Rusiya aerodromu raketlə vuruldu - Şok iddia

Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk aerodromunda güclü partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Şahidlər iki partlayışın olduğunu, ardınca anbarlarda yanğının baş verdiyini bildirirlər. Həmçinin məlumata görə, iki Tu-141 “Strij” PUA-sı aerodroma yaxınlaşarkən vurulub. Bundan əlavə, sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər hərbi obyektin raketlə vurulduğunu iddia edərək panikaya düşüblər.

Ağsulu sahibkarlar nazir müavini ilə görüşüblər: YENƏ SÖZ VERİLDİ

Fevral ayının 28-də Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahibləri yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.  Nazirlikdə sahibkarları nazir müavini Vüqar Kərimov qəbul edib. Sahibkarların Sozcu.az saytına verdikləri məlumata görə, görüşdə  Vüqar Kərimova bildiriblər ki, onlara məxsus olan iaşə obyektləri dövlət layihəsi əsasında tikilib və  Prezident İlham Əliyevin adından onlara təminat verilib ki, layihəni bitirdikdən sonra  müqavilə ilə təmin olunacaqlar. Ancaq buna baxmayaraq, dövlət orqanlarının qapılarında qalıblar.  Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun sahibkarlara köməklik göstəriləcəyini soz verdiyini deyən sahibkarlar qeyd ediblər ki, Vüqar Kərimov  bildirib  ki, Prezidentin adı olan heç bir işdə onlara problem yaradıla bilməz. Onlara müqavilə ilə təmin olunmaları ilə bağlı köməklik göstəriləcək. Vüqar Kərimov sahibkarlara əllərində olan sənədləri toplayaraq, yaxın günlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə gəlmələrini bildirib. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, iaşə obyektlərini turizim xəttinə uyğun verilən layihəyə ilə  yenidən tikmələri tapşırığı verilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin adından  sahibkarlara təminat verərək bildirib  ki, layihə tikilib təhvil verildikdən sonra, sahibkarlar müqavilə sənədi ilə təmin olunacaqlar. Sahibkarlar isə  bildirirlər ki, layihəni bitirsələr də nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

"Tehran bu addımı atsa, 40 min soydaşımız fars-molla rejiminin altını-üstünə çevirəcək"

İranın Hatəm əl-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri , general-mayor Qulam-Əli Rəşidinin İsraillə əməkdaşlıq edən hər bir ölkəni təhdid etməsi fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyub. Düşmənimizlə kordinasiya və əməkdaşlıq edən bütün mərkəz və bazaları hədəfə alacağıq deyən iranlı generalın sözlərini ciddi qəbul edənlərin sayı az olsa da, cinayətkar Tehran rejimindən hər cür riyakarlıq gözləyənlər kifayət qədərdir. Bəs görəsən İranın bu hədələri nə dərəcədə real ola bilər? İsraillə əməkdaşlıq edən ölkələrə Tehranın təcavüz etməsi mümkündürmü?  Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İran rəsmilərinin bu cür riyakar və həyasız bəyanatları heç bir məntiqə sığmır: “Onlar öz işləri ilə deyil konkret olaraq terrorçuluq və iqtisadi cinayətlərlə məşğuldurlar. Bu cür təhdidlər artıq bizi təəccübləndirmir və buna alışmışıq. Digər tərəfdən İranın İsraillə əməkdaşlıq edən ölkələrə qarşı guya savaş elan etməsi həqiqətə uyğun deyil və riyakarlıqdır. Təbii ki, burada əsas hədəf Azərbaycandır. Əgər İran doğurdan da İsraillə əlaqə saxlayan, orada səfirlik açan və nümayəndəliyi olan ölkələri hədəf seçibsə, o zaman niyə Ermənistana indiyə qədər bu barədə irad bildirməyib. Əksinə Tehran İrəvanı daha çox dəstəkləyib və mehriban münasibətlər qurub. Digər tərəfdən dünyada 200-ə yaxın dövlət mövcuddur və onların mütləq əksəriyyəti İsraillə əməkdaşlıq edir və münasibətlər qurur. Bu baxımdan İran rəsmisinin fikirləri blefdən başqa bir şey deyil. Rəsmi Tehran İsraillə əlaqə quran dövlətlərə qarşı heç vaxt savaş aça bilməz”. Politoloq əlavə edib ki, İranın təhdidləri hay-küy salmaqdan başqa bir şey deyil və rəsmi Tehran Azərbaycanın güclənməsindən qorxuya düşüb: “Hesab edirəm ki, İran terrorist və cinayətkar rejimin idarə etdiyi bir dövlət olaraq istənilən avantüraya getmək haqda düşünə bilər. Amma bunları gerçəkləşdirmək imkanları kifayət qədər məhduddur. Çünki Tehran Arazdan şimala yan baxmağa cəhd etsə, o zaman başına gələcəklərə görə özü məsuliyyət daşıyacaq. Ən azından bizim 40 minə yaxın soydaşımız fars-molla rejiminin altını-üstünə çevirər, Azərbaycanın güclü ordusu İranın fitnəkarlığına layiqli cavab verər. Digər tərəfdən Türkiyə kimi müttəfiqimiz rejimin cinayətkar əməllərini cavabsız qoymaz. İran bunu yaxşı anlayır. Bu cür riyakar və cinayətkar şəxslər İranda nə qədər ki, hakimiyyətdədir, Tehranın təhdidləri olacaq. Amma fars-molla rejimi heç bir təhdidin cavabsız qalmayacağını anlamalıdır”.

