Belarusdan gətirilən 20 tonluq kartof yararsız çıxdı

Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Belarus Respublikasından Famura RS MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, Turas MM MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

“WhatsApp” "Windows"da tamamilə dəyişdi

"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram təqdim edib. Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər. "Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil analoquna bənzədib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan istifadə etməyə davam edə bilərsiniz. Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur. Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib. "WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

İlkay "Barselona" ilə razılığa gəldi

"Barselona" "Mançester Siti"ninyarımmüdafiəçisi İlkay Gündoğanla yayda azad agent kimi müqavilə imzalamaq barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə insayder Jerar Romero məlumat verib. Mançester təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatacaq türkəsilli alman yarımmüdafiəçi bir müddətdir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzindədir. Lakin “Barselona”nın maliyyə feyr-pleyində problem yaşadığını nəzərə alsaq, klub Gündoğana transferinin qeydə alınacağına zəmanət verə bilməz. Kataloniya klubu İlkayla müqaviləyə "Barsa"nın onu qeydiyyatdan keçirməyəcəyi təqdirdə icarəyə verə biləcəyi barədə bənd daxil etməyi təklif edir.

Özcan Dənizə silahla hücum olundu

Məşhur müğənni Özcan Dəniz hücuma məruz qalıb. Müğənninin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib. Özcan Dəniz avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib. Ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı istintaqa cəlb olunublar. Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.//Azxeber.com

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanunun 6.6-cı bəndinin yeni redaksiyada verilməsi təklif olunur. Dəyişikliklə müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya hamin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qanunun hazırda qüvvədə olan 6.6-cı bəndi isə belədir: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir".

Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...

Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışır ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Ermənistanın tanınmış jurnalisti və müstəqil siyasi analitiki kimi tanınan Tatul Akopyan qəsbkar ölkənin ictimai televiziyasında aparıcı Petros Kazaryana müsahibəsində "vəziyyətdən çıxmağın mümkün variantı" və Qarabağdakı ermənilərin  "yaşamaq hüquqlarını təmin etmək üçün" onların Ermənistanın digər bölgələrinə   köçürülməsini təklif edib. Moderator.az xəbər verir ki, bu haqda politoloq Hayk Martirosyan özünün "Facebook" səhifəsində məlumat yayıb. Aparıcı T.Akopyana ermənilərin Ermənistana köçürüləcəyi təqdirdə Azərbaycanın Süniki(Zəngəzurun ermənicə adlanan bir hissəsi)  heç bir problemsiz götürəcəyini söyləsə də, o, cavab verib ki,  Ermənistanın qalan hissəsi ilə nə edəcəyimizi də müzakirə etmək mümkündür. "Və İctimai TV-də camaat bunu izləyir. Tatul Akopyan isə yalnlz erməni kimi deyil, həm də jurnalist, erməni diasporunun zəngin nümayəndələri tərəfindən qəbul edilən, dinlənilən, hörmət edilən bir insan kimi qəbul olunmaqda davam edir. Bu bizim sifətimizdir. Bu bizik..."- erməni politoloq belə yazıb. P.S. Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışırlar ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Sultan Laçın

Fazil Mustafanı kim güllələyib? - DİN açıqlama VERDİ

Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı silahlı hücum baş verib. Hücum zamanı millət vəkili çiyin və ayaq nahiyyəsindən 2 güllə yarası alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Referans.az-a açıqlama verib. Elşad Hacıyev hadisə ilə bağlı axtarışın davam etdiyini bildirib. “Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.

İsraildə səfirliyimizin açılması... - Bayramov

Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib: “Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir”. C.Bayramov eyni zamanda qeyd edib ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icması mühüm rola malikdir: “Bundan başqa, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir”. Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.

Fazil Mustafa güllələnməsindən danışdı - "Möcüzə oldu”

Ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib. Sozcu.az xəbər verir ki, F.Mustafa jurnalist Eynulla Fətullayevlə telefon danışığı zamanı hadisənin necə baş verdiyini açıqlayıb: "Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb, qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım". F.Mustafanın sözlərinə görə, sonra qapını bağlayaraq, təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə E.Koen Tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Güneyli müəllimlər etiraz aksiyaları keçirdilər

Martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Sozcu.az xəbər verir ki, aksiyalar Təhsil Nazirliyinin idarələri qarşısında keçirilib. İdarələrin qarşısına toplaşan azərbaycanlı müəllimlər əmək haqlarının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qanunla nəzərdə tutulmuş başqa hüquqlarının tapdalanmasına etiraz ediblər. Təbrizli müəllimlər Təhsil Nazirliyinin qarşısına "Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır" məzmunlu banner asıblar.

İrəvandan Putinə xəbərdarlıq edildi: Ölkəyə gəlsə...

