NATO-nun mobil təlim qrupu Azərbaycana gəldi

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub. Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Sozcu.az xəbər verir ki, A.Bağırovun dünyaya gəlməsindən 77 il ötür. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. 1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb. 1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. 1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda da torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü il fevralın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb. 1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də düşməndən azad edilib. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər. Şəhidin qızları - Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıdaraq atalarının məzarı önündə hərbi salam veriblər.

"Ukrayna daha çox uğur qazanacaq"

Ukrayna daha çox uğur qazanacaq. Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə müsahibəsində bildirib. NATO-nun baş katibi Yens Stoltenberq təmas qrupunun Ramşteyn aviabazasında keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna daha çox ərazini azad etmək üçün əks-hücum anını gözləyir. Stoltenberq əlavə edib ki, Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur əldə etmək bacarığından xəbərdardır. O qeyd edib ki, buna digər şeylərlə yanaşı, Qərbin inanılmaz dəstəyi də kömək edir. Bundan əvvəl Kiyevə səfərindən sonra Stoltenberq bildirib ki, alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.

Ermənilər Qarabağa yenə silah daşıyır - Yeni video

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub. "Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır", - məlumatda bildirilib.

Bir peykimiz sıradan çıxdı: İsrail ikisini verir

İsrailin müdafiə şirkətlərindən biri Azərbaycana iki peyk satacaq. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Zman.co.il” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, sövdələşmə yaxın vaxtlarda baş tutacaq, sazişin ümumi məbləğinin 120 milyon dollar civarında olacağı gözlənilir.

Vətənə getmək üçün ziyalı çobanlara yalvarır

Kənd Təsərrüfatı Nazirliyinin yaz mövsümünü açıq elan etməsi ilə  işğaldan azad olunan dağ rayonlarına fermerlərin qeydiyyatına başlanılıb. 30 ildir ki, doğma yurdundan didərgin düşən bu rayonların sakinləri isə müxtəlif vasitələrlə ata yurdlarını görməyə cəhd edir. Ancaq bir çox hallarda bunun qarşısı yarandığından haqlı narazılıq baş qaldırır. Gununsesi.info-nun xəbərinə görə, Kəlbəcərdən olan şair Elşən Əzim də mövcud durumla bağlı narazılığını ifadə edib. O, bildirir: Kəlbəcərə getmək üçün gərək ən azı 200 qoyunun və ya 40 pətək arın ola. Qəribə tendensiya yaranıb. Ziyalı çobana yalvarır ki, məni dola qoyunlarının başına, özünə çoban götür, gedim vətəni görüm. Bir sanballı ağsaqqllal gənc arıçıya boğaz çəkir ki, sən o milçəklərinin əziz canı, məni özünə körüktutan götür, son nəfəsimdə vətəni görüm. Görəsən, bu rəzil qayda-qanun hansı beyinin məhsuludur? Mən də bir təklif verim: 200 qoyunu və ya 40 qutu milçəyi olmayan adamların oğlunu əsgər aparmasınlar.

Ağsuda bayram namazı qılınıb - Foto

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra dualar oxunub.

Allah tutduğunuz orucları qəbul etsin! - Britaniya səfiri

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Ramazan bayramı ilə bağlı təbrik yazıb. Sozcu.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib. "Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah tutduğunuz orucları qəbul etsin!", - o qeyd edib.

Müsəlmanların səxavəti məni heyran etdi - Bayden

ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Sozcu.az xəbər verir ki, ABŞ mətbuatı Baydenin təbrik məktubunu dərc edib. “Həyat yoldaşım Cill və mən mübarək Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə ölkədəki və dünyanın bütün müsəlman icmalarını ən xoş arzularımızla təbrik edirik. Müsəlmanların ehtiyacı olanlara yemək və sədəqə paylamaqda səxavət göstərmələri bizi xüsusilə heyran etdi”, - təbrikdə deyilir. Bayden bütün dünya müsəlmanlarını ədalətli dünya qurmaq uğrunda daha fəal iş görməyə çağırıb.

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 185 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib. Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib. Belə ki, Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, son 25 gün ərzində Kiyevə ilk hücum olub. Paytaxta hücum zamanı itki və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb. Eyni zamanda, Ukrayanın Poltava vilayətində mülki infrastrukturlara hücum nəticəsində yanğın baş verib. Burada isə itki və dağıntının olmadığı bildirilib. Baş Qərargahın məlumatında vurğulanıb ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 668 tank, 7 083 zirehli maşın, 2 394 operativ-taktiki PUA, 2 827 artilleriya sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 713 avtomobil və tanker, 911 qanadlı raket, 18 gəmi və kater, 334 xüsusi texnikadan ibarətdir.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Sozcu.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları ucuzlaşaraq, 85.29 ABŞ dolları təşkil edib.

