Dünyanı dəhşətli istilər gözləyir - Alimlərdən xəbərdarlıq

Yeni bir araşdırmaya görə, atmosferə karbon emissiyaları artımı dayandırılsa belə, dünyanın bir çox bölgəsi ən azı min il ərzində sənayedən əvvəlki dövrün temperatur səviyyələrinə qayıda bilməyəcək.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya və “ARC Centre of Excellence for 21st Century Weather”in aparıcı alimləri tərəfindən hazırlanmış uzunmüddətli iqlim modelləri göstərir ki, qlobal tullantıların sıfıra endirilməsi hədəfinin gecikməsi planetin gələcək yüzillər ərzində şiddətli və uzunmüddətli son dərəcə yüksək isti dalğalarına məhkum edəcək.

“Environmental Research: Climate” jurnalında dərc olunan tədqiqatda süperkompüterlərdən istifadə edilərək, emissiyaların sıfırlandığı andan sonra min illik dövrdə isti dalğalarının dəyişməsi simulyasiya olunub. Araşdırma göstərir ki, hər beş illik gecikmə şiddətli isti dalğalarını daha güclü, uzunmüddətli və sıx baş verən hala gətirir.

Melburn Universitetindən Endrü Kinq xüsusilə ekvatora yaxın ölkələrin yüksək risk altında olduğunu vurğulayıb:

“Əgər tullantıların sıfıra düşürülməsi hədəfi 2050-ci ilə qalarsa, bu gün rekord sayılan isti dalğalarını demək olar ki, hər il yaşaya bilərik”.

Tədqiqatın baş müəllifi, Avstraliya Milli Universitetinin professoru Sara Perkins-Kirkpatrik isə bildirib ki, hədəfə çatandan sonra iqlimin sürətlə yaxşılaşacağı düşüncəsi yanlışdır. O bildirib ki, 2040-cı il qeyd olunan nəticənin əldə edilməsi üçün son tarixdir. Bu son dərəcə yüksək isti dalğalarının şiddətini azaltmaq üçün ən axırıncı möhlətdir.

Araşdırma, xüsusilə cənub okeanı bölgəsindəki uzunmüddətli istiləşmənin gələcək min ildə isti dalğalarını gücləndirməyə davam edəcəyini göstərir. Bu nəticələr, iqlim dəyişikliyinin uzunmüddətli təsirlərinə dair ciddi xəbərdarlıqdır.bakupost)

Share on Facebook