“Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu, eləcə də Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaq gərəkdir...”
“Milli Ordumuzun son günlər həm Şuşa-Laçın və Xankəndinə gedən yollar ətrafında, həm də Laçın rayonunun sərhəd kəndləri olan Zabux və Cağazur kəndləri arasındakı ərazilərdə keçirdiyi əməliyyatlar alqışlanmalıdır. Yadınızdadırsa, ötən söhbətlərimizdə dəfələrlə demişdik ki, Şuşa, eləcə də Laçın şəhərlərinin təhlükəsizliklərinin tam təmin olunması üçün ətrafdakı bütün yaşayış məntəqələri, xüsusən də yüksəkliklər nəzarətə götürülməlidir. İndi çox şükürlər ki, bu istiqamətdə ordumuz uğurlu addımlar atmağa başlayıb”.
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
“Sarıbaba, onun yaxınlığındakı 2054 yüksəkliyi həm Laçından Şuşaya gedən əsas avtomobil yoluna, həm də Turşsu qəsəbəsi istiqamətindən, yaxud Zarıslıdan Xankəndinə gedən ermənilər üçün “alternativ” silah-sursat daşıma marşrutu olan torpaq yollara nəzarət etmək üçün strateji əhəmiyyətə malikdirlər. Lakin bundan sonra Şuşa ətrafındakı digər yüksəklik və məntəqələri də tədricən nəzarətə götürmək vacibdir. Həmçinin Gorus istiqamətində ermənilərin Qarabağa gedib-gəldiyi alternativ Laçın yoluna da nəzarət etmək baxımından Zabux və Cağazur yaxınlığındakı keçmiş sərhəd postlarımızın geri alınması da əhəmiyyətli uğurdur. Əbəs yerə deməyiblər ki, yüksəkliklər kimin əlindədirsə, qalibiyyət də onun tərəfindədir”- deyə davamında keçmiş nazir bildirib.
“Amma əldə edilən uğurlarla arxayınlaşmaq olmaz. Bundan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri, əvvəllər də vurğuladığımız kimi, Laçın yolunun başlanğıcında, yəni Həkəri çayının üstündəki körpü üzərindən keçən sərhəd ərazidə Rusiya “sülhməramlı”larının postunun yaxınlığında sərhəd, gömrük və s. nəzarət-buraxılış məntəqələrimizin qurulmasıdır. Yalnız bundan sonra deyə bilərik ki, biz Qarabağa gedib-gələn yola nəzarət edirik. Çünki ermənilər əgər sərhədimizdən “sülhməramlı”ların “nəzarəti”ndən silah-sursat, yaxud canlı qüvvəni keçirə biləcəklərsə, onu nə yolla olursa-olsun, Qarabağa çatdırmağa çalışacaqlar. Biz tutduğumuz yüksəkliklərdən də bunun qarşısını tam şəkildə ala bilməyəcəyik. Düzdür, artıq 4 aya yaxındır ki, Laçın-Şuşa-Xankəndi yolunda fasiləsiz aksiya keçirən eko-fəallar da dolayısıyla həmin yoldan keçən yüklərə, sərnişinlərə nəzarət edirlər. Ordumuz da, daxili qoşunlarımız da və s.həmin yola çox yaxındadırlar. Yəqin ki, ermənilər, yaxud ruslar risk edib oradan silah-sursat keçirməzlər. Amma əvəzində axı onların Xankəndinə gedən digər “alternativ” torpaq yolları, cığırları var. Yəni bunlar məsələnin tam həlli deyil... Bir sözlə, bütün deyilənləri, eləcə də Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu və Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaqla, nə yolla olursa-olsun, Laçın yolundakı sərhəddə nəzarət-keçid postlarımızı qurmalıyıq. Ümidvaram ki, belə də olacaqdır və bütün baş verənlər bizi növbəti qələbələrə, həmçinin Xankəndi və digər ərazilərimizin tam yurisdiksiyamıza qaytarılmasına aparır”- deyə general-mayor vurğulayıb.