Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur

16 iyul Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur. AXC Təşəbbüs Mərkəzinin ilk iclasında-iyulun 6-da konfransa hazırlığa start verilib. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfrans saat 10-da başlamış və fasiləsiz  8 saat davam etmişdir. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katib seçiliblər. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edilmiş və təsdiq olunmuşdu: 1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Siyasi vəziyyət haqqında. 3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri. 4. AXC Nizamnaməsinin təsdiqi. 5. AXC məramnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri. Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi. TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etmişdi. Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Elçibəy çıxış etmişdi. Əbülfəz Elçibəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etmiş, O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərmişdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır". İsa Qəmbərin təklifi ilə 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası, 3 nəfərdən ibarət maliyyə qrupu seçilib. Həmçinin İsa Qəmbərin təklif etdiyi namizədlərdən baş redaktor Nəcəf Nəcəfov olmaqla, Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqanlarının redaksiya heyəti seçilib Gündəliyə uyğun olaraq AXC-yə sədr seçkiləri oldu. Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyini verib, Rəhim Qazıyev Əbülfəz Elçibəyin  namizədliyini təklif edib. Səfər Alışarlı isə İsa Qəmbərin namizədliyini irəli sürüb. İsa Qəmbər öz namizədliyini geri götürmüş, qızğın mübahisələrdən sonra Yusif Səmədoğlu da öz namizədliyini geri götürmüşdü. Açıq səsvermədə Əbülfəz Elçibəyin namizədliyi qəbul edilmiş və o səsvermə ilə sədr seçilmişdir. Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin üzvləri Əbülfəz Elçibəy, Tofiq Qasımov, İsa Qəmbərov, Pənah Hüseynov, Sabit Bağırov, Hikmət Hacızadə, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sülhəddin Əkbərov, Əlikram Hümbətov, Rəhim Qazıyev, Etibar Məmmədov, Nəcəf Nəcəfov, Nemət Pənahov, Yusif Səmədoğlu, Canbaxış Umudov olmuşdur.  Sözcü.az

İrandakı səfirliyimizin fəaliyyəti bərpa edildi - Foto

Azərbaycanla ilə İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. "Hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək", - deyə məlumatda qeyd edilib.

Azərbaycanda nikahların sayı azalıb- 8795 boşanma...

Cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

“Uşaq Qaynar Xətti”nə son altı ayda ŞOK MÜRACİƏTLƏR DAXİL OLUB

Əsas məqsədi çətinliklə üzləşmiş azyaşlılara sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Uşaq Qaynar Xətti” 2024-cü ilin yanvar-iyun aylarında 851 müraciət qəbul edib. Müraciətlər hüquqi dəstək (335), psixoloji problemlər (195), sosial məsələlər (120), təhsil (68), səhiyyə (18) və digər (115) mövzuları əhatə edib. Xidmətə müraciət edənlərin 719-nu böyüklər, 77-ni azyaşlılar, 55-ni anonimlər təşkil edib. Daxil olan müraciətlərdən 393-ü ilkin, 458-si isə təkrar olaraq qeydə alınıb. “Uşaq Qaynar Xətti”nin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar şəxsləri əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş zorakılıq və qısnama (bulling) kimi ciddi məsələlərə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, yarandığı 2010-cu ildən bu dövrədək xidmətə 72.800-dən çox müraciət daxil olub.

