Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq velan edib. Sozcu.az xəbər verir ki, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Ali Məhkəmə prokurorluğun protestini rədd etdi

Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş adamı Kamal Akimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı K.Akimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alıb. Prokuror ittiham nitqində Akimovun 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun “Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb. Xatırladaq ki, A.Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun oğlu ilə biznes ortağı olduğu deyilir.

Şirkətin soyuducalarını satıb pulunu mənimsəyən şəxs saxlanıldı

Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, şirkət Binəqədi rayonu ərazisində fəaliyyət göstərir. Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov saxlanılıb. Araşdırma aparılır.

Rüşvət almaqda təqsirli bilinən xəstəxana direktoruna şərti cəza verildi

Rüşvət almaqda təqsirləndirilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Hər biri barəsində 1 il sınaq müddəti seçilib və şərti cəza verilib. Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. İttihama görə, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva vətəndaşlardan rüşvət alaraq onlara əlillik dərəcələri veriblər.

Tramp prezidentliyə başlayan kimi İrana zərbə... - Şok iddia

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp İranda nüvə silahının yaradılmasının qarşısını almaq üçün Tehrana qarşı qabaqlayıcı hava zərbələri endirmək imkanını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığında prezidentlik dövründə İranın nüvə sıçrayışına nail ola biləcəyindən narahat olduğunu və belə bir nəticənin qarşısını almaq üçün variantlar axtardığını bildirib. Qeyd olunur ki, Trampla İran məsələsinin müzakirələrində iki variant nəzərdən keçirilib: “Onlardan biri Yaxın Şərqə daha çox Amerika qoşunu, təyyarə və gəmi göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. ABŞ həmçinin İsrailə bunker dağıdan bombalar kimi qabaqcıl silahlar da sata bilər ki, bu da onun hücum gücünü artıracaq və İranın nüvə obyektlərini sıradan çıxarmağa imkan verəcək”.

Hərbi xidmətə çağırışın yuxarı həddi 30 yaşa endirilir

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Sozcu.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.

"Müharibənin dayandırılmasının yeganə yolu Ukraynadan dəstəyi əsirgəməməkdən keçir” - Tramp

Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun ABŞ-nin verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə qarşı çıxıb. Sozcu.az APA-ya istinadən bildirir ki, bu barədə o “TIME” jurnalına müsahibəsində danışıb. Tramp vurğulayıb ki, bu addım münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Yeni prezident Ukrayna lideri Vladimir Zelenskinin bu məsələdəki mövqeyini tənqid edib, eləcə də vəzifəsinin icrasında başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini necə başa çatdıracağı barədə fikirlərini bölüşüb: “Bu məqsədlə biz Ukraynaya dəstəkdən Rusiya əleyhinə vasitə kimi istifadə edəcəyik. Müharibənin dayandırılmasının yeganə yolu Ukraynadan dəstəyi əsirgəməməkdən keçir”.

