün petisiyanı imzalayan təsadüfi 1 nsana 1 miyon dollar verəcək.  Siz soruşacaqsınız, bəs Tramp və Trampa dəstək, bu petisiyanın və Maskın gündəlik 1 milyon mükafatının harasındadır? Yəni Trampın bura nə aidiyyatı var? ABŞ-da federal qanun insanların səs verməsi və ya səs verməsi üçün qeydiyyatdan keçməsinə görə pul ödənişlərini qadağan edir, bu qanunun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Bununla belə, Maskın təşəbbüsü, səsvermədə iştirak etmək və ya səs vermək üçün qeydiyyatdan keçmək deyil, petisiya imzalamağa çağırmaqdır. Bəs niyə? Əsas məsələ ondadır ki, petisiyanı imzalamaq üçün insan öz şəxsi məlumatlarını sayta daxil etməlidir, sonra isə, bu məlumatlar Trampın seçki qərargahına göndərilir, qərargah isə öz növbəsində təbliğatı(zənglər, məktublar və s) həmin insanlara hədəfləyir. Qeyd edək ki, petisiya məsələsi sırf "bənövşəyi" ştatlar üçün nəzərdə tutulub, mahiyyəti başa düşdünüz. İlon Maskın təşəbbüsünün məqsədini aydınlaşdırdıq, bu məsələyə qayıdacağıq, indi isə keçək əsas məqamlara. "Polymarket" seçkilər üzrə əsas bukmeker şirkətlərindən biridir, nəhəngdir. Hal-hazırda "Polymarket"də çox qeyri-adi və ilk baxışdan bizim üçün dəhşətli hadisələr baş verir. Nə baş verir? "Polymarket" qələbə ehtimallarını belə verir: Tramp-61%; Harris-39%. "Bənövşəyi" ştatlarda qələbə ehtimalları(sorğuların nəticələrilə qarışdırmayın, qələbə ehtimalı %-i başqa, sorğuların nəticələri %-ləri başqa) : Miçiqanda Tramp-55%, Harris-45%. Pensilvaniya Tramp-59%, Harris-41%. Nevada Tramp-55%, Harris-45%. Şimali Karolina Tramp-65%, Harris-35%. Corcia Tramp-69%, Harris-31%. Viskonsin Tramp-56%, Harris-44%. Arizona Tramp-70%, Harris-30%. Necə deyərlər toyumuz mübarək, 7 "bənövşəyi" ştatdan 7-sini uduzuruq, ən azı "Polymarket" belə göstərir. Bu həqiqətənmi elədir? Əslində gerçəkdən çox qorxulu mənzərədir və hal-hazırda demək olar ki, hər yerdə eyni məlumatlarla rastlaşacaqsınız-"Tramp öndədir", "Tramp irəliləyir", "Bukmekerlər Trampı favorit sayır" və s. Narahatedici deyilmi? İndi isə sizə verəcəyim məlumatlarda açıq mənbələrə istinad edə bilməyəcəm, amma əmin olun ki, mənbələrin etibarlılığı şübhə doğurmur. Etibarlı mənbələr xəbər verir ki, Trampın seçkilər qərargahı sorğuların gerçək nəticələrini gizlədir, açıqlanan nəticələr isə hamısı resp-lərin kurasiyasında olan seçki monitorinqi mərkəzləri vasitəsilə olur və saxtadır. Məqsəd isə, "Tramp böyük fərqlə irəlidədir" mifi yaratmaqdır. Deməli "Polymarket"in əsas investoru Piter Til İlon Maskın çox yaxın dostudur, Cey Di Vensin əsas sponsorudur. Deyilənə görə Mask və Piter Til arasında danışıqlar olub, Mask Piter Tildən xahiş edib ki, "Polymarket" süni şəkildə Trampın qələbə ehtimalları göstəricilərini kəskin artırsın(əmsalları endirsin) və başqa bukmeker nəhəngləri(misal üçün "Kalshi") eyni dərəcədə olmasa da, əmsalları eyni istiqamətdə dəyişməyə məcbur olacaq(Trampın lehinə). Bunu dolayısı yolla sübut da edə bilərik. ABŞ-da bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Erkən seçkilərdə iştirakçılıq faizi, indikator rolunu oynayır, niyə? Erkən səsvermədə adətən böyük şəhərlərin və mərkəzlərin sakinləri iştirak edir, böyük şəhərlər isə demokratların elektoratıdır. Başqa sözlərlə, erkən seçkilərdə nə qədər çox adam səs verirsə, dem-lara o qədər yaxşıdır, deməli iştirakçılıq faizi yüksək olacaq, deməli böyük şəhərlərin əhalisi evdə oturmayacaq. İndi baxın nə baş verib. Corciyada erkən seçkilər başlayıb və ilk gündə rekord sayda adam səs verib, keçən ildəkindən 2.2 dəfə çox. Corciya "bənövşəyi" ştatdır və belə nəticə əmsallara təsir etməliydi, demokratların lehinə. Həmin gün isə əks proses gördük, Trampın qələbə ehtimalı göstəricilərini kəskin artırdılar, kim? Piter Til("Polymarket"). Məntiqsizlikdir, açıq görünür ki, müdaxilə var. Yox, mən demirəm ki, "dağıda-dağıda gedirik", "bütün bənövşəyi ştatlarda irəlidəyik" və s. Elə deyil , çox çox gərgin savaş gedir, hər "bənövşəyi" ştatda. Amma resp-lərin hər yerdə yayımladığı kimi də deyil. Və ümumiyyətlə heç kim deməyib ki, asan olacaq, siyasət böyük savaşdır və bu savaşı qazana bilənlərlər irəli çıxmalıdırlar. Demokratlar bunu bacarırlar, bacaracaqlar. Mən buna inanıram. Kamran Cəfərov, politoloq

