"Paşinyanın devrilməsinə imkan verməyək" - Nürəddin İsmayıl

Nurəddin İsmayıl

Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı ermənilərin bütün arzusunu gözündə qoydu və xam xəyallarını puç etdi. Bu əməliyyatın başlanmasının əsas səbəbinin dünənə qədər Qarabağ ərazisində mövcudluğunu qeyri-qanuni şəkildə davam etdirən erməni silahlı birləşmələrinin dinc əhalimizə qarşı törətdiyi hərbi təxribatlar, separatçı rejimin mina qurğuları yerləşdirərək polis əməkdaşlarımızın qətlə yetirilməsi faktı ilə bağlı olduğu artıq hər kəsə bəlli. Azərbaycan əsgəri aldığı ali əmrlə, 24 saat tamam olmadan bu düyün nöqtəsini bir dəfəlik kəsib atdı və erməni köçünün startını verdi.

Ordumuzun məharətlə, hərbi ustalıqla, mülki əhaliyə xətər gətirmədən apardığı lokal antiterror əməliyyatı, hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hərbi uğur və diplomatik masada dövlətimizin əlini möhkəmləndirən, beynəlxalq aləmdə siyasi iradəsini təsdiq edən fakt göstəricisi idi. 44 günlük zəfərlə başa çatan İkinci Vətən müharibəsinin şanlı tarixinə yeni hərbi uğurun möhürünü vuran 24 saatlıq bu döyüş Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzinə çevrilməklə, Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin də yeni başlanğıc nöqtəsi oldu.

Qələbəmizi həzm etməyən erməni havadarları yenidən beynəlxalq kürsülərdən Azərbaycan əleyhinə məkrli kampaniyalar başlatdı. Fransanın təşəbbüsü əsasında çağırılan BMT sessiyasında, ordumuzun apardığı antiterror əməliyyatına Azərbaycanın doğal haqqı kimi deyil, Qarabağda yaşayan erməni azlığına qarşı “etnik təmizləmə” əməliyyatı donu geydirməyə cəhd etdilər. Avropa İttifaqı da bu müzakirələri başqa formatda davam etdimək fikrinə düşdü. Lakin bu uğursuz cəhdlər Azərbaycan diplomatiyasının gördüyü önləyici tədbirlərlə neytrallaşdırıldı.

Artıq nə Qərb, nə də ermənilərin Qarabağda qalmasına maraqlı olan Rusiya başlanan erməni köçünün qarşısını almaq gücündə deyil. Əməlli başlı panika yaşanır. Yaşadığı yerləri niyə tərk etdiklərini, üz tutduqları yerlərdə necə qarşılanacaqlarını ayırd edə bilməyən sadə erməni vətəndaşları məhz indi əsiri olduğu separatçı rejimin iyrənc, korrupsioner, öz soydaşlarının qatili olduğunu anlamağa başlayıb.

Tarixin ironiyasına bax. 1988-ci ildən soydaşlarımızı amansız şəkildə, uşağa, qocaya, qadına, xəstəyə baxmadan köçə zorlayanlar, onları ata-baba yurdundan didərgin salanlar bu gün eyni aqibəti yaşayır. Əlbəttə, köç zamanı soydaşlarımıza tətbiq edilən erməni vəhşiliyindən fərqli olaraq onlar rahat şəkildə, heç bir maneə törədilmədən, zor tətbiq edilmədən istədikləri istiqamətdə hərəkət edə bilir.

Dünya Azərbaycan əsgərinin sivil vətəndaşlarla mədəni rəftarının, onlara yardım edilməsinin, xəstələrinə tibbi yardım göstərilməsinin canlı şahidi olur. Haqlı qisas hissi mədəni davranışla əvəzlənib. Mülki əhaliyə öz yerlərində qalması, yaşaması üçün ən ideal variantlar təklif edilir. Amma həm Ermənistan rəhbərliyi, həm də Qərb hamiləri çiyinlərində ağır yükə çevrilən, onların dövlət olaraq inkişafını ləngidən Qarabağ iddiasından geri çəkilməyi məqbul hesab edib.

Hər şeydən öncə Paşinyanın Qarabağ münaqişəsinin onları Rusiyanın əlində alətə çevirdiyini düzgün dərk etməsi onu Rusiya caynağından qopmaq üçün real addımlar atmağa sövq etdi. Özündən əvvəlki xuntanın qoyub getdiyi bu yükdən xilas olmaq yollarını aramağa başladı və sonda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qəti qərara gəldi. Bu baxımdan onun addımları təqdir edilməli, Azərbaycan və Türkiyə Rusiyanın Paşinyanı devirmək planlarının qarşını almaq üçün səy göstərməlidir.

İndi qarşıda dövlətimizi görəcəyi mühüm addımlar gözləyir. Dövlət strukturları tədricən formalaşmalı, əhalimizin yenidən məskunlaşması üçün təmizləmə işləri aparmalı, qalan yerli əhalinin reinteqrasiyası üçün onları sakitləşdirən, əmin-amanlığını təmin edən tədbirlərini davam etdirməlidir. Eyni zamanda xarici siyasət sferasında ölkənin mənafeyinin qorunması, nüfuzunun artması, Qarabağ kartından yararlanmaq istəyən qüvvələrə yerinin göstərilməsi üçün diplomatik gedişlərini sürətləndirməlidir.

Azərbaycanın Naxçıvanla quru əlaqələrinin bərpa olunmasında mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması üçün bütün addımlar atılmalıdır.

Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz uğurları siyasilərimiz diplomatik yollarla masada davam etdirməlidir.

Azpolitika.info

Share on Facebook