Rusiya Prezidenti Vladimir Putin ölkəyə gələrsə, Ermənistan onu həbs etməli olacaq. Sozcu.az xəbər verir ki, bunu erməni deputat Qagik Melkonyan deyib. Onun sözlərinə görə, Roma Statusu ratifikasiya olunarsa, İrəvan bunu etməli olacaq: “İrəvana səfər edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı həbs oluna bilər”.

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib. AMB-dən Sozcu.az-a verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb. "Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.

Rusiya bombardmançısı Ukraynada məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-24M bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Su-24M Baxmut istiqamətində vurulub.

Şok: Bayden Netanyahunu istefaya çağırdı

Ümid edirəm ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkədəki etirazlar fonunda istefa verəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Hazırda hüquqi inqilab ətrafındakı vəziyyət məni dərindən narahat edir. İsrail bu yolla davam edə bilməz və mən bunu artıq vurğulamışam”, - Bayden bildirib. ABŞ Prezidenti qeyd edib ki, Netanyahu məhkəmə islahatlarından imtina etməyənə qədər onu Vaşinqtona dəvət etməyəcək. Netanyahu isə öz növbəsində ABŞ-ı İsrailin daxili işlərinə qarışmamağa çağırıb.

İsrail XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir. “Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - deyə nazir qeyd edib.

Lerikdə sərnişin maşından yıxılıb öldü

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb. O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb. P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Göyçayda məmur kürəkəninə idarənin önündə obyekt tikdirir

Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Regional İdarəsinin rəisi Elçin İsmayılov rəhbəri olduğu qurumun qarşısında kürəkəninə obyükt tikdirir. Reportyor.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, Göyçay rayon İcra Hakimiyyətinin bu qanunsuz tikilinin qarşısını alacağına ümid edir.

Fazil Mustafanın maşını bu hala düşüb - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı “Kalaşnikov” avtomatından istifadə edilərək terror aktı törədilib. Hadisə zamanı deputatın avtomobilinə də ziyan dəyib. Hadisə yerindən maşının fotosunu təqdim edirik:/Qafqazinfo  Fotoları təqdim edirik

Çeçenistanda polis idarəsinə hücum - Video

Çeçenistanda naməlum şəxslər polis idarəsinə hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Gürcüstanda qasırğa ölümlə nəticələnib

Axşam saatlarında Gürcüstanın bir sıra qərb bölgələrində qasırğa fəsadlara səbəb olub. Sozcu.az xəbər verir ki, Acarıstan Muxtar Respublikasının Batumi, Ozurgeti, Kabuleti və digər bölgələrində güclü külək nəticəsində evlərin və binaların dam örtüyünə ziyan dəyib, parklarda və mərkəzi küçələrdə ağaclar aşaraq hərəkətə maneə yaradıb. Kobuleti rayonunda minik maşınının üzərinə ağacın aşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Batumidə isə şüşənin piyadaların üzərinə tökülməsi nəticəsində aralarında azyaşlı da olmaqla üç nəfər xəsarət alıb. Məlumata görə, güclü küləyin Batuminin bir sıra mərkəzi yollarında ağacları aşırması nəticəsində avtomobillərin hərəkətində maneələr yaranıb, elektrik enerjisinin tədarükündə kəsintilər baş verib. Bundan başqa şəhərin əsas stadionunun yaxınlığında yerləşən avtomobil dayanacağında metal konstruksiya avtomobillərin üzərinə aşıb. Külək səbəbilə Batumidə onlarla təcili yardım çağırışının edildiyi, yanğınsöndürən və xilasedicilərin səfərbər edildiyi bildirilib.apa

İsveçin NATO-ya üzvlük prosesi müharibədən öncə başlayıb

İsveçin Şimali Atlantika Alyansına cəlb edilməsi Ukraynadakı xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin “İsveçin uçuruma doğru addımı” başlığı altında dərc olunan məqaləsində bildirilib. "Hamıya məlumdur ki, ölkə NATO-ya cəlb olunmağa Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatından xeyli əvvəl başlayıb. Formal səbəb ortaya çıxanda ölkəmizə qarşı qorxu yarandı. Nəticə Vaşinqtonun əmri gəldi: "Müstəqil olmaqdan əl çək, bizim üçün Şimali Avropa NATO-nun Rusiyaya qarşı yeni cəbhəsi olmalıdır", - məqalədə qeyd olunub.

Bu təşkilat İranla bağlı hesabat yaydı: Repressiyalar…

Tehran rejimi son qiyam zamanı xalqa qarşı dəhşətli repressiyalara əl atıb, etirazçıları susdurmaq üçün döyüş silahlarından istifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yaydığı son hesabatda bildirilib. Bu hesabatda həmçinin İranın etirazları ilə bağlı BMT-nin İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinin yaradılmasından məmnunluq ifadə edilib.

DTX-dən terror aktı ilə bağlı məlumat...

Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilir. Bildirilib ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.