Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu, rayona şəhid gətirilməsindən xəbər verirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi komissarlığına sürdük. Bizi komissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri özünü itirmiş halda mənə dedi:
- Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik?
Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi komissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi. Onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yoxdur. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb çay verdilər. Elə bu an komissarlığın həyətində ağlaşma səsi eşidildi. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi:
- Ay bala, sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz?
Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?
- Siz kimsiniz, ay ana? Onu sizə kim dedi?
- Mən Azadın anasıyam.
-Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşitdik. Toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik,- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə -“Bəs, niyə durmusunuz, gəlin gedək. Toyun başlamasına az qalıb - dedi.
– Siz gedin, biz bir azdan gələrik, hərbi komissarı gözləyirik. İşimiz var – deyib, susdum.
- Yox, elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır - deyərək, israr etdi.
Biz istər-istəməz Azadın anasının ardınca getdik. Hərbi komissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu Azadın anası bizə, “Nə toy e.e.e, qız nişanlı idi. Nişanlısına çağırış vərəqəsi gəlib. Toy eyləyib qızı köçürdürük ki, birdən bir hadisə olar” deyə, gileyləndi.
Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu. Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Çox keçmədi ki, Azadın anası on səkkiz-on doqquz yaşlı bir qızla bizə yaxınlaşdı.“Tanış olun Vəfa, Azadın nişanlısıdır. Azad gələn kimi toyunu edib, evimizə gəlin gətirəcəyik. ”Vəfanın baxışlarından hiss olunurdu ki, Azadın gəlməsini həsrətlə gözləyir.” Bu sözlərdən sonra ürəyim parça-parça oldu.Yazıqlar bilmirdilər ki, bir neçə saatdan sonra bu qapıya Azadın meyidini gətirəcəyik. Bizə yemək gətirdilər. Ac olsaq da yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?! Masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi, necə də dəhşətli bir mənzərədir, ayaqlarım yerimir, dilim söz tutmur. Mən Azadın meyidini hərbi komisarlıqda qoyub, burada Vəfanın gözlərinə baxa-baxa Azadın sağlığına badə qaldırıram. Bacısına xoşbəxlik arzuladığım bir vaxtda, Azad toy mağarının ortasında zühur etdi. Sağ böyrünü tutmuşdu. Birdən, dilləndi:
- Qanı kəsə bilmirəm, ölürəm ağrıdan...
Azadın üzü-gözü qan içində idi. Quruyub qalmışdım. Dilim topuq vura-vura:
-Azad, bacının toyu mübarək olsun. Azad, bəs sən ölmüşdün axı?! Azad, sən ölməmişdin?
Gözümü bərəldib diqqətlə Azada baxanda, Azadın anasını mənimlə göz-gözə dayanan gördüm.
Ay Allah, mən ağlımı itirdim? – Öz – özümə deyindim. Bilmədim nə deyim, xatırlayıram ki, bircə bunu dedim:
- Ana, Azad hara getdi?
Azadın anası başındakı yaylığı ağır-ağır sahmana salıb, təzə xınalanmış ağ birçəyini yaylığın altında gizlədib, dedi:
- Azad ölüb?
Dilim qurudu, sualı cavabsız qoydum. Bilirəm indi dediklərimə inanmayacaqsınız amma masabəyi: “Gün, o gün olsun, Azadın toyuna gələsiniz!”- dedi və bir oyun havası çaldırıb, bizi rəqsə dəvət elədi. Ürəyimdə - “Bu nə zülmdür mənə verirsən, ay Allah!” - deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacısı, nişanlısı və qardaşları da bizə qoşularaq rəqs edirdilər...
Bu an mənim nələr çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət, gəlinin bəy evinə yolandığını və toyun sona çatdığı xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musiqi səsi gələn qapıdan indi ağlaşma, vay-şivən səsi eşidilirdi. Azadın anası saçlarını yolaraq üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq mənə -“A bala, bəs deyirdin Azad ölməyib?!" Mən isə günahkarcasına onun üzünə baxaraq, yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya – “Yazıq bala neynəsin? Toyu yarımçıq qoymayacaqdı ki,- deyib, kənara apardı. Biz Azadı dəfn edib geri qayıtdıq...
Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə qardaşının və ərinin ayrılığına dözə bilməyib, intihar edib
Əbil Həsən