Qaxda 58 yaşlı qadın intihar edib

Qaxda 58 yaşlı qadın intihar edib. Sozcu.az-ın məlumatına görə, hadisə ötən gün axşam saat 19 radələrində rayonun Güllük kəndində baş verib. Kənd sakini 58 yaşlı Rübabə Məmmədovanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı R. Məmmədovanın intihar etdiyi məlum olub. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.apa

"Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır"

Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində deyib. “Ukraynanın müdafiəsi – bu gün Kiyevdə NATO rəhbəri Yens Stoltenberqlə danışıqlar məhz buna həsr olunub. Qaydalar əsasında bütün beynəlxalq asayişin qorunması. Biz Ramştayn görüşünə hazırlaşırıq və cənab Stoltenberqin mövqeyi vacibdir. Biz cəbhədə fəal hərəkətlərimizə hazırlaşırıq, bunlar qaçılmazdır”, - o vurğulayıb. Prezident həmçinin əlavə edib ki, Ukrayna NATO-nun Vilnüsdə yayda keçiriləcək sammitinə hazırlaşır. Onun sözlərinə görə, Ukrayna alyansa müraciətinin təmin olunması üçün hər şeyi edib.

20 günlük şirkət 80 minlik tenderi necə udur? – MÜƏMMA

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 79 min 84 manat 60 qəpik olan tender müsabiqəsinin qalibi “Lord333” MMC (VÖEN- 1406329811) olub. “Lord333” MMC Şəhər Nümayəndəliyinin sifarişilə Göygöl şəhərində 86 ədəd küçə işıqlandırma sisteminin təmiri və yenilərinin quraşdırılması işlərini həyata keçirəcək. Nizamnamə kapitalı 10 manat olan “Lord333” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 MKR, ev 23, m. 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Əli Məhəmməd oğludur. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Lord333” MMC tender müsabiqəsinin başlamasından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi 22.02.2023-cü il tarixində başlayıb, tenderin qalibi olan “Lord333” MMC isə 01.02.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Cəmi 20 gün əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (işıqlandırma sisteminin təmiri və quraşdırılması) qalib olması başa düşülən deyil. “Lord333” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 80 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

“Allah Ukraynaya azadlıq bəxş edəcək”

“Müqəddər Ramazan Bayramı səy göstərdiyimiz sülhə, hamımızın irəlilədiyi qələbəyə layiqdir”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. "Bu gün müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. İkinci dəfədir ki, şər dövlətinin (Rusiya-red) Ukraynaya, xalqımıza, bütün cəmiyyətə qarşı genişmiqyaslı təcavüzü zamanı başa çatır", - o deyib. Prezidentin sözlərinə görə, müqəddəs Ramazan bayramı tamam başqa şərtlərə layiqdir. “İnanıram ki, Allah Ukraynaya bütün ərazilərimiz və bütün xalqımız üçün azadlıq bəxş edəcək. Bütün müsəlmanlarımıza və dünya müsəlmanlarına dinc bir bayram arzulayıram!", - Ukrayna lideri əlavə edib.

"Təzə Pir" məscidində də bayram namazı qılındı

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə "Təzə Pir" məscidində bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Putinin planı baş tutmadı, Avropa donmadı...

Kreml Ukraynaya hərbi müdaxilə planlaşdırarkən hesab edirdi ki, neft və qaz “məngənəsində” olan Avropa Ukraynaya yardım göstərməyəcək və Rusiyaya sanksiya tətbiq etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb. “Bu plan işləməyəndə Putin bazarda təxribat törətmək və siyasi qeyri-sabitliyə səbəb olmaq üçün Avropaya qaz tədarükünü kəskin şəkildə azaltdı. Bununla belə, bir neçə ay ərzində Avropa tədricən Rusiya enerji daşıyıcılarını əvəz edə bildi. Qışın əvvəlində məlum oldu ki, Avropa artıq Rusiyadan asılı deyil və onun qazı və nefti olmadan donmayacaq”, - deyə bildirilib.

Bakıda bayram namazı qılındı

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb. Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

"Putin həbsinə verilən orderdən əməlli-başlı qorxuya düşüb..."

