Neft qiymətləri yüksəlib

Avrozonada və ABŞ-da iqtisadi göstəricilərin açıqlanması ərəfəsində dünya bazarında neftin qiyməti artıb. “Brent” markalı neftin iyul füçersləri 0,45 % bahalaşaraq 75,56 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,44 % artaraq 1 bareli 71,42 ABŞ dolları təşkil edib. Neft bazarı qiymətlərə təsir edə biləcək bir sıra iqtisadi göstəricilərin açıqlanmasını gözləyir. Belə ki, bu gün “Eurostat” Avrozonada I rüb üzrə ÜDM-in həcmi ilə bağlı proqnozunu dərc edəcək. Bundan başqa, bu gün ABŞ-da aprel ayı üzrə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq. Analitiklər göstəricinin əvvəlki ayla müqayisədə dəyişməyəcəyini proqnozlaşdırırlar. 

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb. Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Həbsdə olan sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb. Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ağ Evdə İranla bağlı təcili brifinq keçiriləcək

Bu gün Ağ Ev ABŞ senatorları üçün İranla bağlı brifinq keçirəcək. Qeyd olunur ki, brifinqdə ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Tehrandan gələn təhdidlər və İranın nüvə sazişi üzrə danışıqların gedişi barədə məlumat verəcəklər. Brifinqdə ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kahl, ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini Morqan Myuir və digər yüksək səviyyəli hökumət rəsmiləri iştirak edəcəklər. Mənbə: Politico

Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi

Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və “Şahid” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib. Onun sözlərinə görə, 6 ədəd MiQ-31K təyyarələrindən 6 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, Qara dənizdən 9 ədəd “Kalibr” qanadlı raketi və 3 ədəd yerüstü bazalı (S-400, “İsgəndər”) raket atılıb. “Bütün raketlər Ukrayna Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.

Ceyhun Bayramov Borellə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə məlumat verib. Görüşdə Azərbaycan ilə AB arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib. Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.

Sinan Oğan “kimi dəstəkləyəcəksiniz” sualına cavab verdi

Türkiyədə prezidentliyə iddialı, “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan “kimi dəstəkləyəcəksiniz” sualına cavab verib.  Sozcu.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində bu barədə danışıb. “Məsləhətləşəcəyik. Bu gün həm “ATA İttifaqı”nın üzvlərini, həm də birlikdə fəaliyyət göstərdiyim yoldaşlarımı görüşə dəvət etdim. Bu gün hər iki tərəflə birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Bu məsləhətləşmələr davam edəcək və inşallah, ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ortaq ağlın qərarı olacaq”. 

Separatçıların “daxili işlər naziri” yaralandı

Luqansk separatçılarının “daxili işlər naziri” İqor Kornet yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Onun Luqanskdakı partlayışlar zamanı yaralandığı bildirilir. Kornet xəstəxanaya yerləşdirilib.

Türkiyədə seçkilər ikinci tura qaldı

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. “Ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib”, - Əhməd Yener bildirib.

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Türkiyədə prezident seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə prosesləri mayın 24-ü başlayacaq. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. İkinci tur 28 mayda keçiriləcək.

Kılıçdaroğlu: "Ayağa qalxıb bu seçkini alacağıq"

CHP lideri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu, "Mən dik duracağam. Baş verənlərlə bağlı dəqiq qərarlarımı söyləyəcəyəm. O zaman ayağa qalxıb bu seçkini birlikdə qazanacağıq" dedi. CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu sosial media hesabında paylaşım edib. "Hörmətli xalqım, biz dünəndən fasiləsiz işləyirik. Ümidsizliyə qapılmayın. dik duracam. Mən sizə baş verənlərlə bağlı aydın müşahidələrimi söyləyəcəyəm. O zaman biz ayağa qalxıb bu seçkini birlikdə keçirəcəyik. Hər şeyin sonunda millətimizin dediyi olacaq."

Havanın temperaturu mayın 14-də iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, mayın 15-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağır. Qar örtüyü Şahdağ, Xınalıqda 3 sm, Qrızda 2 sm olub. Düşən yağıntının miqdarı Hirkanda (Lənkəran) 95.0 mm (aylıq normanın 208%-i), Oğuzda 50.0 mm (aylıq normanın 48%-i), Astarada 43.0 mm (aylıq normanın 82%-i), Lənkəranda 41.0 mm (aylıq normanın 90%-i), Qəbələdə 37.0 mm (aylıq normanın 31%-i), Lerikdə 27.0 mm (aylıq normanın 38%-i), Zərdabda 20.0 mm (aylıq normanın 54%-i), Ordubad 19.0 mm (aylıq normanın 46%-i), İmişli 19.0 mm (aylıq normanın 57%-i), Beyləqanda 19.0 mm (aylıq normanın 49%-i), Kəlvəz, Yardımlıda 18.0 mm (aylıq normanın 29%-i), Göygöl, Cəfərxanda 16.0 mm (aylıq normanın 48%-i), Sabirabadda 15.0 mm (aylıq normanın 45%-i), Göytəpədə 14.0 mm, Biləsuvarda 14.0 mm (aylıq normanın 43%-i), Zaqatala, Qusar, Kürdəmirdə 13.0 mm (aylıq normanın 43%-i), Salyanda 12.0 mm, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10.0 mm-dək, Abşeron yarımadasının bəzi yerlərində 1.0 mm-dək olub. Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayit, Maştağada duman müşahidə olunub. Havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13°-dək isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-5° isti, yüksək dağlıq rayonlarda 3°-dək şaxta, aran rayonlarında 13°-dək isti olub.

ANAMA azad olunan ərazilərə səfər edən vətəndaşlara müraciət edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb. Sozcu.az xəbər verir ki, qurumun müraciətdə deyilir: "İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar. Belə ki, vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”.

Daşkəsənə qar yağdı

Daşkəsən rayonunda güclü küləkdən, intensiv dolu yağışlarından və sel-sullarının yaratdığı təbii fəlakətdən sonra mayın 14-ü axşam saatlarından başlayaraq rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb. Sozcu.az xəbər verir ki, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasındakı yollarda hərəkətə müəyyən problemlər yaradıb. Hazırda qabaqlayıcı tədbirlər görülür.

Avtobuslarda gediş haqqı artacaq? - Rəsmi AÇIQLAMA

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev “Trend”ə bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. “Bu məsələ hazırda müzakirə mövzusu deyil”, – deyə o qeyd edib. Qeyd edək ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib.

"İrəvan və Bakı bu tarixdə sülh müqaviləsi imzalaya bilər" - Akopyan

“İrəvan və Bakı iyunun 1-də sülh müqaviləsi imzalaya bilər”. Sozcu.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun uydurma “deputat”ı Metakse Akopyan erməni mediasına müsahibəsində deyib. “Bu gün biz Ağdərədəki Kaşen mədənini işlədə bilmirik, Ermənistanda “Zod” mədəni bir aya yaxındır bağlanıb. İki lider arasında görüşdən yaxşı heç nə gözləmək olmaz. Ancaq Ermənistan və Qarabağın ardıcıl güzəştləri ilə müşayiət olunacaq tez bir razılaşma gözləmək olar. Paşinyan və Əliyev artıq şifahi razılığa gəliblər. Sülh müqaviləsinin bağlanması hər dəqiqə gözlənilir. Müqavilənin imzalanma tarixi 1 iyun ola bilər. Orada isə Qarabağ məsələsi, ümumiyyətlə, müzakirə olunmur”, – deyə Akopyan bildirib. Onun sözlərinə görə, Qarabağda buna qarşı artıq qondarma “qurtuluş cəbhəsi” yaradılıb, “fəaliyyət planı” hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Lakin bu “cəbhə”yə qoşulmayanlar da var. “Ruben Vardanyan bu “proqram”ı “prezident”ə və digər “siyasi qüvvələr”ə təqdim edib. Təəssüf ki, istənilən məsələni təkbaşına həll edə biləcəklərinə inanan siyasi qüvvələr var. Bu intriqalarda Arayik Arutyunyan də iştirak edir. O, tərəf tutmamaq üçün hər iki tərəflə oynayır və bununla da Qarabağda təhlükəli vəziyyət yaradır. Çünki gündəmdə Samvel Babayan və ya digərlərinin təklif etdiyi ayıq qüvvələr və ziyalılar yoxdur. Ermənistan hakimiyyətinin maraqlarına xidmət edən siyasi qüvvələr var. Məqsədləri insanların fikrini yayındırmaq və parçalanmaya gətirib çıxarmaqdır”, – deyə Akopyan əlavə edib. O, Samvel Babayanın mitinqini “hakimiyyət”in zəifliyinin nəticəsi adlandırıb. “Bu o deməkdir ki, qüvvələr “qurtuluş cəbhəsi”nə qarşı fəaliyyət göstərir. Bu sübut edir ki, Nikol Paşinyan da Qarabağda bir neçə qüvvə ilə təmsil olunur. Onlar yüksək vəzifələr tutmağı və ya mövcudluqlarını sübut etməyi bacarıblar”, – Akopyan deyib. Xatırladaq ki, bu gün Samvel Babayan Xankəndidə mitinqə çağırış edib.

Ermənistan itkin düşmüş şəxslərin taleyi... - XİN

Ermənistan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyi sürətləndirməlidir. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti görüşə dair şərhində əksini tapıb. Bildirilib ki, görüş münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Vətən Müharibəsi şəhidinin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub.  O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero iyunun 1-də Azərbaycana səfər edəcək. Bu barədə Sozcu.az-a Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. Səfər çərçivəsində Kristina Lobillo Borrero Bakı Enerji Forumunda iştirak edəcək. Xatırladaq ki, Azərbaycan paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.

XİN-dən Brüssel görüşü barədə ilk açıqlama: Faydalı hesab edirik

"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşə dair şərhində əksini tapıb. İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir. Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.

İlham Əliyev və Paşinyan arasında daha 3 görüş gözlənilir

Ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, liderlər beşinci dəfə Brüsseldə bir araya gəliblər. Üçtərəfli danışıqlardan sonra Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, tərəflər Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi gözlənilir. Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır. İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəcək. "Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm", - Mişel deyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfləri görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib", - XİN-in məlumatında bildirilib.

Avropa Şurasının liderləri TOPLAŞIR

Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Şuranın saytında məlumat yayılıb. Bildirilir ki, toplantı İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür. Toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq. İclasda, həmçinin ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir. İclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.

Sabunçuda əməliyyat - 92 nəfər SAXLANILDI

Sabunçuda aprelin 1-dən bu günə qədər keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və üzərində odlu silah saxlayan daha 92 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 91 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, bu ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum molunmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov da saxlanılılıb. Onun üzərindən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub. Rafiq Bağıro odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Qeyd edilən faktla bağlı arşadırmalar davam etdirilir.

Britaniya Ukraynaya 200 km mənzilli zərbə PUA-ları verir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak mayın 15-də Londonun Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi və yeni uzaqmənzilli hücum PUA-ları verəcəyini elan edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb. Bildirilib ki, yeni hərbi yardım paketində 200 km mənzilə malik yüzlərlə zərbə PUA-ları yer alacaq. “Bu silahlar yaxın aylarda Ukraynaya tədarük olunacaq”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Ukrayna lideri Zelenski bu gün Londona səfər edəcək.