"Ermənistana bəzi adlar vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik bir siyahıdır".
Qaynarinfo xəbər verir ki, bunu "CNN Türk" kanalına Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, siyahıdakı şəxslər I Qarabağ müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətmiş şəxslərdir:
"Onlar I Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün Laçın yolunu keçərkən tutularaq (Ruben Vardanyan-red.) Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun olaraq mühakimə olunacaq".
Rəşad Məmmədov vurğulayıb ki, Azərbaycan sivil və beynəlxalq hüquqa diqqət yetirən dövlətdir:
"Hətta bizə qarşı çıxmış, o bölgədə yaşayan insanlara qarşı da mərhəmətli davranan bir dövlətdir. Ən son texnoloji sursatlardan istifadə etdik ki, oradakı mülki şəxslər zərər görməsin. Biz oo insanların qarşısında duran silahlı strukturlara qarşı mübarizə apardıq. Bir evin belə zərər görməsinə icazə vermədik. Biz hər şeyi etdik ki, insanlar qorxmasın, narahat olmasın. Buna görə heç kim bizi günahlandıra bilməz".