Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması günlərdir ki, ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla bağlı ötən gün “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Belə ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması öz təsdiqini tapıb. Cütlük arasında 20 yaş fərqinin olması, eləcə də azyaşlının hələ yeniyetmə çağına yeni daxil olması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçib və azyaşlının özündən 20 yaş böyük kişi ilə izdivacı ərtələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəsmisi Nizam Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:
“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.