Bir neçə gün əvvəl loqopedlə bağlı sosial şəbəkələrdə yayılan video insanların qınağına səbəb olmuşdu. Videoda sözügedən şəxs uşaqla çox kobud davranaraq onu qorxutmuşdu. Bu hallarla bağlı bir neçə dəfə görüntülər gündəmə çevrilib. Bəs valideynlər uşaqlarına loqopedə etibar etməzdən öncə nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bir sıra nüansları açıqlayıb.
O qeyd edib ki, valideynlər loqopedlərin hər sözünə inanıb, bu cür davranışları normal qəbul etməməlidirlər:
“Uşaqlarla bağlı peşələrdə xüsusilə psixoloji və stresə qarşı dayanıqlılıq çox vacibdir. Ümumiyyətlə insan faktoru olan sahələrdə bu cəhətlərin olması mütləqdir. Əgər loqoped peşəsində çalışmaq istəyirsənsə, bu işi sevməlisən. Sevməsən, burada çalışa bilmərsən. Hər şeydən öncə loqoped peşəsi çox böyük psixoloji səbr tələb edən sahədir. Çalışdığın peşəni sevsən, bu işin mütəxəssisi olursan. Mütəxəssis olduqda isə kimə necə davranmaq lazım olduğunu bilirsən”.
Psixoloq bildirib ki, hər uşağın psixologiyası fərqlidir:
“Loqoped uşaqlara eyni yanaşmamalıdır. Çünki onlar müxtəlif olduğu kimi, hər uşaq üçün nəzərdə tutulan terapiya üsulu da fərqlidir. Valideyn övladını kimə əmanət etdiyini bilməlidir. Valideynlərə başqa bir tövsiyəm isə ucuza qaçmamaqdır. Bunun da bir sıra səbəbləri var. Loqoped peşəsi öz üzərində işləməyi tələb edir. Həmin peşəyə yiyələnənlər çox sayda kurslara, təlimlərə qoşulur. Bunların hamısı maddiyatla birbaşa bağlıdır. Seansları ucuz olan dırnaqarası mütəxəsislərin isə uşaqlara faydası olmur. Bu artıq yaşanan neçənci hadisədir. Bütün vaxtını canlı yayım açmağa sərf edən şəxsin nə kimi faydası ola bilər?
Bu müəssisələrdə kamera nəzarəti olmalıdır. Valideynlər övladlarını kameradan izləyib, loqoped deyə seçdikləri şəxsin uşağa necə davranmasına fikir verməlidirlər. Yoxsa təkcə qiymətin ucuz olmasına görə loqoped seçmək doğru deyil”.
F.Mehmanqızı bu peşədə çalışanların dırnaqlarına diqqət yetirmək lazım olduğunu da vurğulayıb:
“Loqopedlər ağız masajı edir. Bu səbəbdən onların əlləri təmiz və səliqəli olmalıdır. Həmin videoya diqqət yetirsəz, o qızın dırnaqlarının uzun olduğunu görə bilərsiniz. Dırnaqların uzun olması uşağın ağız nahiyəsi üçün olduqca təhlükəli haldı. Bu həm onu yaralayıb, incidə, həm də orqanizminə zərərli mikrobakteriyaların düşməsinə səbəb ola bilər”.