İran dünyanı zəhərləyən 10 ölkədən biridir

İran istixana və kükürd qazları istehsalına görə dünyanın ilk 10 ölkəsindən biri hesab edilir. Sozcu.az xəbər verir ki, bunu İranın təbii sərvətlər və ətraf mühit üzrə eksperti Mustafa Nuri deyib. "İqlim dəyişikliyi konvensiyasına üzv olan İran öz ekoloji vəziyyətini tənzimləmək üçün tədbirlər görməyə borcludur", - ekspert qeyd edib.

Viktor Yuşşenko: “Ukrayna qələbə qazanacaq"

“Ukrayna sonda qələbə qazanacaq. Bunun üçün bir neçə amilin olması vacibdir, onlardan biri də yekdillikdir. Biz Putinin də bundan qorxduğunu bilirik”. Bu fikirləri Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ukraynanın bütün suveren torpaqları geri qaytarılmalıdır: “Ukrayna əsgəri və ukraynalılar da bunu deyirlər”. /Report/

Mayın 1-dən quru sərhədlər açılacaq? - Mühüm açıqlama

Dünya ölkələrində koronavirusla bağlı məhdudiyyətlər getdikcə aradan qaldırılır. Qətər hökuməti də koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib. Sozcu.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb. Dünyada koronavirusa yoluxanların sayının kəskin azalması, müxətlif ölkələrdə karantinlə bağlı qadağaların ləğv edilməsi Azərbaycanda da karantin rejiminin ləğvini gündəmə gətirib. Əslində ölkədə koronavirusla bağlı qadağalar içində əsasən quru sərhədlərin açılması daha çox müzakirə olunur. Belə olan halda may ayının 1-dən ölkədə quru sərhədlərin açılma ehtimalı da yaranıb. Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramova müraciət etdik və sərhədlərin yaxın gələcəkdə açılma ehtimalı ilə bağlı fikirlərini öyrəndik. Deputat BAKU.WS-ə bildirib ki, əksər ölkələrdə mərhələli şəkildə koronavirusla bağlı qadağalar aradan qaldırılıb: "Azərbaycanda da COVID-19-la bağlı qadağaların ləğvi mərhələli şəkildə təklif olunub. Ən çox müzakirə olunan məsələlərdən biri quru sərdədlərin açılması ilə bağlıdır. Biz mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edirik. Qarşıda turizm mövsümü gəlir və Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür. Bu isə turizmin inkişafı baxımından vacibdir. Eyni zamanda vətəndaşlarımızın qonşu ölkələrə daha asan və az xərclə getməsi də önəmlidir. Quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu məsələdə təkcə bizim ölkə deyil, sərhəd qonşularımızdakı epidemioloji vəziyyət də nəzərə alınır. Operativ Qərargahın mövcud vəziyyəti nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərlə bağlı qərar qəbul etməsini məqbul sayıram". 

Minaya düşən şəxsin ayağı amputasiya edildi

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib. Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib. ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Rusiya son beş ayda 7,5 milyardlıq raket atıb

Ukraynaya bugünkü raket hücumu Rusiya ordusuna 438-581 milyon dollara başa gəlib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, 2022-ci ilin oktyabrın 10-dan başlayaraq Rusiya Ukraynaya 821 müxtəlif tipli raketlər atıb. Atılan raketlərin ümumi məbləği 7.5 milyard dollar təşkil edir. Qeyd edək ki, martın 9-da Rusiya Ukraynaya müxtəlif tipli 81 raket atıb.

Gürcüstanda etirazlara səbəb olan layihə geri çağırıldı

Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir. “Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq. Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır. Mustafa Hacıbəyli 

İrana gedən azərbaycanlı gənc itkin düşdü

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərli İranda itkin düşüb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə məlumat verib. O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb. Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb: “5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.

Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi qaydası dəyişib

Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.

Bu təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib. Sozcu.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

İranda azərbaycanlı körpəyə adının türk olduğuna görə sənəd verilmir

İran Qeydiyyat İdarəsi azərbaycanlı Almilaya adının türkcə olduğuna görə kimlik vəsiqəsi verməkdən imtina edir. Güney Azərbaycanın Makı şəhərindən olan Almila 5 aylıq olmasına baxmayaraq doğum şəhadətnamə ala bilmir. Almilanın valideynlərinin dediyinə görə, İranın Qeydiyyat İdarəsi türkcə "Qızıl alma" anlamında olan türkcə adın yabançı olduğunu bəhanə edərək sənəd verməkdən boyun qaçırır. Körpənin doğum şəhadətnaməsi olmadığı üçün o tibbi xidmətlərdən istifadə edə , peyvənd oluna bilmir. Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.  İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Xankəndidə gecə müəmması: divardakı sözləri Azərbaycan kəşfiyyatçıları yazıb?

Xankəndidə separatçı-terrorçu rejimi narahat edən müəmmalı hadisə baş verib. Sozcu.az xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda silahlı instidentdən bir həftə əvvəl gecə saatlarında müəmmalı şəxslər kilsənin divarlarına yaşıl boya ilə yazılar yazıb. Səhər separatçılar yazıları tələsik siliblər, lakin qeydlərin Araik Arutyunyanın verdiyi “vədlər” ilə bağlı olduğu deyilir. Arutyunyan separatçı rejimin “başçısı” olanda kilsənin yanında çıxış edib və erməni əhalisinə vədlər verib. Müəmmalı şəxslər də kilsənin divarlarına Araikin unutduğu vədləri yazıb. Bu hadisənin Xankəndidə erməni əhalisi arasında Azərbaycana inteqrasiya etmək istəyənlərin olduğu faktının gündəmə gəldiyi vaxt baş verməsi separatçılarda suallar yaradıb. Onlar anlamağa çalışırlar ki, bunu erməni əhalisi arasında kimlərsə edib, yoxsa Azərbaycan kəşfiyyatçıları?! Hər iki versiya mümkündür. Bakıya üz tutmaq istəyən, lakin təzyiqlərə görə bunu açıq ifadə etməkdən çəkinən ermənilər separatçılara bu yolla etiraz edə bilər. Həmçinin, Azərbaycan kəşfiyyatçılarının öz suveren ərazisində bu addımı atması, separatçılara “vədlərini yerinə yetirməyənlər erməni əhalisinin təmsilçisi ola bilməz” mesajı verdiyi də istisna deyil./Publika.az