Trampı qulağından yaralayan Metyu Kruks kim olub?..-DOSYE

Donald Trampı öldürməyə cəhddə ittiham olunan 20 yaşlı Tomas Metyu Kruks qocalar evində işləyirmiş. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, "CNN-in məlumatına görə, müstəntiqlər hələ gəncin sosial şəbəkələrində motivi göstərən heç nə tapmayıblar. Hazırda Federal Təhqiqatlar Bürosu onun telefonuna giriş əldə etməyə çalışır. Jurnalistlərin sözlərinə görə, Kruks Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin mitinq keçirdiyi ərazidən təxminən 35 mil cənubda yerləşən Bethel Parkda yaşayıb. 2022-ci ildə orta məktəbi bitirib və kollektivə uyğunlaşa bilmədiyi üçün daim yoldaşları tərəfindən ələ salınıb. Atıcının qocalar evində dietoloq köməkçisi kimi işlədiyi məlum olub. Tibb bacılarından biri jurnalistlərə bildirib ki, həmin yerdə də axtarış aparılıb. Kruks respublikaçı kimi qeydiyyatdan keçmişdi, lakin əvvəllər demokratları dəstəkləyə qrupa kiçik ianələr də verib. O, yalnız bir dəfə, 2022-ci il aralıq ümumi seçkilərində səs verib. 2024-cü il prezident seçkiləri onun səs verəcəyi ilk seçki olmalı idi.  "Oğlanın atasına aid ola bilən "AR" tüfəngindən istifadə etməklə onun şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun yanında heç bir sənəd olmayıb. Oğlanın valideynləri sosial işçi olub. Kruksun atası əvvəlcə jurnalistlərə baş verənləri araşdırmağa çalışdığını deyib. Sonradan onunla əlaqə saxlaya bilməyiblər... Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı yaralanıb. Atışma anı videoda lentə alınıb - siyasətçi əlini qulağına qoyaraq əyilib. Sonradan məlum olub ki, 20 yaşlı atıcı Gizli xidmət tərəfindən vurularaq öldürülüb. Tramp qulağından zədə alıb və tezliklə xəstəxanadan buraxılıb. Amerika prezidenti Co Bayden Respublikaçılar Partiyasının qarşıdan gələn qurultayından əvvəl Trampın təhlükəsizliyini gücləndirməyi və təhlükəsizlik tədbirlərinə yenidən baxmağı əmr edib.

"Onu bir də görsəm deyərdim ki..." - Polad Həşimovun anası

“İkinci Qarabağ müharibəsi başlayanda övladlarımız “Biz Polad Həşimovun qisasını almağa gedirik” deyib getdilər. Sağ olsunlar. Getdilər, torpaqlarımızı azad etdilər”. Sozcu.az bildirir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib: “Fəxr edirəm ki, bizim ailəmizdə Polad kimi övlad dünyaya gəlib. Bütün Türk dünyası bunu deyir. Polad bir də dünyaya gəlsə idi, ona deyərdim ki, sənin balaların körpədir, sən yaşa, mən sənin əvəzinə gedərəm”.

Ermənistanda zəlzələ: Azərbaycanda hiss edildi

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub. Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib. Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.

Çəkdiyi siqaret özünü yandırdı

Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb. M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ankarada Əhməd Cavadın xatirəsinə həsr olunan konsert keçiriləcək

Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır. Sözcü.az  AZƏRTAC'a istinadən xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb. Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb. “Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib. İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur. Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur. “Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib. Sözcü.az

Qəsdə məruz qalan Tramp bəyanat yaydı

Keçmiş prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat dərc edib. Sozcu.az xəbər verir ki, o, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verdiyini bildirib: “Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən atıcı haqqında heç nə məlum deyil. Sağ qulağımı deşən güllə mənə dəydi. Dərhal başa düşdüm ki, fit səsi, atəş eşitdim və dərhal güllənin dərini deşdiyini hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. TANRI AMERİKANI QORUSUN!” Xatırladaq ki, Trampın həyatına qəsd onun Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqində baş verib. O, qulağından yaralanıb. Atıcının özünün də öldüyü məlum olub. Bundan əlavə, mitinq iştirakçılarından biri ölüb, bir nəfər isə yaralanıb.

Trampa qarşı sui-qəsd: Bayden zəng etdi

ABŞ Prezidenti Co Bayden Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan respublikaçı namizəd Donald Trampla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi jurnalistlərə açıqlamasında deyib. “Bu axşam prezident keçmiş prezident Trampla danışıb”, – Ağ ev rəsmisi bildirib. O, söhbətin təfərrüatını açıqlamayıb. Onun sözlərinə görə, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Trampın mitinqinin keçirildiyi Batler şəhərinin meri Bob Dendoyla da danışıb. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

Trampa atəş açan şəxsin kimliyi açıqlandı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampa atəş açmaqda şübhəli bilinən şəxsin Pensilvaniya ştatından olan 20 yaşlı gənc olduğunu müəyyən edib. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Ebbi Filipp məlumat verib. “FTB şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Adı hələ açıqlanmayıb, lakin mənbələr onun Pensilvaniyadan olan 20 yaşlı bir gənc olduğunu deyir», - jurnalist bildirib. "Röyters"in məlumatına görə, Trampa Metyu Kruks adlı gənc atəş açıb. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