“Xərçəng xəstələrini qəsdən sağaltmırlar” - Həkim DANIŞDI

“Xərçəngin müalicəsində bir çox effektiv üsul olduğu halda sağala biləcək xəstələri sağaltmırlar”. Bu sözləri Lent.az-a açıqlamasında onkoloq İbrahim Əsədli deyib. Qeyd edək ki, xərçəng xəstəliyindən ölüm halları günü-gündən artaraq ümumi bir hala çevrilib. Xəstəlik son vaxtlar gəncləri də caynaqları altına alıb. Bir vaxtlar “yaşlıların xəstəliyi” kimi tanınan xərçəng xəstəliyi indi daha çox gənclərdə görülür. Mütəxəssislərin fikrincə, xərçəng 50 yaşdan aşağı insanlar arasında əsl "epidemiya"dır. Bəs qrip kimi yayılan bu xəstəliyin səbəbi nədir? Niyə xərçəng “cavanlaşıb”? "BMJ Oncology" jurnalının məlumatına görə, 50 yaşlı qrupda xərçəng nisbəti 1990-2019-cu illər arasında iki dəfə artıb. Son otuz ildə xərçəngdən ölənlərin sayında təxminən 28 faiz artım müşahidə edilir.  Araşdırmalar göstərir ki, dünyada hər il təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulduğu halda, təxminən 10 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 2050-ci ildə dünyada 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağı təxmin edilir ki, bu da indiki halların sayından 77 faiz çoxdur. Bəs xərçəng xəstəliyi niyə başını alıb gedir?  Onkoloq İbrahim Əsədli xərçəngin yaranmasında obyektiv və subyektiv olmaqla iki əsas səbəb irəli sürüb:  “Obyektiv səbəb xarici ekologiyanın pozulması və insanların həyat tərzinin dəyişilməsidir. Ətraf-mühitdə xeyli faktorlar var ki, insan sağlamlığına mənfi təsir göstərir. İnsanların həyat tərzindəki ən vacib amil olan hərəkət azalıb. Azhərəkətlilik xərçəngin obyektiv səbəblərindən biridir”. Subyektiv səbəblərə gəldikdə isə onkoloq əməkdaşımıza bildirib ki, son yüz ildə xərçəngin müalicəsində 500-dən çox effektli üsul olduğu təqdirdə onları rəsmi protokollara daxil etmirlər:  “Bir çox sağala biləcək xəstələri qəsdən sağaltmırlar. Bunun arxasında isə beynəlxalq imperialistlər dayanır. Onlar əhalini məhv edir”. Onu da deyək ki, xərçəngin bu artımının əsas səbəbləri arasında stress, tütün və spirt istehlakı, yanlış qidalanma, işlənmiş qidalar və sənayeləşmənin yaratdığı hava çirkliliyi də böyük rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ən çox rast gəlinən növlər ağciyər, qadınlarda döş, kolorektal, prostat və mədə xərçəngi olub. Qlobal məlumatlara görə, bütün yaş qruplarında adambaşına antibiotik istehlakı 2000-2015-ci illər arasında artıb. Bu kimi qlobal fəlakətlərin qarşısını almaq üçün alimlər bu məsələni daha dərindən araşdırmalıdır. Çünki dünya sağlamlıq böhranının astanasındadır.

MN-də 2 milyon 200 min manatlıq mənimsəmə - Məhkəmə başladı

Müdafiə Nazirliyinin (MN) tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin olunub. Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Elvin Cəfərov MN-dəki mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Dövlət xəstəxanasında növbə alveri edirlər - İDDİA

Xəstəxanada ilk növbə yerləri satılır. Sozcu.az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olub. İddia edilib ki, səhər tezdən xəstəxanaya gəlib növbə üçün qəbz götürənlər "qara bazar" qurub, onu sonradan gələn xəstələrə satırlar. Oxu.Az-a açıqlamasında iddiaçı bildirib ki, söhbət Xırdalandakı dövlət xəstəxanalarından birindən gedir. "Nə həkimi vaxtında gəlir, nə işçiləri yerindədir. Qeydiyyat şöbəsində 12 nəfərlik yerdə dörd nəfər işləyir. Bu da növbələrin hədsiz uzanmasına və xaosa səbəb olur". Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, araşdırma aparılır, nəticəsi ilə bağlı məlumat veriləcək.oxu.az)

Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ – Pullarınız oğurlana bilər

Son vaxtlar sosial şəbəkələrdə yerli adlarla açılan profillər vasitəsi ilə edilən dələduzluq halları artıb. Xüsusən “Facebook” və “Telegram” kimi platformalarda istifadəçilərə Azərbaycan dilində şirnikləşdirici reklam mesajları və linklər göndərilir. Lakin belə saxta linklər şəxsi məlumatların oğurlanması və bank hesablarının ələ keçirilməsi ilə nəticələnir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, vətəndaşlar sadəcə 1 nüansı hər zaman yadda saxlamalıdır: “Bunlar əslində mesaj deyil, reklama qoyulan postlardır. Ona görə də sosial şəbəkələrdən istifadə edən hər bir istifadəçinin qarşısına bu çıxır. Burada aldanmaq istəməyənlər sadəcə bilməlidir ki, pulsuz heç nə olmur. Yəni insanlar bilməlidir ki, sosial şəbəkələrdə müftə yolla heç kim onlara pul verməyəcək. Bunun üçün sadəcə ayıq olmaq və şəxsi anlayış lazımdır. Əks təqdirdə belə şeylərin qarşısını texniki olaraq almaq mümkün deyil”. Vahid Qasımov qeyd edib ki, belə paylaşımlar kütləvi formada iqnor (qara siyahıya atmaq) edilməlidir: “İqnor zamanı belə paylaşımlar bəzən silinir, bəzənsə yox. Bəzi şikayətlər istifadəçilər tərəfindən kütləvi edilsə də, sosial şəbəkələr bunu rədd edir. Bu daha çox sosial şəbəkələrdən asılıdır. Paylaşımın məzmunu Azərbaycan dilində olduğuna görə sosial şəbəkə adminləri spam səbəbini dəqiq başa düşmür. Gərək külli miqarda insan eyni postu dəfələrlə şikayət etsin ki, botlar da həmin postu silsin. Ona görə də insanlar kütləvi formada belə postları şikayət etməlidir”.

