“Hakimin “Bayer 04”lə oyunun nəticəsinə təsiri olmadı”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis Leverkuzendəki qarşılaşmanın 62-ci dəqiqəsində ağdamlıların müdafiəçisi Elvin Cəfərquliyevin qırmızı vərəqə aldığı epizodu dəyərləndirib. Keçmiş kapitanın fikrincə, matçın ingiltərəli baş hakim Entoni Teylor qərarına haqlı idi: “Qırmızı vərəqə epizodu elə idi ki, bu cür situasiyalarda qərarı baş hakimin öhdəliyinə buraxırlar. Yəni qırmızı vərəqə vermək də olar, verməmək də. Düzdür, rəqib hücumçu qapıçımızla təkbətək çıxa bilərdi. Çünki digər müdafiəçimizin ona çatıb-çatmayacağını demək çətindir. Məncə, hakimi bu qərarına görə tənqid etmək olmaz. Düşünmürəm ki, referi qərəzli idi. Çünki qırmızı vərəqədən əvvəl bir epizodda “Qarabağ”ın cərimə meydanı daxilində Elvin Cəfərquliyevin rəqibin oyunçusunun ayağına toxunuşu var idi və yerli komanda penalti tələb etdi. Ancaq hakim əks qərar verməklə qərəzli olmadığını göstərdi”.
1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Aslan Kərimov “BayArena”dakı matçda meydan sahiblərinin bəxtinin gətirmədiyini hesab edir: “Bayer 04”dən bu cür oyun gözlənilən idi. İlk 20 dəqiqədə həddən artıq böyük təzyiq etdilər, komandamıza cəhənnəm yaşatdılar. Bu dönəmdə də 5-6 qol imkanı yaratdılar. “Qarabağ” isə ötürmə qrafikini düzəldə bilmirdi. Bundan başqa, “Bayer 04” həm heyətdə, həm də sistemdə dəyişiklik etmişdi. Bəlkə də, “Qarabağ” bunu gözləmirdi. Bütün bunlara baxmayaraq, birinci hissəni qolsuz bərabərliklə bitirə bildik. İkinci hissədə də ssenari dəyişmirdi. Ancaq “Qarabağ” ilk təhlükəli hücumda hesabı açdı. Almanlar şokda idilər. Həmin dəqiqələrdə topa sahib olub hücuma keçmək istəyirdik ki, arxa xətdə yaranan boşluq qırmızı vərəqəyə yol açdı”.
Mütəxəssis “Bayer 04”ün son dəqiqələrdə qollar vurmasına da münasibət bildirib: “Etiraf edək ki, oyunboyu “Bayer 04” üstün çıxış etdi, qat-qat yaxşı oynadı. “Qarabağ”ın üç qol imkanı oldu, onun ikisində fərqləndi. Buraxdığımız hər üç qol cinah asmasından sonra vuruldu. Buna görə kimisə günahlandıra bilmərəm. Təbii ki, xırda səhvlər var idi. Ancaq buna görə oyunçuları tənqid etməyin yeri yoxdur. Çünki “Bayer 04” yüksək təzyiqlə oynayırdı və nə vaxtsa qol vuracaqdı. Bu komanda tam başqa səviyyədədir. Oyundan əvvəl belə bir nəticə olacağına heç kim inanmazdı. Buna görə də məyus olmaq lazım deyil”.
Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.