Türkiyədə yenidən güclü zəlzələ oldu

09:35 Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur. *** Qəhrəmanmaraşın Onikişubat ilçəsində 4,5 bal, Kayserinin İncəsu ilçəsində isə 4,4 bal gücündə ardıcıl yeraltı təkanlar qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.

Zelenski ali baş komandan qərargahını TOPLADI

Ukrayna prezidenti Volodimir Zelenski ali baş komandan qərargahının iclasını keçirib. Sozcu.az "RBK Ukraine"a istinadən xəbər verir ki, müzakirə mövzularından biri Rusiyanın mümkün işğal planları olub. Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, qoşunların operativ-strateji qrupunun komandiri Aleksandr Sırski də iştirak edib. “Qərargah üzvləri ümumi əməliyyat vəziyyəti və düşmənin yaxın gələcəkdə hərəkətlərinin xarakterini nəzərdən keçiriblər. İclasda ukraynalı müdafiəçilərin döyüş sursatı və texnikası ilə təmin olunma vəziyyəti, hərbi kadrların xaricdə hazırlığı, xüsusilə müdafiə qüvvələrinin say və ixtisas baxımından ehtiyacları da müzakirə olunub", - deyə məlumatda bildirilib.

Mədəniyyət Nazirliyində inanılmaz təyinatlar: Aqronom, feldşer, ginekoloq...

Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir.  Yenisabah.az xatırladır ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi.  Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib. Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi.  Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb.  Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir.  Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub.

Martda havanın temperaturu iqlim normasına yaxın olacaq

Mart ayına gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Qışla yaz arasında keçid dövrü olduğundan mart ayında hava şəraiti dəyişkən olur. Mart ayında havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Mart ayının ilk günlərində ölkə ərazisində əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 20-27 mm). Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm). Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 9 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 11-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 42-52 mm). Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 23-90 mm). Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 24-45 mm).

Stoltenberq: Müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq

"Soyuq Müharibənin sonunda bir çoxumuz Rusiya ilə daha yaxşı münasibət qura biləcəyimizə inanırdıq, amma prezident Putin əməkdaşlıqdan və dialoqdan uzaqlaşmağı seçdi, o, yerinə yetirilməmiş vədləri yerinə yetirməyi buraxdı". Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Helsinkidə Nordik İşçi Hərəkatının Əməkdaşlıq Komitəsinin (SAMAK) sammitində çıxışı zamanı deyib. "Putin qlobal təhlükəsizliyin fundamental prinsiplərini darmadağın etdi, qonşu ölkələrə hücum etdi və bizim demokratiyalarımızı sarsıtmağa çalışdı". Stoltenberq Moskvanın beynəlxalq normalara hörmət etməməsinin son nümunəsi kimi Rusiyanın nüvə silahlarını məhdudlaşdıran Yeni START Müqaviləsində iştirakını dayandırmasını göstərib. "Biz etiraf etməliyik ki, bu müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq. Geriyə dönüş yoxdur. Daha təhlükəli bir dünyada müdafiəni istəyə bağlı seçim hesab etmək artıq mümkün deyil. Bu zərurətdir", Stoltenberq vurğulayıb.