Trampa atəş açan şəxs təkbaşına hərəkət edib - Bivens

Donald Trampa sui-qəsd cəhdini araşdıran hüquq-mühafizə orqanları cinayətkarın təkbaşına hərəkət etdiyini düşünür. Sozcu.az xəbər verir ki, bunu Pensilvaniya polisinin rəsmisi Corc Bivens deyib. “Hazırda əlavə təhlükələrin olduğuna inanmaq üçün heç bir əsas yoxdur”, - Bivens bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 872-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 559 090 hərbçi, 8 206 ədəd tank, 15 811 ədəd zirehli döyüş maşını, 15 262 ədəd artilleriya sistemi, 1 119 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 890 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 538 ədəd avtomobil texnikası, 12 108 ədəd PUA, 2 397 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 566 xüsusi avadanlıq itirib.

Bakıda daha bir yeniyetmə dənizdə boğuldu

Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Nihad Yalçın oğlu Mirzəyev “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. Digər şəxs, 2010-cu il təvəllüdlü Mirkamil Mirəli oğlu Seyidovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yerliqayadan FETÖ açıqlaması: Bu iki ölkədə...

FETÖ 15 İyul hadisələrindən sonra xaricdən əldə etdikləri gəlirlə Türkiyədəki fəaliyyətlərini maliyyələşdirməyə və “struktur”unu bu yolla qorumağa çalışıb. Sozcu.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. “Sözügedən terror təşkilatının üzvlərinin təxminən 16%-i ABŞ-da, 23%-i isə Almaniyadadır. Məsələ ilə bağlı sözügedən ölkələrdəki aidiyyəti qurumlara xəbərdarlıq da edilib”, - nazir bildirib.

İranda evsiz vətəndaşların sayı artdı

Hazırda İranda 6,5 milyon vətəndaş evsizdir və onların aylıq gəlirlərinin 60%-i ev kirayəsinə xərclənir. Sozcu.az xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Müctəba Yusifi deyib. Qeyd edək ki, bundan əvvəl rəsmi məlumatda evsizlərin sayının 5 milyon olduğu bildirilmişdi.

Dünya əhalisinin sayı bu tarixdə pik həddə çatacaq - BMT

Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb. “Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 80 milyarda çatacağı gözlənilir. Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə qədər azalmağa başlayacağı proqnozlaşdırılır”, - təşkilatın hesabatında qeyd olunub. 2024-cü ilin məlumatına görə, Yer kürəsində 8,2 milyard insan yaşayır.

Məhkəmədən İmran Xanla bağlı növbəti qərar

İslamabad dairə məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib. Sozcu.az xəbər verir ki, bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər. İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda, vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.

Rusiyanın itkiləri 558 minə yaxınlaşır

Ukrayna müharibənin 871-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 557 770 hərbçi, 8 199 ədəd tank, 15 779 ədəd zirehli döyüş maşını, 15 216 ədəd artilleriya sistemi, 1 119 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 889 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 461 ədəd avtomobil texnikası, 12 069 ədəd PUA, 2 397 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 556 xüsusi avadanlıq itirib.

Ukrayna Rostovda neft bazasını vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Simlyanck rayonundakı neft bazasına dronlarla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat yayıb. O bildirib ki, hücum nəticəsində neft bazasında yanğın baş verib.

Türkiyənin 75 vilayətində əməliyyat: 1819 nəfər saxlanıldı

Son 5 gündə Türkiyənin 75 vilayətində silah qaçaqmalçılığına qarşı “Mercek-21” əməliyyatı keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkədə hesabında bildirib. O qeyd edib ki, 1819 nəfərin şübhəli şəxs qismində saxlanıldığı əməliyyatlar zamanı müxtəlif markalı silah və sursatlar müsadirə edilib.

Rayonlara leysan yağış yağıb - Faktiki hava

İyulun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 13-ü saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.  Düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub.  Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub. 

Onlayn mağazaların ağlasığmaz fırıldağı – BUNU DA ETDİLƏR...