Rusiya diktatoru həbsinə order veriləndən sonra ehtiyat tədbirləri görüb... Rusiya diktatoru Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun həbsinə order verilməsindən əməlli başlı qorxuya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Strateji Kommunikasiyalar Mərkəzi məlumat verib. Məlumatı "unian.net" nəşri yayıb. Qeyd edilir ki, son zamanlar müxtəlif "qeyri-rəsmi səbəblərdən" Türkiyə Cümhuriyyəti və Cənubi Afrika Respublikasına Putinin əvvəlcədən anons edilən iki səfəri pozulub. "Cənubi Afrika Respublikası ilə vəziyyətlə bağlı hər şey aydındır. Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır və Rusiya prezidentini həbs etməyə borcludur. Amma Türkiyə Cümhuriyyəti Roma Nizamnaməsini qəbul etməyib. Lakin Kreml özünü sığortalamaq qərarına gəlib", - Strateji Kommunikasiyalar Mərkəzi məlumat verib. Bu, Putinin öz həbsinə verilən orderdən qorxduğunun tək əlaməti deyil. Belə ki, aprelin 18-də Rusiya Dövlət Dumasının təcili surətdə qəbul etdiyi qərara uyğun olaraq rusiyalılar Beynəlxalq Cinayət Məhkəməsinə Putinin tutulmasında yardıma görə 5 il müddətinə həbs cəzasına məhkum ediləcək. "Bütün bunlar onu göstərir ki, Putin həbs olunmasından çox qorxur və həqiqətən bunu gerçək təhlükə kimi qəbul edir", - Strateji Kommunikasıyalar Mərkəzi bəyan edir. Putinin həbsinə order Xəbər verildiyi kimi, martın ortalarında Beynəlxalq Cinayət Məhkəməsi prezident Vladimir Putinin və Rusiyanın uşaq ombudsmanının həbsinə order verib. Hər ikisi ukraynalı uşaqların kütləvi şəkildə oğurlanmasında şübhəli bilinib. Rusiya bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları onun üçün heç bir əhəmiyyət kəsb etmir, çünki Rusiya Federasiyası Roma Nizamnaməsinin iştirakçısı deyil. Lakin Putinin həbsinə verilən orderi Nizamnaməni imzalamış digər ölkələr, o cümlədən Cənubi Afrika Respublikası icra etməlidir.

Rusiyanın 160 milyonluq S-400-ü aşdı - Video

Rusiyanın Tula vilayəti yaxınlığında, M2-Krım magistralının Prudnoye kəndindən keçən hissəsində S-400 zenit-raket kompleksi (ZRK) yol kənarına aşıb. Sozcu.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb. Təxminən 160 milyon dollar dəyərində olan S-400-ün səhər saatlarında qəzaya uğradığı bildirilib. Məlumata görə, kompleks 8 texnikadan ibarət kortejlə birlikdə hərəkət etsə də, sonradan geri qalıb. İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Nəticədə sürücü qolunu sındırıb, lakin ciddi xəsarət almayıb.

"Müraciətim kifayət etmirsə, desinlər, əfv yazmağa, kommunikasiyaya hazıram"

Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha iki ay – iyunun 28-nə qədər uzadılıb. Sozcu.az "Meydan TV"yə istinadla xəbər verir ki, aprelin 20-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar qəbul edib. Qapalı keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin özü də iştirak edib. Məhkəmədə Baş prokuror Kamran Əliyevin Bəxtiyar Hacıyevlə bağlı istintaq müddətinin uzadılmasına dair 19 aprel 2023-cü il tarixli qərarı təqdim olunub. Bəxtiyar Hacıyev və vəkili Baş prokurorun qərarına etiraz edib. Onlar bildirib ki, bu qərar yetərincə əsaslandırılmayıb. İstintaqın uzadılmasının səbəbləri məlum deyil, qərarda da bu haqda əsaslandırma əksini tapmayıb. Bəxtiyar Hacıyev onu da bildirib ki, həbsindən öncə kiməsə təsir göstərməyib, istintaqdan yayınmayıb, nə vaxt çağırılıbsa, həmişə gedib ifadə, izahat verib. Bundan sonra da nə təsir göstərmək, nə də yayınmaq niyyətindədir. “Mənim həbsdə saxlanma müddətimin uzadılması üçün göstərilən əsaslar absurddur”, – Bəxtiyar Hacıyev bildirib. O əlavə edib ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Bəxtiyar Hacıyev vurğulayıb ki, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır: “Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.

Azərbaycan bayrağını yandıran erməniyə QADAĞA

İrəvanda Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın dövlət strukturlarına girişi qadağan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti məlumat yayıb. Nəşr yazır ki, o, Ermənistan İctimai Televiziyasının ərazisinə və polis tərəfindən qorunan digər dövlət binalarına daxil ola bilməyəcək. Qeyd edək ki, Azərbaycanda Aram Nikolyan barəsində cinayət işi açılıb, onun saxlanılması üçün beynəlxalq axtarış elan edilib.

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Sozcu.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay 8 gün artırılıb. Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Erika Olson: ABŞ Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan danışıqlara dəstək verməyə daim hazırdır

Bölgədə sülh və sabitliyin bərqərar olunması əhəmiyyətlidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. O bildirib ki, bunun üçün sülh sazişinin imzalanması zəruridir. Olson ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.