Sumqayıtda avtobusla yük maşını toqquşdu: 15 nəfər...

10:48

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və DAF markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib.

Bu barədə tibb mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29 BA 586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi DAF markalı, 99 GJ 323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook