Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha iki ay – iyunun 28-nə qədər uzadılıb.
Sozcu.az "Meydan TV"yə istinadla xəbər verir ki, aprelin 20-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar qəbul edib. Qapalı keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin özü də iştirak edib.
Məhkəmədə Baş prokuror Kamran Əliyevin Bəxtiyar Hacıyevlə bağlı istintaq müddətinin uzadılmasına dair 19 aprel 2023-cü il tarixli qərarı təqdim olunub. Bəxtiyar Hacıyev və vəkili Baş prokurorun qərarına etiraz edib. Onlar bildirib ki, bu qərar yetərincə əsaslandırılmayıb. İstintaqın uzadılmasının səbəbləri məlum deyil, qərarda da bu haqda əsaslandırma əksini tapmayıb.
Bəxtiyar Hacıyev onu da bildirib ki, həbsindən öncə kiməsə təsir göstərməyib, istintaqdan yayınmayıb, nə vaxt çağırılıbsa, həmişə gedib ifadə, izahat verib. Bundan sonra da nə təsir göstərmək, nə də yayınmaq niyyətindədir.
“Mənim həbsdə saxlanma müddətimin uzadılması üçün göstərilən əsaslar absurddur”, – Bəxtiyar Hacıyev bildirib.
O əlavə edib ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Bəxtiyar Hacıyev vurğulayıb ki, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır:
“Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.