Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

Sozcu.az xəbər verir ki, A.Bağırovun dünyaya gəlməsindən 77 il ötür.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.

1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb.

1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub.

Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda da torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub.

Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü il fevralın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb.

1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də düşməndən azad edilib. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər.

Şəhidin qızları - Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıdaraq atalarının məzarı önündə hərbi salam veriblər.

e9fe1b8aea8eb581f524eb2e18fbfce8.jpg

Share on Facebook