Ağsu rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarlarının icrasını həyata keçirmir.
Sozcu.az xəbər verir ki, bu barədə Bakupost.az -a zərərçəkmiş Rəşad Cəbrayılovun vəkili Azər Tağıyev məlumat verib.
Onun sözlərinə görə, Ağsu Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Ömərov Sübhan Osman oğlundan 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Rəşad Cəbrayılov Tələt oğluna ödənilməsi qət edib:
“Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyib və qətnamə icraya yönəldilib. Qətnamənin icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Artıq bir neçə ay müddətdir ki, borclu Sübhan Ömərov barəsində bir sıra icra tədbirləri yerinə yetirilsə də, o, bu günə kimi qətnamənin icrası üçün heç bir addım atmayıb, qətnaməni qərəzli olaraq icra etməkdən yayınır.
Ağsu rayon İcra və Probasiya Şöbəsi ona görə də borclu Sübhan Ömərovun barəsində cinayət işi başlanması üçün icra sənədlərini bir neçə ay əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. Lakin, hazırda nə qətnamə icra olunmayıb və bizə icra işinin hansı vəziyyətdə olması barədə məlumat vedrilməyib”.
Vəkil bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, yeni zamanda Şəki Apelyasiya Məhkəməsinin sədri Nuru Quliyevə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb.
Məlumata görə, dələduzluq yolu ilə 14800 manatı mənimsəmiş Sübhan Ömərov Ağsuda öz biznesi ilə məşğuldur.
Məsələ ilə bağlı Ağsu rayon İcra və Probasiya Şöbəsinin mövqeyini yayımlayacağıq.