Pioli: "1/4 finala layiqik"

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Tottenhem"lə heç-heçədən (0:0, ilk matç - 1:0)) sonra komandasının  1/4 finala yüksəlməsini şərh edib. Sozcu.az xəbər verir ki, o deyib: “Biz əla oyun nümayiş etdirdik və bu görüşdə qol vura bilərdik. İki oyunu necə keçirdiyimizi nəzərə alsaq, 1/4 finala layiqik. “Milan” bunu addım-addım atmalıdır. Əvvəlcə keçən il bacarmadığımız qrupdan çıxmaq, sonra 1/8 finala yüksəlmək vacib idi. İndi püşkatmanı gözləyirik və yenə bütün gücümüzü çempionata sərf edəcəyik". Mütəxəssis bildirib ki, Çempionlar Liqasında oynamaq "Milan" üçün çox vacibdir: "Bu, bizim səylərimizin mükafatıdır. Ya Çempionlar Liqasının qalibi olmalıyıq, ya da ölkə çempionatını ilk 4-lükdə bitirməliyik. Ona görə də dərhal çempionat haqqında düşünməliyik”.

Acun yayılan xəbərləri yalanladı

"TV 8"in rəhbəri Acun Ilıcalı beşinci övladı olacağı haqda çıxan xəbərlərə münasibət bildirib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yayılan məlumatların doğru olmadığını açıqlayıb. Acun sevgilisi Ayça Çağla Altunkayanın şayiələrə görə pis olduğunu da vurğulayıb. Qeyd edək ki, Acunun müxtəlif evliliklərdən 4 qız övladı var.

Türkiyə yenə silkələndi: Bu dəfə Bursa...

Türkiyənin Bursa vilayətində zəlzələ olub.  Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Karacabey rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib. Zəlzələnin episentri Mərmərə dənizində olub.  Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Vatsapda bu da mümkün olacaq

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır. Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Tezliklə mesencerdə səsli statuslar yerləşdirmək üçün funksiya işə salınacaq. Bununla yanaşı statuslara emojilərlə də cavab vermək mümkün olacaq.

Qabarlar insan həyatı üçün TƏHLÜKƏDİR

Ayaq altında yaxud barmaqlarda yaranan sulu və quru kalluslarla (el arasında qabar kimi tanıdığımız) həyatımızda çox rastlaşırıq. Çox zaman onun sağalması üçün heç nə etmirik. Düşünürük ki ,öz - özünə keçib gedəcək. Lakin öz - özünə keçməyən kalluslar var ki, müalicəsiz sağalmır. Daha betəri bu kalluslar ayaq ətrafını bürüyür və xoşagəlməz yaralar peyda olur. Həmçinin sağlamlığımız üçün də təhlükəlidir. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, həkim dermatoloq - kosmetoloq, trixoloq, trixoloq Tatyana Yeqorova kallusların yaratdığı problemlərdən danışıb. Əgər o, iltihablanırsa və yenidən diqqətsiz qalırsa, hətta sepsisə səbəb ola bilər. Kallusun iltihabını tanımaq o qədər də çətin deyil - bu, qızartı, ağrı, şişlik və pulsasiya daxil olmaqla bir sıra əlamətlərdir. Bəzən irin hətta sərbəst buraxıla bilər. Bəzən bildiyimiz sulu və ya quru kallusdan başqa, bərk şəkilli,içərisi tikanlı və irinli kalluslar var ki, onu xüsusi yapışqan dərmanlarla müalicə edirlər. Zamanında müalicə olunmazsa bunun qarşısını almaq çətin olur.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 82,66 dollara, yüngül neftin bir barreli isə 76,64 dollara təklif olunur.

Bakıda bir ailənin 3 üzvü dəm qazından öldü

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Bravo"dakı insidentlə bağlı 3 nəfər həbs edildi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sozcu.az sözügedən məlumatı təqdim edir: "Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Sumqayıtda avtobusla yük maşını toqquşdu: 15 nəfər...

10:48 Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və DAF markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib. Bu barədə tibb mərkəzindən məlumat verilib. Qeyd olunub ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29 BA 586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi DAF markalı, 99 GJ 323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Əliyev sülh müqaviləsindən danışdı: Beş prinsip...

İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.

Ərdoğanın təşəbbüsünə Zelenski nöqtə qoydu

Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyimi təsəvvür edə bilmirəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiya prezidenti ilə ünsiyyət üçün belə hallar yoxdur. Çünki o, sözünün üstündə durmur. Bizim ona heç bir etimadımız yoxdur”, - Zelenski bildirib. O qeyd edib ki, diplomatik vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsini təmin etmək lazımdır. Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Putin və Zelenskini apreldə istanbulda görüşdürmək istədiyi barədə məlumat yayılıb.

379-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 379-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 156 120 hərbçi, 3441 ədəd tank, 6736 ədəd zirehli döyüş maşını, 2465 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 254 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5331 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 237 xüsusi avadanlıq itirib.

Rəsmi Bakıdan Ermənistana cavab

Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İlər Nazirliyindən bildirlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır. Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir. Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir. Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.