Arif Hacılı: "Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları məhdudlaşacaq"

"Moldovada məsələ bitdi. Seçkilərdə Dnestryanı və digər ərazilərdə Rusiya tərəfdarlarının ciddi saxtakarlıqlarına baxmayaraq, xalq öz iradəsini nümayiş etdirə bildi. Referendumda avrointeqrasiya tərəfdarları, prezident seçkilərində Maia Sandu qalib gəldi və növbəti turda üstünlüyünü daha da möhkəmləndirəcəyi gözlənilir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı deyib.  "Növbə Gürcüstanındır" , deyən Arif Hacılı bildirib ki,  bu bazar günü Gürcüstan xalqı öz inkişaf yolunu müəyyən edəcək:  "Bu seçkilərin nəticələri yalnız Gürcüstan üçün deyil, həm də region ölkələri, postsovet məkanı üçün xüsusi əhəmiyyət kəsb edir və yeni dünya düzəninin formalaşmasına təsir göstərəcəyi şübhəsizdir.  Ümid edirik ki, bu seçkilərdən sonra Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları bir qədər də məhdudlaşacaq".

Nərgiz Məhəmmədiyə əlavə həbs cəzası verildi

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus, 2023-cü ilin Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verilib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Tehranın Cinayət Məhkəməsi Məhəmmədini bir müddət əvvəl İran həbsxanalarında edam cəzalarına etiraz etdiyinə görə “hökumət məmuruna tabe olmamaq və qarşıdurma yaratmaq”da günahlandıraraq yenidən cəzalandırılıb. Xatırladaq ki, hüquq müdafiəçisi və siyasi məhbus avqustun 6-da etiraz aksiyalarında həbs edilən Rza Rəsayinin edam edilməsinə görə Evin həbsxanasında etiraz aksiyası keçirib. O, bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Ukraynaya 400 milyonluq yeni yardım paketi... - Ostin

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. “ABŞ Baydenin rəhbərliyi altında Ukraynaya bu dəstəyi artırmağa davam edir. Bu gün Ukraynaya sursat, hərbi texnika və silahlar üçün prezident tərəfindən 400 milyon dollarlıq yardım paketinin ayrıldığını bəyan edirəm”, - o bildirib.