Azərbaycana xarici valyutada qiymətli kağızların gətirilməsi və çıxarılması halları müəyyənləşdirilib

Xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib. Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər. Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir. AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Prezident bu xanıma yüksək vəzifə verdi

Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Atəşkəs təkliflərinə qarşıyıq - Yermak

Ukrayna hakimiyyəti atəşkəs təkliflərinə qarşıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Biz belə atəşkəs təkliflərinə inanmırıq. Rusiya hər zaman barışıqdan öz məqsədləri üçün istifadə edir”, - Yermak bildirib

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə aclıq aksiyasını dayandırıb. Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc məlumat verib. “Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək”, - deyə o bildirib. Qeyd edək ki, fevralın 23-də istintaq orqanının təqdimatı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb. Bundan əvvəl isə yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı. Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Kamran Əliyevə yeni köməkçi təyin edildi

Baş Prokurora yeni köməkçi təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Rail Bayramlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

Rəşad Dağlı ilə bağlı nə qərar olacaq? - RƏSMİ AÇIQLAMA

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir. Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasaq da, heç bir açıqlama vermək istəmədiyini bildirib. Baş Prokurorluğun Mətbuat xidmətdindən sorğumuza cavab olaraq qeyd edildi ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək. Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib. Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu. Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur. Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.

Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib. O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib. Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Moskvada polislərə pulemyot-pistolet paylandı -Hətta ayaqyoluna da cüt getmək tapşırıldı...

Moskvada (Rusiya) milli qvardiyaçılardan birinə hücumdan sonra polis əməkdaşlarına yeni silahlar verilib və onlardan yalnız cüt-cüt gəzmək, hər yerdə zirehli - gülləkeçirməz köynək geyinmək tələb olunur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşri məlumat yayıb. Sankt-Peterburqda milli qvardiyanın əməkdaşına hücumdan sonra Moskva polisi yeni silah kimi Rusiyanın "PP2000" pistolet-pulemyot silahını alıb. Jurnalistlər öyrəniblər ki, əməkdaşlardan sayıqlıqlarını artırmaq və zirehli köynək geyinməyi unutmamaq tələb olunub. Rəhbərlik həm də asayiş keşikçilərindən daha az məqsədsiz hərəkət etmələrini və yalnız cüt-cüt gəzmələrini tələb edir. Hətta tualetə tək getmək tövsiyə edilmir. Qeyd edək ki, fevralın 24-də, cümə günü səhər saatlarında 50 yaşlı Tiqran Xaçikyan metronun "Qostiniy dvor" ərazisində Rusiya milli qvardiya zabitinin mədə nahiyəsinə bir neçə dəfə atəş açıb. Erməni saxlanılıb. Onun üzərində iki tapança, travmatik silah, iki "Molotov" kokteyli, əl qumbarası və bir xəncər tapılıb. Dindirilmə zamanı Xaçikyan milli qvardiyaya atəş açmaq istəmədiyini, lakin "OMON"(xüsusi təyinatlı polis dəstəsi) maşınlarını yandırmağı planlaşdırdığını bildirib.

Gənclər arasında ən populyar telefon hansıdır?

Gənclər arasında ən populyar telefonların "iPhone" olduğu müəyyən edilib.  Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, yeni Z nəsli ən müasir ünsiyyət üsullarının "Apple" smartfonlarında olduğunu düşünür.  Məlumata görə, onlar daha çox SMS qorxusuna görə bu smartfonları seçir. Belə ki, Android platformasında geniş yayılmış SMS-ə  alternativ olaraq "iPhone"larda "iMessage" messenceri var.  "iPhone"lardan ən çox 1996-cı ildən sonra doğulmuş Z nəslinin istifadə etdiyi bildirilir. Amerikada gənclər arasında smartfonun satışı ümumi telefonların üçdə birini təşkil edir. 30 yaşdan kiçik insanların isə 10 faizi "Samsung Galaxy"ə üstünlük verir. 

