İranın bir çox şəhəri ilə eyni vaxtda İran Azərbaycanının müxtəlif şəhərlərində qız məktəblərinə zəhərləyici qazla hücum olub.
Martın 5-də İran Azərbaycanının şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb. İran şəhərlərində qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb.
İran mediasında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.Təbrizin qız məktəblərində şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər dərc olunub.
Dünən Şərqi Azərbaycanın təcili yardım şöbəsinin müdiri, doktor Cəfəri Ruhi 37 şagirddə zəhərlənmə əlamətlərinin müşahidə edildiyini və bunların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığnı bildirib.
Onun sözlərinə görə, martın 5-də səhər saat 10:30-a kimi 37 təbrizli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Urmiyənin 2-ci bölgəsinin Təhsil İdarəsinin rəhbəri həmin şəhərdə bir məslək məktəbininin 11 tələbəsi və bir əməkdaşının zəhərləndiyini bildirib.
Həmçinin Urmiyədə Universitet tələbələri olan qızların yataqxanasında 29 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Ərdəbil vilayətinin şəhərlərindən olan Germi şəhərinin meri də bu şəhərin qız məktəblərində zəhərlənmə baş verdiyini bildirib. O deyib ki, 3 məktəbdə şagirdlər və məktəb işçiləri boğazda yanma və halsızlıq hissi ilə qarşılaşıblar. Bu rəsminin sözlərinə görə, şəhərdə 37 şagird və 3 müəllim zəhərlənib.
Zəncanda da qız məktəblərinə zəhərli qazla hücum olub. Zəncan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbülfəzl Rəfii "İlkin araşdırmaya görə, Zəncan şəhərindəki qız liseylərindən birinin 28 şagirdi tənəffüs yollarından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini" açıqlayıb.
Sosial mediada bəzi xəbər kanalları Şərqi Azərbaycan vilayətinin Şəbistər və Əcəbşir şəhərlərində də zəhərlənmə xəbərləri verir, lakin İranın rəsmi xəbər saytları bununla bağlı hələ ki, məlumat dərc etməyib.
Bəziləri ölkədə qız məktəblərinə və təhsil mərkəzlərinə edilən bu geniş kimyəvi hücumu "minillikçilik" ideyalara inanan ekstremist qruplaşmalarla əlaqələndirirlər.
İran İslam Respublikası prezidenti İbrahim Rəisi cümə günü ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində "düşmənlərin" işi olduğunu kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq etdiyini açıqlamışdı.
Lakin ölkə miqyasında əməliyyatlar apara bilən xarici qüvvənin məktəbli qızları zəhərləməkdə məqsədi aydın deyil.
Həmçinin İran parlamentarilərindən birinin dediyinə görə, məktəblərdə N2 qazı aşkarlanıb.
Məsih Deneşvari Xəstəxanasının Reanimasiya şöbəsinin mütəxəssisi Məhəmməd Rza Haşimiyan "Hammihan" qəzetinə müsahibəsində "tələbələri zəhərləmək üçün istifadə edilən qazların bir neçə qazın və kimyəvi maddəninbirləşməsindən düzəldilib və adi insanların onları əldə etməsi mümkün deyil -deyə, bildirib.