"Turizm sahəsində qiymətlər əlçatan olmalıdır” - İqtisadçı

“Milli iqtisadiyyatın şaxələndirilməsi baxımından ölkədə turizmin inkişafına yönəlik investisiyaların həcminin artırılmasına və onun effektivliyinin təmin olunmasına xüsusi önəm verilməlidir. Dövlət infrastruktur seqmentini öz üzərinə götürməli, özəl sektor isə işgüzar fəaliyyətin canlanmasına doğru müvafiq istiqamətlər üzrə investisiyaları artırılmalıdır. Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına, bank sektorunun bu işlərdə aktiv rol oynamasına ehtiyac var”. Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib. O qeyd edib ki, qış turizminin daha da inkişaf etdirilməsi üçün işlər görülməlidir: “Qusar, Quba, Xaçmazda artıq bu istiqamətdə müvafiq infrastruktur işləri görülüb. Eyni zamanda bazarda təklifin çoxalmasına, rəqabət mühitinin inkişafına ehtiyac var. Bu isə qiymətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Eyni zamanda ölkəmizin Qərb bölgəsində, xüsusilə Gədəbəy rayonunda qış turizminin inkişafı ilə bağlı müvafiq infrastruktur və özəl sektorla bağlı işlərin reallaşdırılmasına ehtiyac var. Orada mövcud olan potensialın böyük hissəsi hələ də reallaşmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi önəm verməlidirlər”.

Alatavada evlərin qanunsuz sökülməsi işləri dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə mübasibət bildirib. Qurumdan Modern.az-a verilən məlumatda deyilir ki, bu ilin aprel ayından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib. Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.

“Biz onun məhkəmə qarşısında cavab verməsini istərdik, olmadı" - CHP sədri

Yəqin ki, bu dünyadan ən böyük günahla köçən şəxs Fəthullah Güləndir. Sozcu.az xəbər verir ki, bunu CHP sədri Özgür Özəl deyib. “Biz onun məhkəmə qarşısında cavab verməsini istərdik, olmadı. Getdiyi yerdə hesabını verir. Amma düşünməyin ki, o öləndə hər şey bitdi, geridə qoyduğu şeylər var. Söhbət dövlətin silahını öz silahına çevirən terror təşkilatından gedir. Bu terror təşkilatının yalnız təsisçisi ölüb, bu təşkilat hələ də ayaqdadır. Heç kimdə bu təhlükənin keçdiyi təəssüratı yaranmamalıdır”, - partiya sədri bildirib.

Azərbaycanda bu siqaretlər bahalaşdı

Azərbaycanda bəzi siqaretlərin qiymətində yeni artım baş verib. Sozcu.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu gündən etibarən "LD Compact" (Ballı) markalı siqaretin qiyməti 20 qəpik bahalaşıb. İndiyə qədər alıcılara 3 manat 40 qəpiyə təklif olunan bu siqaretin yeni qiyməti 3 manat 60 qəpikdir. Bu artım, siqaret istehsalında xammal qiymətlərinin bahalaşması və ölkədə baş verən iqtisadi dəyişikliklərlə əlaqədar ola bilər. Son illərdə Azərbaycanda siqaret qiymətləri müxtəlif səbəblərlə artım nümayiş etdirib. Həmçinin, siqaret istehlakının azalması üçün hökumət tərəfindən tətbiq edilən vergi siyasətinin də bu artımlar üzərində təsiri olduğu düşünülür. Siqaret istehlakına qarşı mübarizə aparmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bazar qiymətlərində dalğalanmalar müşahidə edilir. Bu artım, həmçinin istehlakçıların alım gücünə təsir edəcək və siqaretə olan tələbatın azaldığı bir dövrdə baş verir. Növbəti dövrlərdə digər siqaret markalarının da qiymət artımına gedib-getməyəcəyi sual doğurur. Müxtəlif mütəxəssislər, bu kimi qiymət artımlarının istehlakçıların seçimlərinə və ümumilikdə bazar dinamikasına ciddi təsir edəcəyini bildirirlər. Həmçinin, alıcıların siqaret istehlakını azaltmaq üçün daha ucuz alternativlərə yönələcəyi gözlənilir.

Bakıda içərisində sakinlər olan evi sökdülər

Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır. Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlansa da, hələlik heç bir cavab ala verilməyib.

Prezident Baydenin xüsusi köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gəldi - Təcili

Pentaqon rəhbəri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, L.Ostin Vaşinqtonun ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevi dəstəkləməyə sadiq olduğunu nümayiş etdirmək niyyətindədir. O, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini müzakirə edəcək.

Tramp Putini Moskvanı vurmaqla hədələdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı Moskvanın mərkəzinə vurmaqla hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə o, 20 oktyabrda "The Wall Street Journal" nəşrinin redaksiya heyəti ilə görüşdə deyib. Trampın sözlərinə görə, o, Putinlə olan söhbətində Rusiyanın Ukraynanı təqib etməsi halında ona ciddi zərbə endirəcəyini bildirib. "Vladimir, əgər Ukraynanı təqib etsən, səni elə vuracam ki, inanmayacaqsan. Birbaşa Moskvanın mərkəzinə zərbə endirəcəyəm," – deyə Tramp həmin söhbəti xatırladıb. Keçmiş prezident əlavə edib ki, o, Putinlə yaxşı münasibətlərinin olduğunu və bu addımı atmaq istəmədiyini vurğulasa da, belə bir vəziyyətdə "seçim imkanı" qalmayacağını bildirib. Söhbətin nə vaxt və hansı şəraitdə baş tutduğu barədə isə Tramp əlavə məlumat verməyib.musavat.com)

“Dünya xarici ticarətinin 80 %-dən çoxu ABŞ dolları ilə aparılır, pomidorla yox...”

“Qazaxıstan “BRİKS”-ə üzv olduğu halda, ABŞ ona qarşı sanksiya yeridə bilər. Bu isə Qazaxıstan üçün ölümə  bərabərdir...” “Qazaxıstanın BRİKS-sə girməməsinin iqtisadi və siyasi tərəflərinin obyektiv səbəblərini bilmədən Rusiyanın bu ölkəyə niyə iqtisadi təzyiq göstərməsinin mahiyyətini dərk etmək qeyri-mümkündür. Postsovet respublikaları arasında Qazaxıstan yeganə respublikadır ki, Rusiya, Qərb və Şərq arasında geo-siyasi balansını bu günə qədər saxlaya bilib”.  Bu fikirləri “Qazaxıstanın “BRİKS”-ə girməkdən imtina etməsini və Rusiyanın bunun əvəzində həmin ölkədən bəzi tərəvəzlərin idxalına qadağa qoymasını necə dəyərləndirirsiz? Buna “tərəvəz diplomatiyası” demək olarmı?”- sualını cavablandıran siyasi analitik Tahir Cəfərli dilə gətirib. “Söhbət  təkcə  tərəvəzdən gedirsə, Qazaxıstanın ondan gələn, gəliri demək olar ki, heçə bərabərdir. Rusiya öz tərəvəz istehsalçılarını qorumaq üçün Qazaxıstan idxalının qabağını alır, çünki bu ölkənin tərəvəzi Rusiyaya buraxıldığı halda, oranın tərəvəzinin  qiyməti aşağı düşür. Misal üçün İran, Pakistan, Əfqanıstan, Misir və s. ölkələrdən Azərbaycana gətirilən kartofun həcmi azaldıqca, ölkəmizdə kartofun qiyməti iki dəfə qalxdı. Bundan Azərbaycan istehsalçıları uddular, bununla belə kartofun keyfiyyətini artırmadılar. Rusiyada da bu proses gedir.  Digər tərəfdən, Avrasiya Gömrük İttifaqının üzvü olan Qazaxıstanın tərəvəz və meyvələrinin qarşısını almağa  Rusiyanın ixtiyarı yoxdur, bununla belə, Rusiyaya keyfiyyətsiz mallar gələrsə, onun qabağı alına bilər. Odur ki, Qazaxıstan tərəvəzinin Rusiyaya buraxılmamasını “BRİKS”-lə əlaqələndirmək doğru deyil”, - deyə davamında həmsöhbətimiz bildirib.   “Qazaxıstanın “BRİKS”-ə girməməsinin başqa geo-siyasi  səbəbləri vardır. Bunları dərk etmək üçün bir şeyi bilməliyik ki, “BRİKS” ABŞ dollarına qarşı bir çox ölkələrin birliyidir. “BRİKS”-ə daxil olan ölkələr, loru dildə desək, öz aralarında  xarici ticarəti öz valyutaları ilə  həyata keçirirlər. Onlar bununla Ümumdünya Ticarət Təşkilatından uzaqlaşmaq istəyirlər. Nəzərə alsaq ki, bu təşkilat ABŞ-nin diktəsi ilə hərəkət edir, onda “BRİKS”-n ABŞ-ın xarici ticarətinə qarşı getdiyini qeyd edə bilərik. Qazaxıstan Prezidentini fəxri qonaq kimi Kazan samitinə şəxsən V.Putin dəvət etsə də, Qazaxıstanın bu birliyə üzv olmayacağını, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali bir neşə gün bundan əvvəl bəyan edib. Onun müsahibəsi ilə bağlı  “Balgenews” nəşrində “Почему Казахстан воздержится от вступления в БРИКС?” “Qazaxıstan niyə “BRİKS”-ə üzv olmaycaq” adlı məqaləmizdə Qasım-Comərd Tokayevin bu siyasi addımına obyektiv qiymət vermişik. Hər şeydən əvvəl bir  fikri diqqətinizə çatdırmaq istəyirəm ki, Qazaxıstan Prezidenti başqalarından fərqli olaraq praqmatik siyasətçidir. O, atdığı hər bir addımın sonda nəticəsini dərk etməsə, heç bir siyasi addım atmaz... K.Tokayevin “BRİKS”-ə girməməsinin əsas səbəbi onun ölkəsinin birbaşa Qərblə ABŞ və AB ölkələrinin valyutası ilə xarici ticarət aparmasıdır. Onun “BRİKS”-ə üzv olmamasının iqtisadi səbəbi elə budur. Qazaxıstan “BRİKS”-ə üzv olduğu halda, ABŞ ona qarşı sanksiya yeridə bilər. Bu isə Qazaxıstan üçün ölümə  bərabərdir. Qazaxıstan Prezidentinin dollar dövriyyəsindən ölkəsini çıxartmamasının bir səbəbi də ondadır ki, dünyanın xarici ticarətinin 80 % dən çoxu ABŞ valyutası ilə həyata keçirilir, Rusiyaya göndərilən kartofla, pomidorla yox”, -deyə sonda analitik diqqətə çatdırıb.

