“Hər kəs öz yolunu özü seçir deyə, demək olmaz ki, sənətçilərimiz niyə Türkiyədəki kimi siyasətə qatılıb öz namizədliklərini irəli sürmürlər. Vaxtında Zeynəb Xanlarova da deputat olub və parlamentdə oturub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış ifaçı Akif İslamzadə deyib.
O, Azərbaycanda parlament seçkiləri ərəfəsində sənətçilərin siyasətə qarışmamasından və öz namizədliklərini irəli sürməməsindən söz açıb.
Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Türkiyənin bir sıra incəsənət xadimləri millət vəkili olmaq üçün öz namizədliklərini irəli sürüblər.
“O ki qaldı mənə, mən birincisi, yaşıma görə istəmirəm, ikincisi də lap cavan olsaydım belə, gedib orada oturmaq mənə vaxt öldürmək kimi gəlir. Əksinə, daha səmərəli işlə məşğul olardım.
Çıxın, şəhərə sorğu aparın. Əgər qohumu, qonşusu və kəndlisi deyilsə, soruşduğunuz deputatların çoxunun adını bilməyəcəklər. Görün, kimsə tanıyacaq?!”, – müğənni etiraz edib.
“Biz hələ sənətçilərin siyasətə qatılmağından söz açırıq. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyində məni – Akif İslamzadəni tanımadılar. Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz?
Qısası, mənə görə, parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə, orada oturmağın mənası yoxdur”, – əlavə edib.
A. İslamzadə söyləyib ki, nəinki Azərbaycanda, hətta dünyada tənəzzül gedir:
“Siyasətlə məşğul olanların özlərinə diqqətlə fikir verin. Hamısının kompleksi var. Məsələn, Makron danışanda əzilib-büzülür, Bayden danışığını bilmir, sovet dönəmi liderləri də eynilə. Baydendən əvvəl olan prezident Tramp da deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır. Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bunların hamısı dünyanın özünün mənəviyyatsız və əxlaqsız olmasının göstəricisidir
Biz Nuh peyğəmbərin dövründə bu halla qarşılaşdıq, bir də ki indi. Nuh peyğəmbərin dövründə rəbbimiz su ilə bizi imtahana çəkdi, indi də odla. Amma bəşər özünü doğrultmur”.