Cənubi Koreyanın aparıcı müxalif Demokratik Partiyasının lideri Li Çje Myunq Pusan şəhərinə səfəri zamanı hücuma məruz qalıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib. Onun əməliyyat olunacağı bildirilib.
Siyasətçinin boyun damarlarının bıçaqlı hücum zamanı zədələndiyi güman edilir.
Şahidlərin sözlərinə görə, özünü siyasətçinin tərəfdarlarından biri kimi təqdim edən şübhəli şəxs ondan avtoqraf almaq üçün yaxınlaşıb, daha sonra təxminən 20-30 santimetr uzunluğunda naməlum silahla ona hücum edib. Hücum edən şəxs hadisə yerində yaxalanıb.
Koreya Respublikasının Prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.