"Türkiyədəki qruplaşma Bakıda da var"

Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən "Yenidoğan şəbəkəsi"nin işinə diqqət çəkib. Sozcu.az unikal-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkə paylaşımında belə bir hadisənin Bakıda da yaşandığını iddia edib. "Son günlərdə Türkiyədə Yenidoğan hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm", - deyə Elnur yazıb. Qeyd edək ki, Türkiyədə "Yenidoğan şəbəkəsi"nin xəstəxanalarda yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Uşaqların evtanaziya yolu ilə öldürüldüyü də məlum olub. Sağ qalan körpələrin səhhətində isə bilərəkdən problemlər yaradılıb. Ümumilikdə şəbəkənin cinayət əməli nəticəsində 12 uşaq öldürülüb. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.

Lənkəranda 19 yaşlı qız qəfil öldü

Lənkəranda 19 yaşlı qız qəflətən ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tatoba kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Elnurə Qurbanova yaşadığı evdə qəflətən halı pisləşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Fətullah Gülən öldü - Yeniləndi

09:10 FETÖ terror təşkilatının lideri Fətullah Gülənin öldüyü iddia edilir. Sozcu.az xəbər verir ki, bu barədə “Herkül” saytı məlumat yayıb. Bildirilib ki, 83 yaşlı Fətullah Gülən müalicə aldığı xəstəxanada ölüb. *** Gülənin qohumu Əbusələmə Gülən məlumatı təsdiqləyib. Onun ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada öldüyü bildirilib.

Sandu Moldova prezident seçkilərində liderdir - Təcili

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 33% nəticə ilə liderdir. Sozcu.az xəbər verir ki, bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 14%-nin sayılmasından sonra dərc edilib. Onu 30 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 15% səslə üçüncü yerdədir. Nəticələrdə dördüncü yeri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%) tutur. Onun ardınca keçmiş prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və keçmiş baş nazir İon Çiku (2%) gəlir. Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.