Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb.
Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”.
“Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”.
Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”.
Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq.
Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.