Tramp Szinpini andiçməyə dəvət etdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çin lideri Si Szinpini 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə “CBS Nyus” telekanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Szinpinə dəvət göndərib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

Bakıda yağış, rayonlarda qar - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bakıda qəzalı evlər: “200-dən çox belə bina, yəni 7000-dən çox mənzil...”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Bakıda 200-dən çox qəzalı bina, yəni 7000-dən çox mənzilin təhlilini aparıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Anar Quliyev deyib. O bildirib: "Bakıda və digər şəhərlərdə bir çox qəzalı binalar mövcuddur. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edib". Anara Quliyevin sözlərinə görə, indiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb: "Bu proses çərçivəsində həm özəl tikinti şirkətləri investor qismində cəlb edilir, həm də dövlət vəsaiti hesabına qəzalı vəziyyət aradan qaldırılır. Hazırda təxminən 1000 mənzildə işlər aparılır, 600-dən çox mənzil sahibinin problemi isə artıq həllini tapıb. Bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanda daha çox mənzilin vəziyyətinin həll olunması gözlənilir". Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.

Azərbaycanda bəzi məktəblər bağlanacaq? — Nazirdən açıqlama

“Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı yoxdur”. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəb binası var: “İstismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir. Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”. (Unikal)

Bufer-zonaya buna görə daxil olduq - Netanyahu

İsrail ordusu Suriya sərhədindəki bufer-zonaya müvəqqəti olaraq nəzarət edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İsrail cihadçı qrupların bu boşluğu doldurmasına və 7 oktyabr hücumları formasında Qolan təpələrində İsrail yaşayış məntəqələrinə təhlükə yaratmasına icazə verməyəcək. Bu səbəbdən ordu-bufer zonaya daxil olaraq, İsrail sərhədinə yaxın strateji yerləri nəzarətə götürüb. Bu, (Suriyada) 1974-cü il müqaviləsinə sadiq qüvvələr hakim olana və sərhədimizdə təhlükəsizlik təmin edilənə qədər müvəqqətidir”, - Netanyahu bildirib.

Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb. Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib. Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Külək güclənəcək - 2 gün üçün sarı və narıncı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə 12-13-dekabr tarixlərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Goranboy və Naftalan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Ən çox şikayət olunan 5 bank - SİYAHI

Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən bank 3,46 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Ötən ay bu rəqəm 2,08 bənd təşkil edib. Başqa sözlə, bir ayda bankdan şikayətlər 66% artıb.  “Yelo Bank” isə 2,56 indeksi ilə siyahıda ikinci, “Accessbank” isə 2,16 indeksi ilə üçüncü olub.  Son bir ayda şikayətlərin kəskin artan bankların siyahısında “Azər-Türk Bank” da var. Bankın şikayət indeksi bir ayda 0.67 bənddən 2.15 bəndə yüksəlib. Bu isə 3,2 dəfə artım deməkdir.  Top-5-liyi eyni indeksdə olan digər bir bank - “Unibank” tamamlayır. Son bir ayda bankın şikayət indeksi 1.77 bənddən 2.15-ə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər 21%-dən çox artıb.valyuta.az)

Onların əsgərlikdə 4 günü 1 gün sayılacaq

Milli Məclisdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur "Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim edib ordudan təxris etməlidirlər. Lakin bu qanunda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunların (DQ) hərbi təhsil müəssisələrindən xaric edilən kursantlarının taleyi ilə bağlı boşluqlar mövcuddur. Belə ki, DSX və DQ-də korpus sistemi mövcud deyil və bu səbəbdən kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur"./Axar.az

26 min manatlıq heyvan oğurlayan şəxs tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb. DİN-dən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb. Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26 min manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Sozcu.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir. Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq. Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Gəncədə ağır qəza - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Xudadat bəy Rəfibəyli küçəsi ilə Ozan küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Kia" ilə "Audi" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Audi" yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.