Qarın ağrısı nəyin əlaməti ola bilər? - CAVAB

Qarın ağrısı hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılarında həkim nəzarəti olmadan hər hansı ağrı kəsicilərdən istifadə etmək olmaz. Maraqlıdır, görəsən, qarın ağrısı nəyin əlamətidir? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nahid Məhərrəmov Lent.az-a bildirib ki, hər qarın ağrısının altında ciddi bir xəstəlik olmaya bilər.  Onun sözlərinə görə, ağrının yeri və vaxtı, xəstənin yaşı, cinsiyyəti, yanaşı olan xəstəlikləri, aparılan müayinələr önəmlidir: "Zəif ağrının altından çox ciddi xəstəlik çıxa bilər. Məsələn, mədədə bədxassəli şiş. Bəzən də şiddətli, dözülməz ağrı kiçik bir böyrək daşından da ola bilər".

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,51% azalaraq 83,34 dollara təşkil edib. Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Messi: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm"

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatını qazanmasını şərh edib. Sozcu.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Bu gözəldir. Möhtəşəm bir il keçirmiş Benzema və Kilianla birlikdə belə  siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada olan Skaloni və Martinezə təşəkkür etmək istərdim. Mənim üçün əla il oldu.Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına təşəkkür etmək istəyirəm". Argentinalı oyunçu sosial şəbəkə hesabında isə bunları yazıb: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm. Ailəmə və dostlarıma, bizə inanan 45 milyon Argentinalıya... Və bütün FİFA qaliblərini təbrik edirəm. Xüsusilə Lionel Skaloni və Emiliano Martinez hər ikisi də mükafatlarına layiq idilər. Tezliklə görüşənədək!” Qeyd edək ki, Lionel Messi DÇ-2022-də Argentina millisi ilə mundialın qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.

Kəramət Böyükçöldən Natiq Cəfərliyə sarkazmla cavab: “Soruşdu ki, çantanda nə var? Dedim, maladır”

Yazıçı Kəramət Böyükçöl REAL Partiyasının funksioneri Natiq Cəfərliyə sarkazmla cavab verib. Sozcu.az xəbər verir ki, K.Böyükçöl bildirib: “Hüseyn Cavid parkının böyründən yolu keçirdim. Kürəyimdə içi kitablarımla dolu qırmızı çanta vardı. PA serialı bahalı bir maşın məni görən kimi əvvəlcə sağ tərəfimdən sürtdü. Mən qorxub yolun kənarına çəkildim, ordan da parkın içinə keçdim. Maşın da qaz verib səkinin üstündən parka girdi. Mən qaçırdım, PA serialı maşın da arxamca düşmüşdü. Ağacın arxasına gizlənmək istəyəndə sürücü maşından aşağı düşüb üstümə qışqırdı. Dedim, mən sizə nə etmişəm? Nə deyirsiniz, onu da eləyirəm. Mənlə nə işiniz var? Dedi ki, sən Kəramət deyilsən? Dedim, yox. Soruşdu ki, bəs kimsən? Dedim, Natiq Cəfərli. Birdən maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşdü. Dedi, Natiq müəllim, üzr istəyirəm, sürücünü tənbeh edəcəm. Elə bilib Kəramət Böyükçölsən. Soruşdu ki, bəs çantanda nə var? Dedim, maladır. İşə gedirəm. Qalstuklu müəllim mənə uğur arzuladı, sonra da maşına oturub getdi”. Qeyd: N.Cəfərli Bakıda tıxacda başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O, PA seriyalı avtomobilin sürücüsü ilə yaranan mübahisəni belə nəql edib: ““6-cı paralelnidə” tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı. Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, “Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm”, dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə, hamımızı minər...” Onun statusu müzakirələrə səbəb olub.

Nigar Camala hücum edən şəxsə bu qədər həbs cəzası verildi – O kimdir?

Azərbaycanı 2011-ci ildə "Avroviziya”da təmsil edən müğənni Nigar Camala hücum edən şəxs "Bolt” sürücüsü olub. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, N.Camala hücum edən Etibar adlı (şərti ad) şəxs 1999-cu ildə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olub, Binə sovxoz qəsəbəsində yaşayır. Dünən saxlanılan Etibar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilib.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur. Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 1 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.