İnstagramda, yaxud digər sosial şəbəkələrdə onlayn mağazalar fəaliyyət göstərir ki, bunlardan bəziləri də fırıldaqçılıqla məşğuldur. Yəni, məhsul müştəriyə təhvil verilmədən öncə şərt qoyurlar ki, məhsulun qiymətinin tam məbləği yaxud bir hissəsi ödənilməlidir. Ödənişdən sonra isə müştərini bloka atır, yaxud səhifəni silirlər.  Bəs belə risklərdən necə qorunmaq olar? Ümumiyyətlə onlayn alış-veriş zamanı insanlar nələrə diqqət etməlidirlər ki, ziyana düşməsinlər? İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Yeni Sabah”a bu barədə bəzi məqamlara toxunub: “Sadəcə məntiqli davranmalıyıq. Unutmamaq lazımdır ki, bəzən tanıdığımız insanlara etibar etməkdə çətinlik çəkdiyimiz halda, tanımadığımız və hüquqi ünvanı olmayan, cəmiyyətdə etibarı yaranmamış hər hansı birinə və ya alış-veriş səhifəsinə şərtsiz inanmaq bir az sadəlövlükdür. Təbii ki, cəmiyyətdə qarşılıqlı etibarsızlıq mühitinin yaranmasını əsla arzu etmirik. Amma xəbərlərdən, olan hadisələrdən dərs çıxararaq, daha diqqətli davranmalıyıq. Kiberdələduzların zamanla müxtəlif yollarla insanları aldatmağa çalışdıqlarını nəzərə alaraq, onlar üçün, münbit ola biləcək, heç bir boşluğa icazə verə bilmərik”.  Ekspert, həmçinin, ehtiyat tədbirlərindən söz açıb: Rəsmi və tanınmış mağazaların səhifələrindən alış veriş etmək ən təhlükəsiz yollardan biridir. Sosial şəbəkədə “mavi təsdiq” işarəsinin olmasına diqqət yetirilməlidir. Təsdiq olmadığı halda uzaq durmaq məsləhətdir.  Rəsmi mağazaların səhifələri müştəri münasibətlərinə xüsusi diqqət edirlər. Rəsmi mağazaların özlərinin online ödəmə sistemi yoxdursa, müştəriyə istədiyini təqdim etmədən ödəniş tələb etmirlər. Ölkədaxili online alış-veriş səhifələri isə, əsasən qapıda ödəmə sistemi ilə işləyirlər. Məhsulu əlinizə alıb yoxlamadan həmin mal üçün ödəmə etməyin. Məhsul təhvil verilmədən əvvəl ödəniş tələb edən mağazalardan ümumiyyətlə uzaq durun. Etibarlı ödəniş sistemlərində istifadə edilməlidir. Sizə təqdim olunan linklərə onların kök domeninə xüsusi diqqət yetirmək lazımdır. Şübhə varsa kart məlumatlarını daxil etməmək və məlumatlı şəxsə müraciət etmək lazımdır. Ödənişlərin tanınmış ödəmə sistemləri ilə olmasına xüsusi diqqət yetirmək lazımdır. Sizin adınıza və sizin üçün yaradılmış koda ödəniş etmək olar. Əks halda kiminsə kartına və ya nömrəsinə uzaqdan ödəniş düzgün deyil”. B.Əliyev vətəndaşlara tövsiyə edir ki, hər hansı bir problem halında əlaqə saxlamaq üçün, mümkün olan əlaqə məlumatlarını, və əlaqə formasını yoxlamaq mütləqdir: “Digər müştərilərin rəyləri və təcrübələri sizi mağaza haqqında məlumatlandıra bilər. Haqqında rəy olmayan və ya 1-3 müsbət rəy varsa və mənfi rəy yoxdursa, bu şübhə üçün, əsas verə bilər. Hər hansı bir problem yaşayan digər alıcıların nə dediyini bilmək faydalıdır. Rəylər online alış verişdə müştəri üçün, ciddi əhəmiyyətə sahibdir. Digər alıcıların təcrübələri və rəyləri sizi bir mağazanın etibarlılığı haqqında məlumatlandıra bilər. İnternetdə axtarış edərək və ya sosial media platformalarında müştəri rəylərini yoxlamaq lazımdır. Online mağazadan məhsul sifariş etmədən əvvəl, şərtləri diqqətlə oxumaq lazımdır. Özünüzü qorumaq üçün, mağaza haqqında məlumat toplamaq və dəqiqləşdirmək lazımdır”.