Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir.
Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib.
“Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır!”- deyə Hacıyev vurğulayıb.